• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Füzuli və Anar - ədəbiyyat diktaturası

Füzuli və Anar - ədəbiyyat diktaturası

Adam Ərdoğana belə bir ad qoydu: "postmodern diktator". Deməli, dünya diktatorlardan və diktaturadan heç vaxt xilas ola bilməyəcək. Biz bu diktatorları, deyəsən, çox gözümçıxdıya salmışıq. Mənim anlamımda "diktator" nə deməkdir? İndi onu sizə, el dilində izah etməyə çalışacağam.


O gün Qızılağac qoruğunun bir işçisi deyir ki, biz bura ceyranlarla yanaşı canavar da buraxmışıq. Doğrudan da, söz kişinin ağzından çıxar-çıxmaz bir neçə canavarın bir sürü ceyranı Salyanın yulğunlu düzəngahında ora-bura qovaladığını gördük. Soruşdum ki: "A kişi, ceyranla canavarı "evləndirmək" nə deməkdir, bu günah deyilmi? Dedi, qardaş, canavarı bilirsən nə üçün buraxmışıq? Dedim, yox. Dedi, xəstə ceyranları yemək üçün. Yəni canavar olmasa, "ceyran" deyilən məxluqatın halı qalıb Allaha.

Bu mənada həqiqi diktatorlar haqlıdır; onlar cəmiyyətin xəstələrini yeməklə məşğuldurlar, zəhmət çək, xəstə olma. Düzdür, dünyada həqiqi diktatorları yamsılayan, balaca və girdirmə diktatorlar da çoxdu, necə ki, it istəyir eyni növdən olduğu canavarı yamsılasın. Gecələr canavar kimi ulayır, həyətdə toyuq-cücəni ürküdür və s.

Həqiqi diktatorlar dünyanın gələcəyini, girdirmə diktatorlar keçmişini düşünürlər. Bu, təkcə siyasətdə deyil, ədəbiyyatda da belədir. Məsələn, bizim AYB sədri Anar siyasətdə oğlunu, yəni gələcəyini, ədəbiyyatda atasını, yəni keçmişini düşünür. Anar abi bu mənada fenomendir. Onun tay-tuşu Vaqif Səmədoğlu isə nə gələcəyi, nə də keçmişi düşünür. Vaqif əfəndi üçün gələcək də, keçmiş də indidir, bu gündür. Eynən Sartrın dediyi kimi. "Bu gün!" – məsələ bundadır.

Hitleri öz qarabasmaları ilə zinhara gətirmiş cadugər Messinq birtəhər, eynən Nazim Hikmət kimi SSRİ-yə qaçmalı olur və Stalinə sığınır. Stalin bir gün ondan soruşur ki, səncə, mən tarixdə necə qalacağam? Messinq deyir: "Siz kəndli-rəncbər ölkəsi olan Rusiyadan, atom ölkəsi olan Rusiya yaratdınız, tarixə görə niyə narahatsınız?".

Bəyəm bu gün Putin Stalinin tör-töküntülərini yemirmi, bəyəm bu gün bütün sovet məkanında hər addımbaşı bir Stalinlə qarşılaşmırıqmı?

İndi keçək türklərə; bütün türklər 2-ci Mehmetin 1453-cü ildə Bizansın paytaxtı Konstontinopolu almağı ilə fəxr edir, amma Stalinin, yaxud Hitlerin İkinici Dünya müharibəsində xeyli insan qırğını törətdiklərinə ağız büzürlər. Bəyəm Mehmet İstanbulu təkbaşına, qansız-qadasız, müqavilə yoluyla almışdı? Belə çıxır ki, türklərin başqalarını öldürmək haqqı var, başqalarının isə türkü öldürmək haqqı yoxdu.

Stalinin, Hitlerin, Ərdoğanın gəncliyində çəkdiyi zümləri bizim hər hansı birimiz çəksək, nəinki diktator, hətta Əzrayıl olarıq.

Füzuli bəyəm Azərbaycan ədəbiyyatının diktatoru deyil? Rəhmətlik, sadəcə, hökmdar olmadığı üçün bizi cismən deyil, ruhən öldürür. Füzulinin oxucuları ruhən meyitlərdir, şair beş yüz ildir ruhani qətliamla məşğuldur - mənim fikrim budur. Füzuli bu "canlı ölüləri" kütləvi qırğın silahı ilə məhv edib; xəbərləri də yoxdur ki, ölüblər, arvad alırlar, şeir yazırlar, doğub-törəyirlər bu ölülər.

Füzulini oxuyub ölməyibsənsə, deməli, sənə zaval yoxdu.

Əşi, bu, uzun söhbətdir, təqribən, it gəldi, örkən apardı məsələsi kimi bir şeydi. Gəlin sizə özümüz haqqında bir pritça danışım:
- Bir gün bir ilan kərtənkələyə rast gəlir və soruşur:
- Sən də ilansan?
Kərtənkələ cavab verir:
- Yox, mən kərtənkələyəm, mənim ayaqlarım var.
İlan soruşur:
-Onda bəs nə üçün sürünürsən?
Kərtənkələ:
- Sürünürəm ki, görən olmasın.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR