"Saakaşvilinin çıxışı Azərbaycan prezidentinin ruhuna yaxın idi"
Bizi izləyin

Qırmızı.az

"Saakaşvilinin çıxışı Azərbaycan prezidentinin ruhuna yaxın idi"

"Gürcüstan prezidenti Mixeil Saakaşvilinin Milli Məclisdəki çıxışı avantürist çıxış idi". Bu fikirləri Publika.Az-a açıqlamasında Milli Məclsiin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.


O söyləyib ki, Saakaşvilinin Azərbaycana səfərinin Putinin Rusiyada qələbəsi ilə əlaqəsi yoxdur və bu tip rəsmi səfərlər xeyli əvvəl planlaşdırılır: "Lakin onun Milli Məclisdəki çıxışı siyasi etikadan kənar oldu. Milli Məclis beynəlxalq təşkilat deyildi ki, burada özünün beynəlxalq siyasi fikirlərini bildirib, başqa bir dövlətin ünvanına ittihamlar səsləndirsin. O, Azərbaycan və Gürcüstan münasibətləri üzərində dayanmalı, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktına toxunmalı idi. Amma bunlardan heç biri olmadı. Saakaşvili daha çox öz auditoriyasına ünvanlanan çıxış etdi. Balanslı siyasət yürüdən bir dövlətin parlamentində belə bir çıxış yersiz idi".

Bu fikirlərə münasibət bildirən politoloq Zərdüşt Əlizadə isə Publika.Az-a açıqlamasında bildirib ki, Mixeil Saakaşvilinin çıxışı öz mahiyyəti ilə qərəzli və avantürist sayılmaya bilər: "Onun bu cür mətnlə Milli Məclisdə çıxış etməsində elə bir nöqsan görmürəm. Bütün prezidentlər hardasa çıxış edəndə, öz dövlətlərini də narahat edən məsələlərə toxunurlar. Rusiya amili isə regional anlam kəsb edir və Moskvanın siyasəti yalnız Gürcüstan üçün narahatlıq doğurmur".

Politoloq vurğulayıb ki, Saakaşvili öz çıxışında Cənubi Qafqazda sülh və sabitliyə olan Rusiya müdaxiləsindən söz açıb . Milli Məclisdə belə çıxışın edilməsində heç bir avantüra görmürəm. Parlamentlərdə belə olmalıdır. Fəzail Ağamalının xoşuna gəlmirsə, Milli Məclisə keçirilən növbəti seçkilərdə namizədliyini irəli sürməsin”.

Z.Əlizadə qeyd edib ki, Saakaşvilinin çıxışı Azərbaycan prezidentinin yürütdüyü siyasətin ruhuna yaxın idi: "Sadəcə Azərbaycan qonşu Gürcüstandan fərqli olaraq, Rusiya ilə münasibətləri hələ zahirən korlamaq istəmir. Lakin bu da, müəyyən bir zamana qədərdir".

Rüfət Əhmədzadə,
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm