İlham Əliyev: “Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq”
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev: “Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq”

Publika.Az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışı zamanı söyləyib.


Prezident Azərbaycanda beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyib. Prezident qeyd edib ki, Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət edib, hazırda bu müraciətə baxılır. Onun sözlərinə görə, Bakı Olimpiya oyunlarının keçirilməsi üçün bütün imkanlara malikdir.

Bunu Azərbaycan vətəndaşlarının da istədiyini bildirən Prezident qeyd edib ki, beynəlxalq qurumların keçirdiyi rəy sorğusuna görə, əhalinin 95 faizi Olimpiya oyunlarının Bakıda keçirilməsini dəstəkləyir.

Ölkədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edildiyini deyən ölkə başçısı bildirib ki, Azərbaycandakı sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının burda keçirilməsi üçün mühüm amildir: “Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir”.
Prezident ölkənin digər sahələrdəki uğurlarından, həyata keçirilən layihələrdən də danışıb.

Səfərdə olduğu Astara rayonunda son illər ərzində 20-dən çox məktəb tikildiyini, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açıldığını, Olimpiya Mərkəzi yaradıldığını, kənd yollarının qaydaya salındığını bildirib.

Ölkənin beynəlxalq mövqelərinin möhkəmləndiyini qeyd edən dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini dünya ictimaiyyətinin etimadı və rəğbəti olduğunu vurğulayıb.

Prezident hər bir bölgənin gələcək inkişafı ilə bağlı konkret planlar olduğunu, 2013-cü ilin sonuna qədər bütün bölgələrdə qazlaşdırma layihələrinin maksimum dərəcədə başa çatmasına nail olunmasının vacibliyini bildirib.
Hazırda Bakı-Astara magistral avtomobil yolunun inşa edildiyini deyən İlham Əliyev yaxın illərdə bu yolun açılacağını qeyd edib.

Prezident deyib ki, Azərbaycan müstəqil siyasət aparır, heç kimdən asılı deyil, bundan sonra da belə davam edəcək. Azərbaycanın bölgədə sabitləşdirici rol oynadığını vurğulayan dövlət başçısı dünya birliyi tərəfindən ölkəmizin fəaliyyətinin təqdirlə qarşılandığını bildirib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm