• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Elçin Əlibəyli: “Yesenini oxuyurdum ki, xəbər gəldi...“

Elçin Əlibəyli: “Yesenini oxuyurdum ki, xəbər gəldi...“

Hamımızın həyatında çox sevdiyi... Yox, sevdiyi düz olmadı... Gözlənilmədən gəlib həyatımızı dəyişən, az qala, bütün ömrümüz boyu yoldaşımıza çevrilən kitablar var. Və adətən, biz onları yox, onlar bizi seçir...


Biz sadəcə rəfdən götürüb oxuyuruq. Oxuyuruq, oxuyuruq, oxuya-oxuya bir də görürük ki, özümüzü tapmışıq... Qəhrəmanımızı tapmışıq.
Bu layihə həmin kitablar və onların seçdikləri insanlar haqqındadı...
Tanış olun, ilk qonağımız...daha doğrusu, ilk "kitab qurbanımız" Elçin Əlibəyli...

"Kitab qısqanclığı" anlayışını qəbul eləmirəm...

- Elçin, sənin həyatını dəyişən kitab ya da kitablar var

- Bir neçə kitab olub ki, həqiqətən mənə təsir eləyib, dünyaya baxışımlarımı dəyişib. Onlardan birincisi, Makiavellinin "Hökmdar" əsəridi. Makiavelli mənə çox şey izah elədi. Söhbət 91-92-ci illərdən gedir. O vaxt siyası proseslər çox dəbdə idi, hamı siyasətlə məşğul olurdu. Amma siyasi prosesləri izah eləyə biləcək kitablar çox az idi. Məncə, o vaxt Makiavelli azərbaycanca yox idi, elə rusca da çox az tapılırdı. Ancaq bəzi kitabxanalarda vardı.

Mənim rastıma da təsadüfən çıxdı və həyatımda çox böyük rol oynadı. Mənə çox təsir eləyən ikinci kitab Aristotelin "Politika"sı oldu. Belə deyək də, "Politika" ictimai fəaliyyətimdə yönəldici rol oynadı. Hansısa kitabın həyatımı mənəvi baxımdan dəyişməyindən danışsaq, yəqin ki, İsa Hüseynovun "Məşhər" romanının adını çəkəcəm. Onda həm psixoloji cəhətdən, həm ruhi baxımdan çox suallarıma cavab tapdım. "Məşhər"i oxuyanda 14-15 yaşımdaydım. Yəni çoxlu sualların yarandığı, cavablar axtardığın bir dövrdə. Nə ətrafdakılar, nə də kitablar bu suallara cavab verə bilmir. Amma "Məşhər" romanı verdi.

Bir insan kimi formalaşmağımda isə Əkrəm Əylislinin "Vəzifə" əsərinin rolu olub. Birinci povest kimi yazılmışdı, sonra müəllif onu pyes şəklinə də saldı. Bax, ordakı Nazim obrazı mənim olmaq istəmədiyim adam idi. O mənə göstərdi ki, Nazim olmağın nəyi pisdi.

Elçin, bu kitabları oxumaq üçün başqalarına verirsən, yəni kitaba, xüsusilə də sevimli kitablarına qarşı qısqanclıq hiss eləmirsən?

- Əksinə, əksinə. "Kitab qısqanclığı" anlayışını ümumiyyətlə qəbul eləmirəm. Bu gün Azərbaycanda öz sahəmə aid ən zəngin kitabxana məndədi: Televiziya, televiziya jurnalistikası, televiziyanın sosiologiyası və s. Və bu kitablar hamının üzünə açıqdı, hətta bəzən özüm xahiş eləyirəm ki, gəlib oxusunlar. Ümumiyyətlə, kitab məsələsində qısqanclıq ola bilməz. Kitabın gözəlliyi elə ondadı ki, paylaşmaq mümkündü. Kitab alıb evdə saxlamaq üçün deyil.

Mənim əlimə yaxşı bir roman düşəndə, oxuyandan sonra mütləq yaxın dostlarıma hədiyyə eləyirəm ki, onlar da oxusunlar. İndi evdə uşaq böyüyür. Onun üçün indidən kitab kolleksiyası yığa bilərəm ki, uşaq kitabı görsün. Çünki kitabla ünsiyyət uşaqlıqdan başlamalıdı. Qoy, kitablar həmişə gözünün önündə olsun. Ancaq bir var külliyyat, ya da tanıdığın müəllifin kitabını alırsan. Bir də var hər hansı bir müəllif təsadüfən əlinə düşdü. Oxudun, maraqli gəldi. Məncə, onda mütləq bölüşmək lazımdı.

Məndən kitab götürürlər və təbii ki, geri qaytarmırlar

Tutalım, onları kiməsə oxumağa verdin. Sonra fikrini bilmək, müzakirə eləmək istəyirsən?

- Sizə bir şey deyim. Mən çox adama kitab vermişəm. Amma çox az halda onu oxuyublar, və ya mənimlə bu barədə danışıblar. Bu, çox qəribə bir şeydi. Ya nəzakət xatirinə mənə oxuduqlarını deyiblər, əslində isə oxumayıblar. Ya da ki, oxuyublar, amma bu mövzuda danışmaq istəməyiblər, bilmirəm.

Sən o qədər sanballı əsərlərin adlarını çəkdin ki... Makiavelli, Aristotel... Lap elə İsa Hüseynov.. Onlar haqqında fikir söyləmək bir az çətindi.


- Yox, mən təkcə onları nəzərdə tutmuram. Başqa kitablar da var. Hətta ən sadə romanları belə verirəm. Sonra insanlardan cavab gözləyirəm ki, oxudusa, bir polemikaya girək, bəlkə mənim başa düşmədiyim məqamlar var. Amma alınmayıb. Çox yaxın insanlar var ki, onlarla otururuq da, söhbətləşirik də. Məndən kitab da götürürlər və təbii ki, geri qaytarmırlar. Elələrinin arasında şair dostlarım da var.

Məndə də iki kitabın var...

- Hə?! Məsələ ondadır ki, mənə kitabın özünü qaytarmaq lazım deyil. Əsas informasiyanın qayıtmağıdı. Məsələn, bir neçə kitab var ki, onlardan bir on-on beş dənə almışam. Məhz, dostlara paylamaq üçün. Onlardan biri də Marşal Makulyenin məşhur "Qutenberqin qalaktikası" kitabıdı.


Məncə, bu kitab sosiologiya, mətbuat, televiziya nəzəriyyəsi ilə məşğul olan hər kəs üçün dərslikdi, əlifbadı. Mən də onu dostlarıma - bu gün televiziyadan yazan, mətbuatı analiz eləyən dostlarımı nəzərdə tuturam – verirəm ki, burda çox sualların cavabı var, bu kanadalı sosioloq oturub işləyib, əlinizə kifayət qədər kodları verib. Hətta yadımdadı ki, o vaxt Zeynal müəllim "Danışan güzgünün sirri" kitabında "Qutenberqin qalaktikası"na istinad eləmişdi. Hələ 1985-ci ildə. Yəni bu çox ciddi bir əsərdi və mənə elə gəlir ki, onu oxumaq lazımdı. Əfsus ki, dostlarımın çoxu oxumayıb.

...nə vaxt Yesenini oxusam, bu təkrarlana bilər

Kitabın, ümumiyyətlə, incəsənətin mistik gücünə inanırsan?

- Sizə bir əhvalat danışım. Hazırda bir yazı üzərində işləyirəm. Daha doğrusu, uşaqlıq xatirələrimi çap etdirməyə hazırlaşıram. Adını da qoymuşam "Kolmoqorov həndəsəsi". Kolmoqorov altıncı siniflər üçün həndəsə dərsliyinin müəllifi idi. O kitabı mənə uşaq vaxtı hədiyyə vermişdilər ki, altınci sinifdə həndəsəni ordan oxuyacaqsan. O dövrdə bütün Sovet Ittifaqında o kitab tədris olunurdu. Amma elə alındı ki, mən gəlib yeddinci sinfə çatanda... arada bir sinif adlama olmuşdu. Nə isə. Yeddinci sinifdə həndəsəyə başlayanda dərslik dəyişdi. Kolmoqorovun yerinə ayrı dərslik gəldi. Amma o həndəsə kitabı məndə qaldı. İstifadə olunmamış böyük bir mənbə kimi...

Bu bir az içimdə qalmışdı deyə fikirləşdim ki, bu yazının adını da məhz, belə qoyum- "Kolmoqorov həndəsəsi". Bax, orda kitabın mistikası ilə bağlı yazmışam. 1986-cı ildə Yeseninin sarı üzlü bir kitabı çıxmışdı. Qış idi, bərk xəstələnmişdim, qızdırmam vardı. və Yesenini oxuyurdum. Əslində oxumaq alınmırdı, çünki qızdırma imkan vermirdi. Nə isə... Mən kitabı oxuduğum vaxt xəbər gəldi ki, atam qəza keçirib. Onda içimdə belə bir hiss yarandı ki, mən nə vaxt Yesenini oxusam, bu təkrarlana bilər. Məhz, həmin kitabı. O kitabı qoydum qırağa, Yeseninin başqa kitabını götürdüm, amma o qorxu, xof qaldı.

İndi də qalıb?

- Yox, təbii ki, qısa müddətdən sonra keçdi, o onda çox o sarı üzlü kitab çox qorxutmuşdu məni. Bəlkə də səbəb qızdırma ilə o hadisənin üst-üstə düşməyi idi. Ümumilikdə isə mən hesab eləmirəm ki, uğur gətirən, ya da uğur gətirməyən kitablar var - belə şeylərə inanmıram. Kitab emosiyaların toplandığı yerdi. Məsələ o emosiyaları, energetikanı necə almaqdı. Məsələn, kitab var ki, ondan çox yaxşı, müsbət enerji almaq olur. Ancaq kitab var ki, müsbət heç nə vermir, baxmayaraq ki, yaxşı şeylərdən yazıb. Məsələn, "Yanlışlarımızın ensiklopediyası" adlı bir silsilə var. Təxminən, ona yaxın cildi çıxıb. Şən əhval-ruhiyyədə yazıldığına baxmayaraq insana çox neqativ enerji verir. Çünki kitab, sənin indiyə qədər inandığın hər şeyi alt-üst eləyir. Ola bilsin, orda yazılanlar həqiqətdi, amma oxucu birdən-birə ömrü boyu topladığı bütün informasiyanın yanlış olduğunu görəndə, təbii ki, mənfi təəssürat alacaq.

"İdeal"ı oxuyanda dəhşət içində idim.

Bəs elə olubmu ki, oxuduğun kitab, yaxud baxdığın film həmin andakı əhval-ruhiyyənlə, yaşadıqlarınla üst-üstə düşsün- kömək eləsin, ya da bir az çarəsizləşdirsin səni. Yəni lazım olan anda gələn kitablar...


- Hərdən olur. Bir şeyi nəzərə alaq ki, siz dediyiniz daha çox bədii əsərlərə aiddi. Həqiqətən də bədii əsərlər bu funksiyanı yerinə yetirir. Məsələn, zənnimcə, Kafkanı oxuyub depresiyaya düşməyən adam az tapılar. Sadəcə elə adam var ki, o depresiyadan çıxa bilir, elə adam da var ki, ömrü boyu orda qalır. Mənə elə gəlir ki, Kafka ən çox bizim nəsli depressiyaya saldı. Hətta bir neçə qrup yoldaşım var ki, hələ də ordadı. Bu çox normaldı. Məncə, Umberto Eko da bizə elə təsir elədi. Biz hələ söhbətin nədən getdiyini bilmirdik. Səhv eləmirəmsə, o vaxt SSRİ-də intellektual roman anlayışı, demək olar ki, yox idi. Yeganə intellektual romanı İsa Hüseynov yazmışdı. Bilirsiniz, ona necə baxırdılar? "Bu nə istəyir e?.."

- Freydin insanın incəsənətə münasibəti haqqında məşhur bir sözü var. Deyir ki, incəsənəti başa düşəndə başına qapaz vururuq, başa düşməyəndə ondan qorxmağa başlayırıq. Bax, İsa Hüseynovla bağlı bu hadisə baş verdi Azərbaycan ictimaiyyətində. Xüsusilə də "İdeal" romanından sonra. Mən bayaq dedim, İsa Hüseynovun "Məşhər" romanı mənim çox boşluğumu doldurdu.
Məni qorxutmuşdu amma. "Məşhər" yox, "İdeal". "İdeal"ı oxuyanda dəhşət içində idim.


- "İdeal" tamam başqa şeydi, "Məşhər" bir az fərqlidi. Onları müqayisə eləmək istəmirəm. Nə ədəbi, nə də mövzu həlli baxımından. Mənim aləmimdə "Məşhər" daha mükəmməl əsərdi. Bu ədəbiyyatşünas fikri deyil, sadəcə bir oxucu fikridi. Ümumiyyətlə, bədii ədəbiyyat daşımalı olduğu funksiyanı daşıyırsa, hədəfə dəyir. Daşıya bilmirsə, romanın ölçüsündən, adından asılı olmayaraq, təsir eləmir. Məsələn, Yusif Səmədoğlunun "Qətl günü" romanı daşıdığı funksiyanı yerinə yetirdi –vaxtında və yerində səsləndi. O roman həmin dövrdə, həmin ildə çap olunmasaydı, heç vaxt elə effekt verməzdi. Amma 1986-87- ci illərdə ən populyar romana çevrildi. O qədər məşhurlaşdı ki, Hüseynağa Atakişiyev Gənclər Teatrının açılışını onunla elədi. Yəni "Qətl günü" ədəbi əsər kimi rezonans yarada bildi. Halbuki iki ildən sonra çıxsaydı, heç vaxt o qədər aktual olmayacaqdı. Yəni zamanın da böyük rolu var.

Təbii ki, məndə hiyləgərlik də var və olmalıdı...


Səninçün ədəbiyyatın funksiyası nədir? Bax, indi çoxlu saytlat var - köşələr, Seymur Baycanın "havalı əsərlər" adlandırdığı yazılar çıxır. Yəni daha çox müəllifin əhval–ruhiyyəsini əks etdirən yazılar. Onların altında oxucuların şərhləri olur. Elə bil ki, nə isə gözləyirlər o yazılardan. Bilmirəm nə? Amma görünən budur ki, istədiklərini ala bilmirlər. Çox az adam var ki, o yazıları rahat oxuyur.


- Başa düşdüm. Əslində sualınıza Freydin sözü ilə cavab verdim. Amma başqa cür də izah eləyə bilərəm. Tutaq ki, əvvəl Kukla, sonra gənc Tamaşaçılar teatrına getməmiş - yəni mərhələli şəkildə teatr tərbiyəsi görməmiş adamı birdən-birə "Maqbet"ə baxmağa gətirirlər. Təbii ki, o, istədiyini ala bilmir. Çünki estetik zövqü tam yetişməyib. Yazılarda da belədi. Uşaq ədəbiyyatından tutmuş dünya ədəbiyyatına qədər bütün mərhələləri keçməsən, bu günkü yazarın yazdıqlarını, nə demək istədiyini anlamayacaqsan. Ondan daha çox, ya da daha az şey gözləyəcəksən. Çünki şəxsi münasibətin yoxdu.

Bazanın yoxluğu, azlığı, bizim o yazarlara münasibətimizi formalaşdırır. Həqiqətən, elə bir köşə yazısı ola bilər ki, mənim əhvalımı dəyişdirə bilər. Onun da funksiyası budu. Yəni incəsənətin başlıca funksiyası insanın əhvalını, estetik zövqünü, dünyagörüş sistemini kökləməkdi. "İncəsənət tərbiyəçidi, yoxsa tərbiyəni pozandı" məsələsi - Platonla Aristotelin məşhur mübahisəsi - bu günə qədər davam eləyir. Hələ də öz həllini tapa bilməyib.

"Canini, cinayəti göstərmək tərbiyəvi əhəmiyyət daşıyır, yoxsa tərbiyəni pozur" sualının hələ də cavabı yoxdu. Bu bu cəbhələşmə hələ də gedir və gedəcək. Ona görə deyirlər ki, televiziyada evlilik proqpamlarını göstərmək pisdi. Amma eyni qaydada demək olar ki, yox, yaxşıdı. Çünki incəsənətə münasibət məsələsi var. "Ondan nə gözləyirik" sualı var. Bir də fərdi yanaşma var. Elə insan var ki, ona nəyi isə örnək göstərəndə o cür olmağa başlayır. Amma elə insan da var ki, örnəyi görür və anlayır ki, belə pisdi, başqa cür olmaq lazımdı. Bu, insanın hansı qütbdə durmağından asılıdı- yəni sən Platon tərəfdarısan, yoxsa Aristotel. Şəxsən mən Aristotel tərəfdarıyam. Mənim fikrim subyektiv olacaq.

Və axırıncı sual. Ən birinci Makiavellinin adını çəkdin. Özündə də Makiavellilik hiss eləməmisən?

- Yox, əksinə. Makiavellinin adını çəkdim, çünki ondan sonra bir neçə müəllif oxumuşam. Məsələn, Baltazar Qrasiyanın "Balaca Orakul" kitabı. Mənə elə gəlir ki, Makiavelli ondan daha üstündü. Makiavellinin kitabında dövlət idarəçiliyindən, ümumiyyətlə, idarəçilik sistemindən, insanların idarəçiliyə münasibətindən danışılır.

Ədəbiyyatda, filmlərdə Makiavelli hiyləgərlik rəmzidi

- Bilirəm, "makiavellizm" deyilən bir anlayış var. Anladım, nəyi nəzərdə tutursunuz. Məncə, məni tanıyanlar bu suala daha yaxşı cavab verər. Hər halda olmasaydı, olmazdı...


Olmasaydı, olmazdı?


- Yəqin ki, var. İnkar eləmirəm. Mən sadəlövh insan deyiləm. Təbii ki, məndə hiyləgərlik də var və olmalıdı.

Mən elə olduğunu demədim. Səndən soruşdum...

- Söhbət "makiavellizm"dən gedirsə, bəli, məndə var. Bunu heç vaxt inkaar eləməmişəm. Niyə də inkar eləyim? Üç tip insan var – elə insanlar var ki, pis şahmat oynayırlar, amma deyirlər ki, mən yaxşı oynayıram. Onlar gülməli insanlardı. Elə insanlar var ki, yaxşı şahmat oynayırlar, amma bunu etiraf eləmirlər. Bu insanlar bir az təhlükəlidilər. Nailliyyətləri var, ancaq etiraf eləmək istəmirlər. Elə insanlar da var ki, yaxşı şahmat oynayırlar və bunu etiraf edirlər. Bu insanlar hər zaman yaxşı insanlardı.

Sən neçənci qrupdasan? Üçüncü?


- Mən heç nə demədim. Sadəcə kateqoriyalaşdırdım insanları. Mövzu şahmat olsaydı, hansı kateqoriyadan olduğumu deyərdim.


KitabQurdu: Aygün Aslanlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR