• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nərgiz Paşayeva xarici mətbuata müsahibə verdi - FOTOLAR

Nərgiz Paşayeva xarici mətbuata müsahibə verdi - FOTOLAR

2013-cü il Azərbaycan elminin tarixində mühüm bir sənədin imzalanması ilə əlamətdar oldu. Belə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə Oksford Universiteti arasında birgə təşəbbüsün nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı.

2013-cü ilin yayında universitetin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın britaniyalı alimlərlə görüşü zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi və dili haqda demək olar heç bir məlumat, araşdırmalar, tədris vəsaitləri yoxdur və fənlər tədris olunmur. Bununla belə, universitetdə gürcü və erməni dilləri öyrənilir.


MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə universitetin bir hissəsi kimi tanınsın, elmi fəaliyyət göstərsin və gələcək nəsillər bundan istifadə edə bilsinlər. N.Paşayeva Mərkəzə Nizami Gəncəvinin adının verilməsini təklif edib. Britaniyalı alimlər Oksford Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini vurğulasalar da, professor Nərgiz Paşayeva Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyünü bildirib: “Mən Nizaminin şəxsində millətləri ayıran, etnik fikirləri bir-birinə qarşı qoyan bir sima görmürəm. Nizaminin simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən böyük düha, bəşəri bir sima görürəm. Razılığa gəlsək, işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq. Mənə təklif etdilər ki, bəlkə Mərkəzə Füzulinin adı verilsin. Mən dedim ki, əlbəttə, Füzuli dahi şairdir, belə yüksək müstəvidə elmi mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək, Nizaminin adına olsun”.


Qeyd edək ki, qədim tarixi və zəngin ənənələri ilə məşhur olan Oksford Universiteti Böyük Britaniyanın Oksfordşir qraflığında yerləşir. Universitet barədə ilk yazılı məlumatlar XI əsrə - 1096-cı ilə aiddir. Oksford təkcə universitet deyil, həm də böyük bir elmi tədqiqat mərkəzidir. Birləşmiş Krallığın ən böyük elmi kitabxanası burada yerləşir. Böyük Britaniyanın 26 Baş naziri, 30 beynəlxalq lider, 50 Nobel, 120 Olimpiya mükafatçısı məhz Oksford Universitetini bitirib. Hazırda universitetdə 22 minə yaxın tələbə təhsil alır.


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayevanın ötən il oktyabrın 28-də dünyanın ən qədim və nüfuzlu ali məktəblərindən olan Oksford Universitetində olub. Professor N.Paşayeva universitetin şərqşünaslıq fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi seminarda məruzə ilə çıxış edib. Çıxış böyük maraqla qarşılanıb və geniş fikir mübadiləsinə səbəb olub. Seminarda Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig, habelə həmin fakültənin ərəb dili və ədəbiyyatı üzrə professoru Culiya Brey, fars dili və ədəbiyyatı üzrə doktoru Dominik Brukşo, klassik ərəb ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland, şərqi xristianlıq bölməsinin professoru Teo van Lint və türk dili və ədəbiyyatı üzrə doktor Loran Minyon, eləcə də Bodleyn kitabxanasında şərqşünaslıq departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru doktor Françeska Leoni, Bodleyn muzeyində Yaxın Şərq və İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak ediblər.

Bu tədbirə professor Nərgiz Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşünas-alim, BDU-nun ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev də qatılıb. Professor N.Paşayeva alimlərin suallarını cavablandıraraq çıxışını bu cür yekunlaşdırıb: “Bizim iki qürur mənbəyimiz varsa, onlardan biri Nizami Gəncəvidir”.


Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilməsi üzrə Böyük Britaniyada Oksford Universitetinin nəzdində Azərbaycanın təmsil olunacağı ilk elmi-tədqiqat ocağıdır. Nizami Gəncəvinin adını daşıyan bu elmi mərkəz, Azərbaycanın ədəbi, elmi, tarixi irsinə və mədəniyyətinə aid uzunmüddətli elmi-tədqiqat layihələrini, müxtəlif mədəni və ictimai tədbirlərin, müntəzəm surətdə ictimai elmi mühazirələrin və müzakirələrin aparılmasını və digər tədbirlərin həyata keçirilməsini məqsəd olaraq qarşısına qoyur. Mərkəz Oksford Universitetində Azərbaycandan və həmçinin digər ölkələrdən müxtəlif ixtisas sahələri üzrə tələbə və akademik proqramlarını həyata keçirməyi də nəzərdə tutur.

Anlaşma Memorandumunun imzalanmasının ardınca Oksford Universitetinin rəhbərliyi adından qonağın şərəfinə universitetinin qədim Krist Çörç kollecində görüş təşkil edilib. İşgüzar səfər zamanı Oksford Universitetinin təhsil imkanları və burada həyata keçirilən təlim-tədris prosesi ilə tanış olan professor Nərgiz Paşayeva universitetin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoylandın müşayiəti ilə dünyanın qədim və ən nüfuzlu universitetləri sırasına daxil olan bu təhsil ocağının nəzdində fəaliyyət göstərən məşhur Aşmolean muzeyində onun üçün təşkil edilmiş İslam və Qədim Yaxın Şərq zallarına baxış keçirib. Sonra Oksford Universitetinin və dünyanın ən qədim və zəngin kitabxanalarından hesab olunan məşhur Bodleyn kitabxanasını ziyarət edərək, burada Orta əsrlər dövrünə aid bir sıra dünya, xüsusilə Şərq klassiklərinin, o cümlədən Nizami Gəncəvinin əsərlərinin əlyazmaları və onlara aid illüstrasiyalarla tanış olub. Bu məqsədlə Oksford Universitetinin rəhbərliyinin təşəbbüsü ilə muzeydə qonaq üçün xüsusi ayrılmış Hersoq Hemfri zalında Nizami Gəncəvinin əsərlərindən ibarət nadir əlyazma nüsxələri və dahi şairin “Xəmsə”sinə aid müxtəlif illüstrasiyalar nümayiş etdirilib. Daha sonra Oksford Universitetinin adından professor Nərgiz Paşayevaya Nizami Gəncəvinin “Xəmsə”sinin XVI əsrə aid əlyazmasının elektron surəti təqdim olunub. Öz növbəsində Nərgiz Paşayeva kitabxanaya Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə edib.


2013-cü il noyabrın 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, AMEA-nın tanınmış alimləri, tarixçilər, şərqşünaslar, linqvistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbirdə çıxış edən Nərgiz Paşayeva qonaqların diqqətinə çatdırıb ki, belə bir Mərkəzin yaradılmasında əsas məqsədlərdən biri sovet dövründə beynəlxalq aləmdə özünü yetərincə anlatmayan, büruzə verməyən və sübut etməyən Azərbaycanın elmini tanıtmaqdır: “Bu boşluğun obyektiv səbəbləri o idi ki, sovet dönəmində heç bir ictimai-humanitar elm sistemi senzuradan azad şəkildə fəaliyyət göstərə bilməzdi. Ümumiyyətlə, tarix, şərqşünaslıq, ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq altında idi və elmi kitablar, əsərlər rus dilindən savayı heç bir Avropa dillərinə yüksək səviyyədə tərcümə edilməyib”.


N.Paşayeva qeyd edib ki, Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının dəyərli əsərləri var: “Bu əsərlər Oksford Universitetində tədris edilən kitablardan - almanların, ingilislərin, fransızların yazdıqları kitablardan elmi tutumuna görə az əhəmiyyətli deyildir”.


Bu il iyul ayının 21–də professor N.Paşayevanın dəvəti ilə Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun İranşünaslıq bölməsinin rəhbəri professor Edmund Herzig, institutun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi doktor Culyan Foltles, Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru Robert Hoyland ilə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar. Burada keçirilən görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, digər tanınmış elm və ictimai-siyasi, mədəniyyət xadimləri iştirak ediblər. Səfər çərçivəsində Oksford Universitetinin alimləri Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev ilə görüşüblər.


Baş nazirin müavini dünyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından sayılan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən böyük qiymət kimi dəyərləndirib. Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önəm daşıdığını söyləyib.

Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford Universiteti ilə əməkdaşlığın gözəl nəticələr verəcəyinə əminliyini qeyd edib.


Uğurlu əməkdaşlığın davamı olaraq professor Nərgiz Paşayeva bu il dekabrın 4-də Oksford Universitetinin dəvəti ilə Böyük Britaniyaya səfər edərək, burada universitetin nüfuzlu alimləri ilə görüşlər keçirib. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri Robert Hoyland ilə görüş zamanı mərkəzin fəaliyyətindən, görüləcək işlərdən, eləcə də qarşılıqlı maraq doğuran məsələlərdən bəhs edilib. Görüşə qatılan Saint Cross kollecinin rəhbəri, Albert və Viktoriya muzeyinin direktoru vəzifəsində on il çalışmış ser Mark Cons professor Nərgiz Paşayevanı salamlayıb və mərkəzin işinə uğurlar arzulayıb.


Oksford Universitetinin Saint Cross kollecində keçirilən görüşlər zamanı hər iki alim - Britaniya tərəfdən Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru Robert Hoyland və Azərbaycan tərəfdən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva jurnalistlərə müsahibə verib.


AzərTAc müsahibələri təqdim edir.

Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırmalar Mərkəzinin professoru

Robert Hoyland ilə müsahibə

- Mümkünsə, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq proqramı ilə bağlı təşəbbüsün necə meydana gəlməsi barədə danışardınız.

- 2013-cü ildə arxeoloji yerlərə baxmaq məqsədilə Azərbaycana getmişdim və orada məni professor Nərgiz Paşayeva ilə tanış etdilər. Onunla görüş zamanı geniş müzakirə və fikir mübadiləsi apardıq. Belə qənaətə gəldik ki, bizi ümumu maraqlar, xüsusilə təhsil və onun müsbət təsiri birləşdirir. Bu, müasir dünyada bir çox məsələlərin həllində insanlara yardım edir.

Nəticədə öz fikirlərimizi konkret olaraq necə və hansı formada həyata keçirə biləcəyimizi düşündük. Beləliklə, Azərbaycanın və geniş mənada Cənubi Qafqaz bölgəsinin tarixi boyunca ətraf dünya ilə əlaqə və münasibətlərini öyrənib tədqiq etməyi qarşısına məqsəd qoyan tədqiqat mərkəzinin yaradılması təşəbbüsü meydana gəldi.


Şeyx Zayed bir vaxtlar deyib ki, keçmişi olmayan hər hansı bir şəxs özünün nə indiki, nə də gələcək halından düzgün bəhrələnə bilməz və bu, öz-özlüyündə gözəl və ruhlandırıcı bir kəlamdır. Beləliklə, biz Mərkəzin yaradılması işinə başladıq. Bu Mərkəz insanları, xüsusilə Oksford Universiteti və Azərbaycan tərəfdən alim və tələbələri bir araya gətirməklə yanaşı, birgə tədqiqat işinin həyata keçirilməsini və bu bölgənin tarixinin öyrənilməsini təmin edəcək.

- Sizcə, bu proqramın Oksford Universiteti və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Oksford Universitetində əslində Qafqaz bölgəsinin müasir dövrə qədərki çağları lazımi dərəcədə öyrənilib tədqiq edilmir. Müasir dövrün tədqiqinə isə geniş yer ayrılır və bu tədqiqatlar əsasən hazırda mövcud olan fikir ayrılıqlarının, mübarizələrin və problemlərin öyrənilməsinə yönəlib. Bunu nəzərə alaraq, Oksford Universitetinin əvvəllər öyrənib tədqiq etmədiyi müasir dövrə qədərki məsələlərin araşdırılmasına daha çox vaxt ayırmaq fikrindəyik. Bu baxımdan İran və Orta Şərq öyrənilib, lakin Cənubi Qafqaz əhatə edilməyib. Bu, müəyyən mənada Oksford tərəfindən mövcud boşluğu tamamlamaq məqsədi daşıyır. Həmçinin Oksford Universitetinin Şərqşünaslıq İnstitutunda mənim apardığım tədqiqatları yetərincə tamamlaya bilər. İnstitutda biz iranşünaslıq, ərəbşünaslıq və türkşünaslığı öyrənirik, lakin Cənubi Qafqazla və xüsusilə Azərbaycan ilə bağlı öyrənilməmiş məsələlər çoxdur. Bir qədər əvvəl dediyim kimi, bu, həm mövcud boşluğu aradan qaldıra, həm də inkişaf edən və dünya əhəmiyyətli hadisələrin baş verdiyi və əhəmiyyəti gündən-günə artan region və sivilizasiya ilə münasibətlərimizin genişlənməsinə gətirib çıxara bilər.

- Son olaraq bilmək istərdik ki, proqram çərçivəsində hansı layihələr həyata keçiriləcək və növbəti beş il üçün planlarınız nədən ibarətdir?

- İlkin mərhələdə biz üç kiçik layihə ilə işə başlamağı planlaşdırırıq. Əvvəlcə, Bərdə şəhərində arxeoloji tədqiqat və qazıntılar aparmağı düşünürük. Biz ona görə bu yeri seçmişik ki, mənbələrdə bu şəhər milad tarixi ilə yeni minilliyin ilkin dövrlərində mövcud olan və xristian dininə sitayiş edən Qafqaz Albaniyasının paytaxtı olub. Sonrakı dövrlərdə müsəlman ərəblər Cənubi Qafqazda buranı istehkam kimi istifadə etmişlər. Əslində bizim məqsədimiz Azərbaycanın kifayət qədər zəngin və rəngarəng tarixini üzə çıxarmaqdan ibarətdir. Bu baxımdan bu yer ilk baxışdan məni özünə cəlb etdi.


İkincisi, biz Azərbaycan tarixinə aid rus və Azərbaycan dillərində olan əsərlərin üzə çıxarılaraq seçilməsini və nəticə etibarilə ingilis dilinə tərcümə olunmasını həyata keçirəcəyik. Çevrilmiş əsərləri mərkəzimizin internet səhifəsinə yerləşdirməklə dünyanın istənilən yerindən onların təmənnasız əldə olunmasını təmin edəcəyik.

Üçüncüsü, Azərbaycan tarixinin müxtəlif aspektlərinin tədqiqini və onun müasir dövrə qədərki çağlarda ətraf aləmlə münasibətlərini öyrənməyi təmin edən tələbə təqaüdlərinin verilməsini nəzərdə tuturuq.


Bizim gələcəyə yönəlmiş çoxlu ideyalarımız var. Artıq dediyim kimi, hər bir ölkədən alim və tələbələrin iştirakı ilə birgə tədqiqatların aparılması, habelə məktəblərdə tədrisin həyata keçirilməsini qeyd etmək olar. Bundan əlavə, müvafiq sahələr üzrə alimlik dərəcəsi olan tədqiqatçıların spesifik post-doktorantura layihələrinə cəlb edilməsi ilə Azərbaycanın müasir dövrə qədərki tarixinə aid müxtəlif aspektlərin araşdırılması yaxşı olardı. Beləliklə, gələcək üçün çoxlu ideyalarımız var, lakin başlanğıc üçün nəzərdə tutduqlarımız yetərlidir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor

Nərgiz Paşayeva ilə müsahibə

- Mərkəzin fəaliyyəti, gördüyü işlər və gələcək planları haqqında danışmağınız maraqlı olardı.


- Mərkəzin yaradılmasına dair elmi layihəmiz böyük iddialara köklənən bir layihədir. Çünki Oksford Universiteti ilə əməkdaşlığın nə demək olduğu hər kəsə yaxşı aydındır. İlk olaraq bu, böyük məsuliyyətlə bərabər professionallıq, elmi təmkin, elmi qaydalara uyğun prosesin davamlı təşkilini tələb edir. Biz Oksford Universitetinin alimləri ilə bərabər mərkəz haqqında bir il fikir mübadiləsi aparmışıq. Bu müddət ərzində bir neçə görüşlərimiz olub. Mənim oktyabrın 28-də Oksford Universitetinə səfərim zamanı məramnamə imzaladıq, bundan sonra hazırlıq prosesi başladı. Bunun nəticəsi olaraq biz 2015-2020-ci illəri əhatə edən tədris və elmi proqramı hazırlamışıq. Bu proqram Oksford Universitetinin Şərqşünaslıq İnstitutu tərəfindən bəyənilərək qəbul edilib. Uğurlarımızın kökü ondadır ki, bizim istək və təşəbbüsümüz nəticəsində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini, müasir elm potensialını nəhayət, dünya elmi müstəvisinə çıxarmağa nail oluruq.


Məqsədimiz Azərbaycan elminin təkcə öz dar məkanından deyil, dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır. Beləliklə, biz dünya elmi məkanının bir hissəsinə çevrilmək imkanını qazanmış oluruq. Bu imkanı əldən vermək olmaz. Oksford Universiteti ilə müştərək əməkdaşlığımız məqsədimizə nail olmaq üçün lazımi imkanları yaratdı. Mən Oksford Universitetinin şərqşünaslıq fakültəsinin 20-yə yaxın professoru ilə görüşlər keçirdim. Bu görüşlərdə Nizami və onun yaradıcılığı haqda geniş fikir mübadiləsi apardıq. Bunun üçün professor heyətinə və layihənin Britaniya tərəfdən həmsədri professor Robert Hoylanda xüsusi təşəkkürümü bildirirəm.


Çox yaxşı haldır ki, mərkəz daxilindəki proqram həm tədris tutumu, həm də elmi yönlü istiqamətlərə malikdir. 5 ildə 3 aspirant, 3 magistrant yetişdirməyi, müəyyən elmi nəzəri kitabları tərcümə etməyi nəzərdə tutmuşuq. Təəssüflər olsun ki, Azərbaycan alimlərinin yaratdığı elmi əsərlərin heç biri akademik səviyyədə Avropa dillərinə tərcümə olunmayıb, bu isə ciddi boşluqdur. Müasir dünyada tərcümələrin olmaması və elmi mərkəzlərdə, kitabxanalarda, universitetlərdə təmsil edilməməsi görülən işləri sual altına qoyur. Beləliklə, bizim qədəm qoyduğumuz yol böyükdür və əziyyətlidir. Lakin başlanğıc çox şərəfli və tarixi bir başlanğıcdır.


Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik mülahizəyə sığan fiqur deyil, böyük Şərqin böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Nizaminin Azərbaycan alimləri tərəfindən işlənmiş yetərli qiymətli əsərləri Oksfordda tədricən yayılmalıdır. Ümumiyyətlə, Azərbaycan nizamişünaslığı dünyada öz ədalətli yerini tuta biləcək potensiala malikdir. Bu işlərin hamısı bizə bağlıdır, müştərək fəaliyyətimizin əsas qayəsidir. Onu da qeyd etmək istərdim ki, əgər hər hansı bir tutarlı mərkəzin hüquqi əsası yoxdursa, o, keçici, formal, ani xarakter daşıyır. Sanki bir nümayəndəçilik funksiyasına bənzəyir, çünki müasir dünyada hər hansı bir universitetlə əməkdaşlıq etmək, tədbirlər həyata keçirmək çox asandır. Lakin bu qaydalarla Oksfordla əməkdaşlıq etmək mümkünsüzdür. Ona görə ki, bu mötəbər təhsil ocağının kifayət qədər sərt tələbləri mövcuddur. Oksfordun qanun və qaydalarına uyğun olaraq yaratdığımız mərkəz artıq onun qəbul edilmiş tərkib hissəsinə çevrilmək imkanını əldə edib. Bu isə böyük nailiyyətdir!


- Gələcək planlarınızda, həmçinin internet resurslarının yaradılması da yer alır. Bu barədə nə deyə bilərsiniz?


- Hər ilin sonunda görülən işlər haqqında mütəmadi məlumat verilməlidir. Bunun üçün hazırda professor Robert Hoylandla müştərək veb-sayt hazırlayırıq. Saytımızda layihə və mərkəz haqqında məlumatlar yerləşdiriləcək, informasiya mütəmadi olaraq yenilənəcək. Hər ilin sonunda şərqşünaslıq fakültəsinə elmi işlərimiz haqqında məlumat veriləcək. Şərqşünaslıq İnstitutu tərəfindən mərkəzin işi bu məlumatlar əsasında qiymətləndiriləcək.


Görülən işin sanbalı yüksək olduqda elmi mərkəzin də nüfuzu yüksələcək. Qarşıdakı məqsədlərə düzgün istiqamətlə, doğru elmi baxışla getsək, Oksfordda nüfuz qazansaq, bu, Azərbaycan elmi və mədəniyyətinə tutarlı töhfə ola bilər. Odur ki, Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi misilsiz dəyərə malik, gələcək nəsillər üçün tarixi bir başlanğıc açan layihədir.

Onu da qeyd etmək istərdim ki, Oksfordda dünyanın ən böyük nəşriyyatı yerləşir və burada hər gün 16 kitab çapdan çıxır. Çoxşaxəli fəaliyyətimizin istiqamətlərindən biri də odur ki, mərkəzimiz vasitəsilə Azərbaycan elmi fikrinə, düşüncəsinə aid olan elmi-nəzəri əsərlər Oksfordun nəşriyyatında çap olunaraq işıq üzü görsün.


Bizdə bir gözəl məsəl var: “Zər qədrini, zərgər bilər”. Bu elmi mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədailəri biləcəklər. Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir yol açırıq, başlanğıcda biz varıq və bu, keçici xarakter daşımır. Bu, perspektivli layihədir, davamçıları gənc alimlərimiz, aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki, qafqazşünaslıq dedikdə ədəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz bir çox ixtisaslar – tarix, arxeologiya, diyarşünaslıq üzrə araşdırmalar, tədqiqatlar aparmağı nəzərdə tutmuşuq. Universitetlə bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür. Qoy bu yolda bizə həmişə uğur nəsib olsun.


Müsahibənin sonunda professor Nərgiz Paşayeva qarşıdan gələn yeni ildə Oksford Universiteti şərqşünaslıq fakültəsinin heyətinə və mərkəzin işçi qrupuna uğurlar arzuladı. Oksford Universitetinin “Dominus illuminatio mea” (Tanrı, yolumu işıqlandır) devizini xatırladan N.Paşayeva layihənin 5 illik təqvim planının uğurlu olmasını dilədi: “Bu, əbədi və əzəli dəyərlərə bağlı bir devizdir. Bu, maddiyatdan kənar, mənəviyyata bağlı devizdir. Bu deviz altında Oksford Universiteti ilə birgə çalışmaq, mühüm və yenilməz işlərə imza atmaq, xidmət etmək böyük şərəfdir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR