İntellektual narkomanın yarımçıq hekayəti
Bizi izləyin

Qırmızı.az

İntellektual narkomanın yarımçıq hekayəti

Mənim alınmayan reportajım


Bir il əvvəl Bakı gecəsindən silsilə reportajlar hazırlayırdım. Gecə barları, fahişələr, əyyaşlar, rayondan "qız ovu"na gəlmiş cahil oğlanlar, homoseksuallar…bir sözlə, hamıdan, hər şeydən yazmaq istəyirdim. Narkomanlardan da…

Belə "ekstrim" reportajlara tək gedə bilməzdim. Həm şəhəri, həm də bu şəhərin qanunlarını yaxşı tanıyan bir dostum hər dəfə mənə kömək eləyirdi. Narkomanlardan yazmağa da kömək edəcəkdi.

Axşam idi. Telefonu götürüb, yanımdaca bir narkoman tanışına zəng elədi.
- Axşamın xeyir. Prosesə başlamısan? Bir tanış var, səninlə danışmaq istəyir. Çəkinmirsənsə, ele proses vaxtı gətirim.

Adamın inanmağı gəlmir, amma o adam razılaşmışdı heç tanımadığı birini onun "iynələnmə" səhnəsinə tamaşa eləməyinə. Nə polisdən qorxusu qalmışdı, nə insanların qınağından çəkinirdi, nə də…ümumiyyətlə, onun üçün artıq heç nəyin fərqi yox idi.

Mən həmin reportajı hazırlamadım. Getmədim o oğlanın yanına. Açığı, ilk dəfə idi ki, qorxurdum. Onun iynələnəndən sonra mənə nəsə edəcəyindən, ya da aranın qarışıb, ortaya polisin girəcəyindən deyil, insan əzabından, insan faciəsindən qorxmuşdum.

Narkomanın verdiyi kitab siyahısı

Aradan bir il keçdi. Məni o narkomanla görüşdürmək istəyən dostumdan onu xəbər aldım. Indi bu faciəni yazmağa hazır hiss eləyirdim özümü. Amma gecikmişdim – həmin narkoman oğlan ölmüşdü. "Peredozirovka"dan…

Əlacım dostumdan onun həyat hekayətini öyrənmək idi. Bir də, özü ömründə belə şeylərə maraq göstərməyən dostumun niyə bu həddə çatmış narkomanla dostluq elədiyinin səbəbini öyrənmək.

Dediyinə görə, İlkin dostumun tanıdığı yeganə narkoman imiş. Bir dəfə əlində "Martin İden" əsərini görəndə İlkin ona:
- Roman belə olar. Bizimkilər hələ də bu səviyyədə əsər yaza bilməyiblər…
-deyib. Və dostuma onun oxumalı olduğu kitabların siyahısını verib.

Onun həyatı

İlkin varlı ailədə doğulubmuş. Nə uşaqlığında, nə gəncliyində heç vaxt, heç nədən korluğu olmayıb. Orta məktəbi qurtaran kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunub. Ugurla bitirib. Həmişə bahalı maşını olub, bahalı içkilər içib. Tipik varlı balası olub yəni...

Ailəsindən xəbərsiz bir qız sevib və elə ailəsindən xəbərsiz də onunla evlənib. Bir qızı da olub. Ailəsi bu məslədən xəbər tutanda nə onu, nə də evliliyini qəbul etməyiblər. Amma bunun İlkinə elə bir təsiri olmayıb.

Norkotikdən istifadə eləməyə nə vaxt başlayıb – bunu heç kim bilmir. Əslində, bütün imkanlara sahib varlı oğlunun dünyanın bu "nemət"inin dadına baxmaq həvəsi təəccüblü deyil.

Çox az adamla danışar, az adamla dostluq edərmiş. Elə dostumla da arabir danışırmışlar. Bir dəfə dostumu özü çağırıb yanına. Həmin gün İlkini xeyli dəyişmiş görüb dostum. Çəkisi azalıb, bir gözü əyilibmiş. Kiminləsə danışmağa ehtiyacı olduğunu deyib. Və öz dərdini varlı, qaraqabaq intellektuallara məxsus xəsisliklə, qısaca danışıb.

"Hər şeylə barışdılar, ölümümlə də barışacaqlar..."

-Çoxları mənim bu yola niyə düşdüyümlə maraqlanırlar. Yəqin sənə də maraqlıdı. Açığını deyim sənə? Heç bir ciddi səbəbi-zadı yoxdur. Kefimi çəkirəm. bu kefin bir gün məni öldürəcəyi günü də səbirsizliklə gözləyirəm. Atam deyir ki, səni xarici ölkələrdən birinə müalicəyə göndərim. Amma mən imtina elədim. Heç bir mənası yoxdur. Bədənimdə salamat yer qalmayıb. Mənim bütün sevdiklərim bu vəziyyətimlə barışmağa məcbur oldular. Ölümümlə də barışacaqlar. Sənsə get, hava soyuqdu…
Belə. Onun öz faciəsinə münasibəti belə olub.

O tonqal həmin gecə yanmayıb…

İlkin keçən il, elə bu ərəfədə - axır çərşənbə axşamı ölüb. Hər il olduğu kimi, ötən il də axır çərşənbəyə ciddi hazırlıq gedirmiş məhəllədə. Uşaqlar tonqalı qurub, ənənəvi olaraq İlkini gözləyirmişlər. Çünki ondan başqa heç kim tonqalı qalamaq üçün öz maşınından benzin çəkib uşaqlara verməyə razı olmurmuş.

Həmin axşam İlkin isə gözə dəyməyib. Uşaqlarsa onu gözləməkdən usanmayıblar. Bir azdan məhəlləyə təcili yardım maşını girib. Maşın İlkingilin blokunun qarşısında saxlayıb. Iki nəfər ağ xalatlı həkim qaçaraq bloka daxil olub.

Çox keçməyib, İlkin "peredozirovka"dan öldüyünü deyiblər.
31 yaşlı gənc intellectual narkoman axır çərşənbə axşamı dünyasını dəyişib.
Məhəllə uşaqları üçün gözlənilməz olub bu hadisə Onlar hələ də yerlərindən tərpənmədən, İlkinin gəlib onların qurduğu tonqalı yandıracağını gözləyiblər.

Dostum deyir ki: "Nə yalan deyim - İlkinin ölümünə o qədər də kədərlənmədim. Özü demişkən, o ölümünü səbirsizliklə gözləyirdi…

Və sonda bircə işıq…

İlkin öləndən sonra ata-anası onun arvadını və o vaxta qədər üzünü görmədikləri qızına sahib çıxıblar. Və hamı barışıb – bir-birilərilə, İlkinin narkomanlığı və ölümü ilə…

Günel

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm