Nekroloq
Bizi izləyin

Qırmızı.az

Nekroloq

Martın 14-də səhər tezdən qəfil bir telefon zəngi bütün Yusifsevərlər kimi məni də sarsıtdı.


Zəng edən Yusifin böyük oğlu Səid idi. "Çingiz əmi, ata rəhmətə getdi".

Sadəcə içimdən "vaay" deyə, bir hayqırtı qopdu və dizlərimi qucaqlayaraq yerə oturdum.

Bir neçə dəqiqə ərzində kövrəlmiş gözlərimi bərk-bərk yumaraq Yusiflə bağlı bəzi xatirələrim kino lenti kimi gözlərimin önündən keçirdim.

Məlum 20 Yanvar 1990-cı il hadisələrindən sonra Bakı şəhər məhkəməsində hakim işləməsinə baxmayaraq etiraz əlaməti olaraq partiya biletindən imtina edərək partiya sıralarından çıxmasını, Ədliyyə Nazirliyinin rəhbərliyinin yeddi ay davam edən təkidli tələblərinə baxmayaraq partya biletini geri götürməməsini (həmin dövrlərdə mən də Ədliyyə Nazirliyində işləyirdim, partbiletdən imtina etmişdim və Yusifin üzləşdiyi təzyiqlərlə mən də üzləşirdim) və buna görə də hakimlikdən çıxarılmasını xatırladım.

Bundan sonra Milli Azadlıq Hərəkatına qoşulmasını və AXC-nin Hüquq şöbəsinin müdiri işləməsini, həm 20 yanvarda, həm də ondan sonralar həbs edilmiş Milli Azadlıq Hərəkatının bəzi liderlərinin və sıravi üzvlərinə məhkəmələrdə vəkillik etməsini xatırladım.

AXC-də işləyərkən təcrübəli bir hüquqşünas kimi hər kəsə məsləhətlər, tövsiyələr verməsini xatırladım. Yusifin hamı tərəfindən qəbul edilən şəxs olduğunu bir daha xatırladım.

Daha sonra 1992-ci ilin əvvəllərindən AXC-nin namizədi kimi mən Mərkəzi Seçki Komissiyasının sədr müavini, Yusif isə katibi kimi birgə işlədiyimiz dövrləri xatırladım.

AXC hakimiyyətə gələndən sonra mənim təklifimlə Yusifin Baş Prokurorun kadr məsələləri üzrə müavini vəzifəsinə irəli çəkilməsinə Yusifin razılıq verməməsini xatırladım.

Çox çətinliklə də olsa onu Ticarət Sənaye Palatasına sədr təyin olunmasına razılıq verməsini xatırladım.
Ona Əməkdar hüquqşünas adı veriləndə ən çox sevinən dostları bizlər olduq. O özü isə çox sakitliklə qarşıladı bu xəbəri.
Hər hansı təltiflərin, dövlət adlarının verilməsinin tərəfdarı olmayan Yusif, hətta məclislərdə dostları tərəfindən ona xoş sözlər, barəsində sağlıqlar deyilməsinə şərait yaratmamasını, sadə bir insan olduğunu xatırladım.

Yusifin zahirən nə qədər sadə olsa da, daxilən bir o qədər zəngin, qiymətli bir ürək sahibi olduğunu xatırladım. Yusif hər zaman hamının qayğısını çəkər, çətinliyə düşən dostlarını arayıb tapar, ürək-dirək verər, köməyini təklif edərdi.

Gözümün önünə gələndə ki artıq məclislərimizin, süfrələrimizin başında Yusif cismani yox, xəyallarda iştirak edəcək qəhər məni boğurdu. Lakin səsimi boğaraq bu qəfil ağır xəbəri evdəkilərə dərhal deməyə cürət etmədən sakitcə evdən çıxaraq artıq özü yox, ruhu bizi qarşılayan Yusifgilə gəldim. Bu xəbəri eşidən dostların hamısı Yusifin yaşadığı evin həyətinə, onun yas mərasimi üçün qurulmuş çadıra toplaşmışdı. Hərə bir xatirə danışır, onu yad edir, amma rəhmət sözünü heç kim dilinə gətirə bilmirdi.

Yusifin nəşi hələ evdəydi. Hələ torpağa tapşırılmamışdı. Onun ölümünə heç kim inanmır, bu xəbərlə razılaşa bilmirdi.
Birdən həyətdə o baş bu başa vurnuxan, bizə zahirən Yusifi xatırladan Səidin 10 yaşlı oğlu balaca Yusif diqqətimizi cəlb etdi. Sən demə fevralda, cəmi 22 gün bundan öncə babasının peygəmbər yaşını- 62 yaşını ilk olaraq təbrik edən balaca Yusif hələ nə baş verdiyini dərk etmir, bizlərin arasından babasını, Yusifi axtarırdı. Gündə 15-20 dəfə babasına zəng vuran balaca Yusif, bu gün nədənsə babasının telefona cavab verməməsinin səbəbini anlaya bilmir, gözləri ilə hər yerdə onu axtarırdı.

Biz Yusifi son mənzilə apararkən bir məlumatı da öyrəndik.
Həmişə gəzməyi, xaricə səfərləri çox sevən Yusif bu dəfə uzaq Brazilyaya getmək üçün viza almış, bilet sifariş veribmiş. Ancaq bu səfər Yusifin qismətində deyilmiş...

Bu dəfə o özü getmir, onu ailəsi, əzizləri, dostları ürək ağrısı və göz yaşları içində Xırdalan məzarlığındakı son mənzilinə aparırdılar. Son mənzilə gedən yolun, hətta Uzaq Braziliyadan da uzaq olduğunun şahidi olduq bu gün...
Bu gün biz dostlarımızın ən dəyərlisini, vətən isə övladlarının ən layiqlilərindən birini itirdi.
Qəlbimdə sadəcə bir təskinlik vardı... Yusif onu sevənlərin, dostlarının qəlbində əbədi olaraq yaşayacaqdır.

Ruhun şad, qəbrin nurla dolsun Yusif!
Başın sağ olsun Vətən!

Yusif Hacıyevin dostları adından Çingiz Qənizadə

Millət vəkili

Oxumağa davam et
Reklam
Reklam

Gündəm