Kinostudiyanın direktoru: "Əvvəl iş qoyun ortaya, sonra pul istəyin" – MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Kinostudiyanın direktoru: "Əvvəl iş qoyun ortaya, sonra pul istəyin" – MÜSAHİBƏ

Müsahibimiz Müşfiq Hətəmovdu - Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni təyin olunmuş gənc direktoru.. Təyinat əmri üç gün əvvəl verilsə də, əslində iki aydi ki, bu vəzifəni icra eləyir. Artıq bəzi vacib işlər görməyə də macal tapıb. Məsələn, “Azərbaycanfilm” kinostudiyasının saytı hazırlanıb və istifadəyə verilib. Müsahibə zamanı da bir gözü saatda, bir qulağı telefonda idi. Amma suallarımıza mümkün qədər ətraflı cavab verdi, kinostudiya ilə bağlı növbəti planlarından danışdı.


- Müşfiq bəy, birinci sizi yeni vəzifəniz münasibətilə təbrik eləyirəm.

- Təşəkkürlər.

- İkinci, kinostudiyanı hansı vəziyyətdə təhvil aldınız?

- Gəlin, söhbətə belə başlamayaq. Niyə həmişə birinci nöqsanlarla maraqlanırsınız?

- Mən sadəcə sual verdim. Nöqsanları siz yada saldınız.

- Kinostudiyada artıq bir neçə film istehsalat prosesindədi. Bəzi problemlər vardı. Onlar da həll olunub. Tezliklə yeni filmlər də istehsalata buraxılacaq.

- Hansı filmlər tamamlanmaq üzrədi?

- Elxan Cəfərovun “Dolu” filmi montajdadı. Şamil Əliyevin “Çölçü”, Ayaz Salayevin “Ehram TV” filmi tamamlanmaq üzrədi. Sonuncunun adı, yəqin ki, dəyişəcək, “Ehram TV” olmayacaq. Mirzə Fətəli Axundov haqqında filmin çəkilişləri başlayıb. Bir şeyi də qeyd eləyim. Bundan sonra paralel olaraq həm də çəkiliş prosesi haqqında qısa film çəkiləcək- yəni film haqqında film - və kinostudiyanın saytına yerləşdiriləcək.

- Sayt gündəlik yenilənəcək, yoxsa statik olacaq?

- Bəzi xırda-para işlər qalıb. İnşallah, onları da həll eləyəndən sonra gündəlik yenilənən sayt olacaq. Kinostudiya ilə bağlı bütün xəbərlər ən birinci orda çıxacaq.

- Kinostudiya direktoru kimi verdiyiniz ilk qərar nə oldu? Yoxsa hələ vəziyyətlə tanış olursunuz?

- Yox, ilk verdiyim qərar köhnəni dağıtmadan müasir dövrün tələblərinə uyğun istehsalat sistemi qurmaqdı. Bütün film direktorları ilə görüşdüm, gələcəkdə filmlərin hansı sistemlə istehsal olunacağını, layihələrin hansı formada qəbul ediləcəyini müəyyənləşdirdik. Bundan sonra layihələr ssenari yox, sinopsis şəklində qəbul olunacaq. Biz adətən, filmi çəkib qurtarandan sonra başlayırıq fikirləşməyə ki, harda göstərək, necə yayaq, kimlər baxacaq, kimlər baxmayacaq... Halbuki filmin gələcəyi, 30- 40% ideyanın təsdiqi mərhələsində həll olunur - dünyada yayımı, hansı prodüser mərkəzləri bizimlə əməkdaşlıq eləmək istəyər ə sair.. Siz kinostudiyanin görünüşünə fikir verməyin. Burda çox yaxşı mütəxəssislər var. Ancaq onlardan istifadə eləmək lazımdı. Mən bura təyin olunandan iki sonra özüm üçün 70 sual hazırlayıb masamın üstünə qoymuşam. Məsələn, suallardan biri belədi: “Azərbaycanda istehsalat mexanizmini düzgün qurmaq üçün neynəmək lazımdı?” Istedadlıları, ən yaxşıları seçmək... və keyfiyyət! Əgər o yetmiş sualın hamısının cavabı tapılsa, düzgün iş mexanizmi qura biləcəyik.

- Bu vaxta qədər ssenarilər Mədəniyyət Nazirliyinin müsabiqəsində iştirak edirdi, istehsalata buraxılacaq layihələr orda seçilirdi. Artıq bu iş kinostudiyada həyata keçiriləcək?

- Yox, yox. Əvvəllər kinostudiya, bir qayda olaraq, nazirliyin təklif elədiyi layihələri reallaşdırırdı. Ancaq indi bir istehsalat müəssisəsi kimi çalışacağıq ki, Mədəniyyət Nazirliyinə həm də öz layihələrimizi təklif eləyək. Düzdü, mən özüm nazirlikdən gəldiyimə görə bəzən yoldaşlar gülürlər. Deyirlər, bunu niyə eləyirsən? Cavab verirəm ki, bu bizə lazımdı.

- 90- cı illərin sonlarında milli kinematoqrafiya pulsuzluqdan əziyyət çəkəndə Ayaz müəllim: “bu o qədər də pis deyil. Kinoda ələnmə baş verəcək, təsadüfi insanlar gedəcəklər” demişdi. Amma indi deyir ki, heç bir ələnmə olmadı, çünki kino dövlətin büdcəsində qaldı.

- Ayaz müəllimin fikri ilə o qədər də razı deyiləm. Azərbaycanda çoxlu özəl prodakşnlar yaranıb.

- Amma onlar da maliyyəni dövlətdən istəyirlər.

- Çünki bizdə professional prodüserlər yox dərəcəsindədi. Bunun da səbəbi prokatın yoxluğudu. Əgər prokat olsaydı, Ayaz müəllimin dediyi təbii seçmə baş verəcəkdi. Əfsus ki, bizim o vaxtkı nəsil kommersiya filmləri çəkmək istəmədi, müəllif filmlərinin istehsalı davam elədi. Amma onları nə xaricdə alan oldu, nə də daxili bazarda. Çünki bütün Sovet İttifaqında olduğu kimi bizdə də prokat yox idi. İnanın ki, dövlət, son iyirmi ildə kinoya yardım eləməsəydi, bəlkə Azərbaycanda bir nəfər də kino işçisi qalmazdı. Doğrudu, bundan sui-istifadə eləyənlər də oldu. Amma əsas odur ki, yeni nəsil gəlir. Mədəniyyət Nazirliyinin “Bu meydan, bu ekran” layihəsi sayəsində nə qədər gənc üzə çıxdı... Sizin dostunuz Fehruz Şamıyev də onlardan biridi.

- Bəli, Fehruzun “Yol” filmi keçən il “Bu meydan, bu ekran” çərçivəsində çəkilən filmlərin arasında ən yaxşısı idi.

- Yox, yox, tərifləməyin.

- Tərifləmirəm, bu həqiqətdi.

- Fehruz mənim dostumdu, amma.. Bunu belə də verin getsin.

- Baş üstə.

- Zarafat eləyirəm... Bəzən mənə deyirlər ki, pul azdı, çatmır. Mən bu fikrin əleyhinəyəm. Əvvəlcə standartlara cavab verən yaxşı bir iş qoyun ortaya. Sonra sizə nə qədər istəsəniz, pul verəcəklər.

- Yəni rəqabət yaratmaq lazımdı.

- Bəli, ortaya diqqətəlayiq heç bir iş qoymadan “pul ver” deyirik. Bəs indiyə qədər verilənlərdən düzgün istifadə edə bilirikmi?! Hollivud səviyyəsində texnika istəyirik. Bizim əksər rejiossorlarımız həmin texnikadan düzgün istifadə eləməyi bacarırmı? Ən böyük problemlərdən biri də budu. Biz milli kadrların xarici həmkarları ilə birgə işləməsinə şərait yaratmalıyıq, müştərək filmlər çəkməliyik. Hazırda bir neçə şirkətlə danışıq aparırıq. Onlara Bakıda nümayəndəlik açmağı və və texnikalarını bizə icarəyə verməyi təklif eləmişik. Yeri gəlmişkən, bu təşəbbüsdən sonra kinostudiyanı texnika ilə təmin eləyən şirkətlər 40- 60% endirim eləyiblər.

- Nümayəndəlik necə fəaliyyət göstərəcək?

- Böyük bir şirkətin nümayəndəsi bütün texnikası ilə Bakıya gələcək. Biz də onun avadanlığını icarəyə götürəcəyik.

- Bəs o texnikadan istifadə eləyən kadrlar?

- Onların bəziləri var. Olmayanları da hazırlayacağıq. Kinostudiya təmirə çıxana qədər bizə hansı avadanlıqların lazım olduğunu biləcəyik. Onlara uyğun kadrlar da hazırlanacaq. Kinostudiya işə düşəndə həmin avadanlıqları öz kadrlarımız işlədəcək. Üstəlik bu yaxınlarda filmlərin dünyaya yayılması ilə məşğul olan beynəlxalq şöbəmiz də açılacaq.

- Yerli filmlərimizi dünyaya çıxartmaqdan danışdınız. Bunun üçün birinci nə lazımdı?

- Birinci təşəbbüs.. Sonra beynəlxalq standartlara cavab vermək.

- Yəqin ki, həmin standartlara filmin məzmunu da daxildi?

- Məzmunu o qədər də deməzdim.

- Kiril Razaloqov Kinematoqrafçılar İttifaqındakı mühazirəsində demişdi ki, Azərbaycan kimi balaca ölkələrin lokal mövzularla, tarixi filmlərlə dünyaya çıxmaq şansı yoxdu. Bunun üçün daha orijinal mövzular tapmalıdılar.

- Yox, tarixi filmlərlə də dünyaya çıxmaq mümkündü. Amma bunun elə bir həllini tapmalıyıq ki, həm istənilən tamaşaçıya maraqlı olsun, baxıb istirahət eləsin, həm də biz öz sözümüzü deyə bilək. Bizim filmlərimizin ən böyük qüsurları nədi? Pafos. Ritm pozğunluğu. Personajların danışıq tərzi. Bir dəqiqəlik hadisəni iyirmi dəqiqəyə danışmaq. Halbuki dünyada hər şeyi sürət həll eləyir, hər şeyi... Insanlar artıq informasiyanı o qədər sürətlə gözəl ötürür, hadisənin elə gözəl bədii həllini tapırlar ki, film baxılir. Bizdə ssenaridə hər şey yazılır. Bəzi rejissorlar da ssenaridə nə yazılıbsa, onu da çəkir, əhvalata öz yozumunu vermir.

- Yeri gəlmişkən, bu yaxınlarda Atom Eqoyanın “Ararat” filminə baxdım. Siz dediyiniz həmin bədii həll məsələsi orda da var. Rejissor 15- ci il hadisələrini öz variantlarında təsvir edir. Amma hadisələrin arasına, dialoqlara “ola bilsin, həqiqəti təhrif eləyirəm. Ola bilsin, yalan danışıram, ancaq mən buna inanıram və sona qədər inanacağam. Sizin isə öz işinizdi: istər inanın, istər yox.” deyən eyhamlar atıb. Və bu fikri o qədər sadə tərzdə göstərir ki, adam gözünü ekrandan ayıra bilmir.

- Əlbəttə. Hər şey rejissorun yozumundan asılıdı. Qarabağla bağlı bizim də bəzi ideyalarımız var. Birini deyim. Qarabağda alban kilsəsi var. Divarında daşdan yonulmuş alban xaçı, başında dəmir qriqorian xaçı. Alban xaçının qriqorian xaçına necə keçdiyi barədə bir film çəkmək olar. Əgər həmin dövr haqqında film çəksək, mövzunun bədii həllini tapsaq, görün, dünyaya hansı prosesləri açmış olarıq.

- Yəni heç kimi təhqir eləmədən...

- Bəli. Təhqir etmədən. Bizə “Qarabağ bizimdi” deyə qışqırmaq lazım deyil. Onsuz da bunu hamı bilir. Sadəcə biz elə faktlara diqqət çəkməliyik ki, ermənilər onlara etiraz eləyə bilməsinlər. Biz “erməni günahkardı, cinayətkardı” deməyəcəyik, sadəcə tarixin bir dönəmi haqqında danışacağıq.

- Yəni artıq saqqallı, vəhşi erməni obrazından uzaqlaşmaq lazımdı.

- Onların bizim əleyhimizə danışmasına imkan verməməliyik. Bu yaxınlarda mən Moskvada böyük bir tədbirdə iştirak edirdim. Gördüm ki, afişada “Yallı” erməni rəqsi, Rəşid Behbudov da erməni estradasının nümayəndəsi kimi yazılıb. Orda oturan erməni xanımdan sual verdim ki, niyə bizim musiqiləri öz adınıza keçirirsiniz? Xanım cavab verdi ki, bu mübahisəli məsələdi, bir fakt deyin. Elə bildi ki, mən “yallı”dan, “tərəkəmə”dən danışacam. Amma mən soruşdum ki, Rəşid Behbudov nə vaxtdan erməni olub? Qadın çaşdı və anlaşılmazlıq olduğunu deyib aradan çıxdı. Müasir erməni gəncliyi bu uydurma “böyük Ermənistan” ideyasının necə, hardan yarandığını bilmir, fikirləri qarışıqdı. Biz bundan istifadə eləməyə çalışmalıyıq. Ümumiyyətlə, artiq hər şeyə yüksək estetik münasibət olmalıdı. Baxışlarımızı dəyişməliyik. Hər şeyə qarşı. Bizdə belə potensial var. Məsələn, “Əli və Nino” layihəsi. Əgər orda Azərbaycan mədəniyyətini önə çəkməyi bacarsaq, bu çox nailiyyət olardı. Cünki “Əli və Nino” böyük layihədi və Azərbaycan üçün ciddi təbliğat vasitəsinə bilər.

- Kinostudiya bu layihədə necə iştirak eləyəcək, ümumiyyətlə, iştirak edəcəkmi?

- Bu məsələ hələ dəqiqləşdirilməyib. Odur ki, konkret bir söz deyə bilmərəm. Amma onların nümayəndələri burda oldu. Bizim mütəxəssislər onlara geyimlərlə, ornamentlərlə bağlı məsləhətlər verdilər. Elə şeylər var ki, yalnız biz bacarırıq, elə şeylər də var ki, yalnız onlar eləyə bilirlər. Ola bilsin, bizim dekorasiya, geyim üzrə rəssamlarımız, bəlkə hətta musiqiçilərimiz də “Əli və Nino” layihəsində iştirak elədi. Dediyim kimi, hələ layihə üzərində iş getdiyinə görə belə detallar dəqiqləşdirilməyib.


Söhbətləşdi: Aygün Aslanlı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm