Prezident alimləri təbrik etdi
Bizi izləyin

Qırmızı.az

Prezident alimləri təbrik etdi

"Sivilizasiyaların qovuşuğunda yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri vardır. Xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynamış, mədəniyyətlərarası dialoqun qurulması, bəşər və dövr arasında mədəni-elmi varislik ənənələrinin qorunub saxlanması işinə misilsiz töhfələr vermişlər".

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına müraciətində deyib.


Müraciətdə deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan Alimlərinin I Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram! Milli Elmlər Akademiyasının, universitetlərin və digər elmi qurumların təşkili Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaratmışdır. Elm müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir.

Qurultayınız ölkəmizdə sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi istiqamətində quruculuq işlərinin müvəffəqiyyətlə aparıldığı dövrə təsadüf edir. İnanıram ki, bu ilk məclisiniz qloballaşma dövrünün yeni-yeni çağırışlarına cavablar axtaracaq və milli-elmi potensialımız ölkənin dinamik yüksəlişi naminə yeni innovativ prinsiplər əsasında sərhədlər qurulması naminə mühüm addım təşkil edəcəkdir”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərimizdən biridir: "Bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaqdır".

Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm