• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakıda dörd minarə - Reportaj

Bakıda dörd minarə - Reportaj

Fəhlə dünyanın ən gözəl ibadətini edir


Məscidin yaxınlığındakı tikintidə işləyən orta yaşlı bir kişi əlində çox ağır tikinti materialı pilləkənlərlə aşağı-yuxarı enib-qalxırdı. Yanından keçib məscidə yaxınlaşmaq istəyəndə qucağındakı ağır daşa daha bərk sarılaraq məni çağırıb: "bacı məscidə gedirsizsə, getməyin, bağlıdı", - dedi. O an mənə elə gəldi ki, daşa bərk-bərk sarılmış bu kişi çörəyini daşdan çıxarmaqla dünyanın ən gözəl ibadətini yerinə yetirir. Təşəkkür edib geri qayıtdım və paytaxt sakinlərimizin Bakıda yerləşən digər məbədlərdə necə dua etdiklərini, dini ayinləri necə yerinə yetirdiklərini görmək istədim.

"A bala, o urusların kilsəsidir"

Bazarın içiylə yuxarı qalxanda istiqaməti dəqiqləşdirmək üçün bir nəfərdən Rus Provoslav Kilsəsinə necə gedə biləcəyimi soruşdum. Kişi məni qəribə-qəribə süzdü və istiqaməti işarə edərək,"A bala, o urusların kilsəsidi", - dedi.

Gəlib çıxıram dəmir darvazalı kilsənin həyətinə. Həyətində palma ağacı, qapısının üzərində böyük xaç şəkli olan mavi bina. Sağda bir topa qadın bulağın başına toplanıb, dua oxunmuş sudan içir və evə aparıb künc-bucaqlarına səpmək üçün şüşələrə doldurub zənbillərinə yığırdılar. Onun dərd-bəlalarını aparacaqlarına, nə bilim, evdə qalmış qızlarının bunu içən kimi ərə gedəcəklərinə inanırdılar. Qılıq -qiyafələrindən anladım ki, bizimkilərdəndi.

"Siz müsəlmansınız, gedin, öz dininizlə maraqlanın"

Sol kənardakı balaca bir otağın qarşısında isə daha çox adamın toplandığını görüb onlara yaxınlaşdım ki, görüm, nə məsələdi. Bizim məhərrəmlikdə bişirdiyimiz hədiyə bənzər bir yemək paylanırdı. İki-üç nəfərdən nə münasibətlə paylandığını xəbər aldımsa da cavab verən olmadı. Əvəzində qəzəbli bir oğlan azərbaycan dilində bərbad şəkildə, "bunun sizə dəxli yoxdur, bu bizim dinimizdi. Siz müsəlmansınız, gedin, öz dininizlə maraqlanın", - deyə aqressiv cavab verdi.

Yaşlı bir rus qadını gərginliyi görüb, mənə yaxınlaşdı və izah etdi ki, bu gün provoslavlarda bayram günü olduğu üçün paylanılır. Nə o düyülü, qarğıdalılı yeməkdən mənə təklif edən oldu, nə də mən heç baş qoşmadım. Kilsənin xaçlı qapısından içəri girdim. Kilsənin divarlarından asılı ikonaların, yanan şamların, yarıqaranlıq və yandırılmış hansısa bitkinin ortalığa yaydığı bihuşedici rayihənin otaqda yaratdığı harmoniya muzey təsiri bağışladı. Kimi dua edir, kimi şam yandırır, sağda bir rahib kiminsə bağışlanma mərasimini yerinə yetirir, "ağırlığını, cadusunu" götürürdü.

Kilsənin təmizlik işlərinə baxan qadınsa ortalıqda var-gəl edərək yeri silib təmizləyirdi. Nədənini bilmədim, bir-iki göygöz, yaraşıqlı cavan rahiblər təlaşla o yan, bu yana qaçır, insanların onlara yaxınlaşıb verdikləri nələrisə alıb, dərhal kilsənin arxa tərəfinə açılan qapıdan çıxıb, yenidən qayıdırdılar. Divardakı ikonalara, tavandakı rəsmlərə uzun –uzadı baxdıqdan sonra qeyri-ixtiyari gəlib dayandım İsanın möhtəşəm görüntüsünün qarşısında. Bilmədim, bu mənzərəyə nə qədər tamaşa etdim, amma yaşlı bir kişinin mənə nə isə dediyini eşitdim.

-Mən keşişlə söhbət etmək istəyirəm. Mümkündürmü? -dedim.
- Bir az gözləyin, icazə alım. Mümkün olsa, danışın, -deyib, getdi.
"Xristianların yazdığı dua daşdan keçir."

Ondan gələn cavabı gözləyəcəyim vaxtdan və buradakı insanların demək olar ki, hamısının azərbaycanlı olduğundan istifadə edib, onlarla söhbət etməyə başladım. Aydın oldu ki, heç bunlar xristian deyillər. Eşidiblər ki, xristian keşişlərinin yazdığı dualar daşdan keçir, axışıblar dua yazdırmağa.

Nə isə, ürəyim ağrıya -ağrıya kilsənin dumanlı havasını tərk edib, çölə çıxdım. Yuxarı mərtəbədəki dəmir pilləkənlərlə ağır-ağır, qara gen-bol libası yellənə-yellənə aşağı enən keşişin gəlib nə zaman çatacağını səbrlə gözlədim. Gəlib, geniş paltarının qollarını, dənizdə dalğaları arxaya itələyirmiş kimi geri atıb dayananda, salam versəm də cavabı xeyli gecikdi. Bu zaman bizim mollaların sözə başlamazdan əvvəl ürəyində, "Bismillahir-rəhmanir-rəhim" dedikləri kimi bir şey dediyini anladım.

Bir xeyli sual verib danışdıqdan sonra gördüm ki, Rusiyadan yenicə gəlmiş cənab İqumen Skorpiona suallarıma cavab verməkdənsə, din tarixindən danışmaq maraqlıdır. Ancaq müsəlmanları təriflədi və yerli camaatın müxtəlif dinlərə qarşı belə tolerant davranışlarından razı olduğunu bildirdirdi. Sonda kilsədə şam yandırmağın anlamının nə olduğunu soruşduqda isə, şam duanın rəmzidir, - dedi. Ümumi söhbəti isə belə bitirdi:
-Biz öz içimizə baxmalıyıq. Çünki problem içimizdədir.


Kilsədə mən, gözsüz kişi və nurlu oğlan

Kilsədə xristian ayinlərinin yerinə yetirilməsi və insanların dua etmək üçün toplaşdığı günün bazar günü olduğunu öyrənib həmən gün yenidən kilsəyə gəldim. Qapıdan içəri kök bir pişiklə keçdim. Görəsən, pişik də dua etməyə gəlib? – deyə düşündüm. Başlarını örpəklə çalmış hər yaşdan olan qadınlar və kişilər vardı. Yaşlılar çoxluq təşkil edirdilər.

Rahib nə isə oxuyur və dua edən insanlarsa,sanki onların sualına cavab verir, dialoqa girirdilər . Xor isə "Ave Mariya" oxuyurdu. Solda xidmətçi qadın çay və kvadratşəkilli kiçik çörəklər paylayırdı. Gördüyüm maraqlı şeyləri fotoaparatla çəkmək istədikdə rahiblər də, insanların bəzisi də səslərini qaldırıb, etirazlarını bildirdilər. İcazə aldığımı desəm də, razı olmadılar. İnsanların məni gözümçıxdıya saldığını görən hündürboy, üzü nurlu və yaraşıqlı bir oğlan mənə kömək etmək istədiyini bildirdi və dedi ki, harda çəkiliş etmək istəyirsiz, deyin, kömək edim.

Mən istədiyim yerlərə yaxınlaşıb şəkilləri çəkməkdə oldum, o insanları sakitləşdirməkdə, bir də gördüm, köhnə-küləş paltarda, şalvarının balağını hərəsi bir rəng olan corabının içərisinə salmış qoca bir kişi kilsənin divarından tuta-tuta gedib bir küncdə əyləşdi. Əliylə üzünü tutub, başladı dodaqaltı nə isə deməyə. Yaxınlaşıb söhbət etmək istəyəndə, gözlərinin olmadığını anladım. Tək-tənha yaşayan bu yaşlı adam həftədə bir neçə dəfə Allah evlərinə gəlib, dua etdiyini dedi.
-Allahdan ən çox nə istəyirsiz? – deyə soruşdum.
-Millətimçün hər şeyin yaxşı olmasını istəyirəm, - dedi.
-Bəs özünüz üçün nə istəyirsiniz?

Təkrar-təkrar sual verməyimə baxmayaraq:
-Özüm üçün heç nə istəmirəm, yalnız şükr edirəm, -dedi və mənə xoşbəxtlik istədi Allahdan. Sağollaşıb qapıdan çıxmaq istəyəndə bayaqdan mənə kömək edən yaraşıqlı oğlan:
-Sabah da gələcəksənmi? – deyə soruşdu.


Allahın evinə şəxsiyyət vəsiqəsi göstərib daxil olmaq lazımdır

Bakıdakı yəhudilərin dua etdikləri sinqoqa yaxınlaşıb içəri keçmək istəyəndə iki polis işçisi:
- Şəxsiyyətinizi təsdiq edən sənədi göstərin, -dedi.
Təəccübləndim. Allahın evinə şəxsiyyət vəsiqəsi göstərib girməlidi insanlar? Nə dedimsə, izin vermədilər. Yalnız rəhbərliyə zəngdən, uzun söhbətdən sonra sabahı gün gələ biləcəyimə razılıq verildi və adını açıqlamağı lazım bilmədi.
Axşam saat 18–də gəlib polisin müşaiyəti ilə dua oxunan yerin ikinci mərtəbəsindən, qadınlar oturan yerdən "pərdəarxası" dua proseslərini izlədim. Heç kim danışmaq istəmədiyinə görə məcbur olub polisə bir-iki sual verdim.
-O, öndə dayanıb dua edən ravvindi…
10 adam olmasa, bunlar burda dua etmir. O gördüyünüz qoşa qapının arxasında dəri üzərində yazılmış qədim Tövratlar var. Burada kilsədən fərqli olaraq ikonalar -filan yoxd idi, çox sakit, sadə və təmiz yerdi.

Hər qapının sağ tərəfində dua yazılmış taxta parçası asılmışdı. Onlar hər qapıdan keçəndə bu taxtanı öpüb keçirdilər. Ravvin əvvəl sağda, sonra ortada, sonra bir az geri çəkilərək yellənə-yellənə anlamadığım bir dildə nəsə mızıldanırdı. Gördüm ki, bu ravvin gah sağ-sola, gah irəli-geriyə yellənərək gah əli, gah ayağıyla işarələr edir və anladığım yeganə şey o oldu ki, ona baxıb yırğalanan insanlar, amin, deyirdilər.
Fasilə başladı, onlar çölə çıxdıqda mən də çıxdım və qapıda siqaret çəkən dindarların yanından keçib uzaqlaşdım.

Hare Krişna, Hare Krişna, Kirşna, Krişna....

Az getdim, yüz getdim, gəlib çıxdım, Qara Qarayev metrosunun yaxınlığındakı Krişnaçıların ikimərtəbəli "ev-məbədlərinə". Həyətdə top oynayan uşaqlardan krişnaçıların burda toplandığını öyrənib həyətə daxil oldum. Həyətdə məni əbaya bürünmüş, saçları uzun, araqçını başında, təsbehli torbası əlində "Hare Krişna, Hare Krişna, Krişna, Krişna, Hare, Hare", - deyə zikr edən bir oğlan "qarşıladı." (Demə, yaşı çoxuymuş).

Məqsədimi bildikdə məni ikinci mərtəbəyə dəvət edib, əliylə qapını göstərdi ki, içəri keçim. Bu zaman əyninə sari geyinmiş yaşılgöz, qarabəniz bir xanım da gəldi və gülərüzlə içəri dəvət etdi. Qapıdan girən kimi divardan Allah-Ali-Şəxs Krişnanın böyüdülmüş şəkli asılmışdı və daha bir fədai rahatladıcı musiqi sədaları altında zikr-dua oxunan diskin yayıldığı otaqda ibadət edirdi. Burada da çox gözəl qoxu və müsbət aura vardı.

Otağın yuxarı başında bir heykəl və qarşısında müxtəlif rəsmlər, heykəlciklər vardı. Xüsusi diqqətlə qorunduğu hiss olunurdu. Bir az söhbət etdikdən sonra məlum oldu ki, krişnaçılar ət qidalarından imtina etmiş insanlar – vegetarianlardır. Onlar heyvan əti yeməyin ən böyük günah olduğunu düşünürlər. Əvəzində meyvə-tərəvəz, bitkilərlə qidalanmağın üstünlüklərindən istifadə edirlər. Pəncərənin önündə dibçəklərdə böyük güllər vardı. Bilmədən gülə toxundum. Fədai qadın böyük həyəcanla bitkiyə toxunduğumu dedi və mümkünsə, dərhal geri çəkilməyimi istədi. Çox qorxdum ki, bəlkə qırılıb, amma sadəcə toxunmuşdum. Bitkilərə çox önəm verdiklərini başa düşdüm.

Onların "meditasiya" proseslərini, ayinlərini necə yerinə yetirdiklərini görmək istədiyimi, dedikdə fədai mənə məsləhət gördü ki, 2 saat gözləyim. Burada dərs olacağını və bayramla əlaqədar oruc tutulan gün olduğunu, -dedi. Razılaşdım və bağçaya enib, söhbətimi məni qarşılayan fədai ilə davam etdirməyə başladım. O, təsbehini fırlada-fırlada həvəslə bu yolun üstün cəhətlərindən danışırdı. Sarili qız yaxınlaşıb bir stəkan alma şirəsi təqdim etdi. Bir azdan isə yeməyə kartof püresi ilə kələmdən hazırlanmış salat gətirdi. Dərs başlayanda gördüm ki, otağa daxil olan hər kəs Krişnanın rəsmi önündə səcdəyə gedib, "Hare Krişna" deyir, keçib oturur və dərsi dinləyir.

Yeyib-içib,oxuyub-oynayaraq ibadət etmək

Dərs krişnaçıların ilahi nəğməsiylə başladı. Səsgücləndiricilər konsert effekti yaradırdı. Sonra müqəddəs kitablarını qarşılarına qoyub iki saatlıq dərs keçdilər. Dərs bitdikdən sonra isə mərasimin "bədii" hissəsinə keçdik. Tərəvəzdən hazırlanmış yeməklər və içinə limon sıxılmış su paylandı. Yedilər-içdilər, başladılar Murtinin qabağında çalıb-oxuyub, oynamağa. Əslində çox maraqlıydı. Gülərüzlər, xoş söhbətlər, tərəvəz yeməklər, çalıb-oynayaraq dualar edib, Allaha ibadət etmək. Və ən əsası heç bir dinə müxalif olmadan, bütün dinlərdən misallar gətirib, Allahın kəlamlarını insanlara açıqlamaq. Bu arada çoxdandı maraqlandığım yoqa kurslarına da yazıldım və "ev-məbəddən" çıxdım. O fədai ağacın altında əbası əynində, araqçını başında, muncuqlu (təsbehli) torbası əlində hələ də zikr edirdi.

İslam - bütün dinlərə sevgi

Təsadüflərə inanmadığım üçün məhz məscidə gəlib, onu bağlı görməyimi və ona sonda gəlib çıxdığımı ilahi qanunauyğunluqla bağladım. Ən son səmavi kitab - "Quran", sonuncu din - islam.

Məscidin həyətində bir neçə gənc və yaşlı kişi var idi. Hicabda olmadığıma baxmayaraq, heç birinin mənə pis nəzərlərlə baxmadığını hiss etdikdə çox sevindim. Qadınların namaz qıldığı hücrəyə daxil olduğum zaman qadınlar namaz qılır, yaşlı bir qadın küncdə göyə üz tutub dua edir, o biri tərəfdə nurtopası gənc bir qız 6-7 yaşlı qızcığaza Quran oxumağı öyrədirdi.

Bu həftə insanları birliyə, bərabərliyə, qardaşlığa və Allahın nəzərində bütün insanların bərabər olduğu ismarıcını ötürən cümə namazına çatmasam da, həftə ərzində gəzib–gördüyüm müxtəlif dinlərdən, müxtəlif etiqad sahibi olan insanların bütün dualarının istər yerdə, istər göydə, istər oturaraq, istərsə də çalıb-oynayaraq etməsinə baxmayaraq, Allaha edildiyinin və Allahla yaşayıb, hər addımda Allahla hərəkət etməyin huzur içində yaşamaq demək olduğunu anladım. Anladım ki, həyat yalnız sevgiylə davam edə bilər.

Aytən Təhmasib

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR