• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mobil telefonlar Azərbaycana hansı təhlükəni gətirir?

Mobil telefonlar Azərbaycana hansı təhlükəni gətirir?

Son illər bütün dünya bazarlarında, o cümlədən Azərbaycan bazarında olduqca böyük sayda mobil telefonlar, smartfonlar və başqa qurğular var və bunların əksəriyyətini Çində istehsal olunan qurğular təşkil edir. Bu telefonların istismarı onların insan sağlamlığına təsirinin yoxlanılmasını tələb edir. Bunun üçün isə müvafiq laboratoriyanın olması lazımdır, çünki belə laboratoriya olmadan telefon aparatlarının keyfiyyətinin operativ şəkildə yoxlanılması mümkün deyil. Hələlik Azərbaycanda belə laboratoriya yoxdur, lakin yaxın vaxtlarda yaranacağı gözlənilir.

Azərbaycanda xüsusi laboratoriyanın yaradılması ölkədə istifadə olunan telekommunikasiya və teleradio yayım avadanlıqlarının, eləcə də telefon aparatlarının yoxlanılmasına imkan verərdi. Uyğunluq sertifikatı avadanlıq və ya qurğular tələb olunan göstəricilərə uyğun gəlmədiyi halda verilə bilməz və bu halda onların ölkəyə idxalı mümkün deyil.

İnsanları elektromaqnit dalğalarının sağlamlığa təsiri getdikcə daha tez-tez narahat edir. Lakin bir məsələ aydındır ki, müasir dünyada insana çoxlu sayda zərərli şüalar təsir edir və mobil telefonların burada rolunun müəyyən edilməsi çətin olur.

Mobil telefon istehsalçılarına qarşı qurğuların elektromaqnit təsirlərinin səviyyəsinin azaldılması üzrə getdikcə daha çox tələblər irəli sürülür. Müasir mobil telefonların (məşhur istehsalçıların) böyük əksəriyyəti tələb olunan normalara uyğundur və onların qurğuları insan sağlamlığına daha az təsirə malikdir. Bundan başqa, Azərbaycan bazarına düşməzdən əvvəl onlar qəbul edilmiş standartlara uyğunluq üzrə ilkin ekspertizadan keçirilir.

Naməlum (əsasən Çin) istehsalçıların qurğularına gəldikdə, məhz onlar hansısa standartlara cavab vermirlər. Təəssüf ki, bazar hələlik ölkəyə bu qurğuların qeyri-leqal idxalından kifayət qədər sığortalanmayıb və onlar dükanların vitrinlərinə qaçaqmalçılıq yolu ilə düşürlər. Hərçənd ki, bazarın mühafizəsi üzrə müəyyən tədbirlər görülür. Mobil telefonların IMEI kodlarının qeydiyyatı sistemini həmin tədbirlərdən biri kimi qeyd etmək olar. Hazırda Azərbaycanda kodların məlumat bazasında 14 milyona yaxın mobil qurğu qeydiyyata alınıb. Sistem işə başladığı andan etibarən (2013-cü il mayın 1-dən) operatorların şəbəkələrində tələb olunan keyfiyyət standartlarına cavab verməyən 120 min telefonun işi dayandırıldı.

IMEI kodların qeydiyyatı sistemi bazardan keyfiyyətsiz telefonların çıxarılmasına qadir olan səmərəli alətdir. Lakin bazar tənzimləyicisi (Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) istehlakçıların hüquqlarının pozulmamasından ötrü onların şəbəkədən çıxarılması üçün sərt tədbirlərə əl atmır. Və bu gün bazarda mövcud olan qurğular, əvvəllər olduğu kimi, "həyatlarına davam edirlər" və istifadə müddətləri başa çatdıqdan sonra bazarı tərk edəcəklər.

Hər şeyə rəğmən, belə telefonlardan istifadə edənlər bilməlidirlər ki, onlarda casus proqramları yerləşdirilə bilər, həmin qurğular şüalanma təhlükəsizliyi normalarına cavab verməyə bilərlər ki, bu da sağlamlığa pis təsir edir. Həmçinin, onlar müxtəlif tezliklərdə çalışa bilərlər ki, bu da digər tezliklərdə qurğuları sıradan çıxara bilər.

Elektromaqnit şüalanmasının insan sağlamlığına təsirinə qayıdaq. Şübhəsiz ki, bu gün istifadəçiləri maraqlandıran birinci dərəcəli problem mobil telefonlardır. Lakin elektromaqnit şüalanmasının mənbəyi olan baza stansiyalarını da unutmaq olmaz.

Bu stansiyaların elektromaqnit dalğalarının şüalanma səviyyəsi normalara cavab verməzsə, Azərbaycanda onların quraşdırılması və istifadəsi mümkün deyil. Bu proses Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin tam nəzarəti altındadır.

Stansiyalar istismara verilən kimi departament onların ekspertizasını aparır. Əgər ekspertizanın nəticələri qeyri-kafi olarsa və həmin gün müəyyən edilmiş normaların çərçivəsindən kənara çıxan hər hansı hadisə qeydə alınıbsa, müvafiq olaraq baza stansiyasının quraşdırılmasına heç cür icazə verilmir.

Bundan başqa, avadanlıqlar da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatlaşdırma prosedurundan keçirilir. Onlar idarənin laboratoriyasında təkrar sınaqdan keçirilir. Nazirliyin yekun rəyindən sonra telekommunikasiya avadanlıqlarının gətirilməsinə icazə verilir və digər istehlak qurğuları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilir. (Trend)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR