Ovçu, insaf elə, keçmə bu düzdən…
Bizi izləyin

Qırmızı.az

Ovçu, insaf elə, keçmə bu düzdən…

Ova nə vaxt başlayaq?


Məşhur şeirin bu parçasından göründüyü kimi, yazımızın mövzusu ovçuluqdur. Bu mövzu ölkə ərazisində fevralın 28-dən ov mövsümü bağlandığına görə yenidən aktuallaşır. Qeyd edək ki, mart, aprel və may ayları ovuna icazə verilmiş heyvanlarn cütləşməsi, bala dünyaya gətirməsi dövrü olduğundan göstərilən müddətdə bütün ovçuluq təsərrüfatları qapalı saxlanılır. İyulun 10-dan isə yay ovçuluq mövsümünə start verilir.

Rəsmi məlumatlara görə, ölkəmizdə ovçuluq təsərrüfatlarının ümumi ərazisi 716 min hektardan çoxdur. Azərbaycanda nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan, çöl quşlarının qorunub saxlanılması üçün 40-dan çox dövlət qoruğu, milli park və yasaqlıq var. Bəs Azərbaycanda ovçuluğun qayda-qanunları nədir? Hansı heyvanları ovlamaq qadağandır? Ovçular nədən şikayətlənirlər?

Amma hələ ki, yazını məşhur şair, fotoqraf və keçmiş ovçu Vaqif Səmədoğlunun qısa amam isti təqdimatı ilə başlayaq
“İnsanın işə getməyi, maaş almağı da ovun bir növüdür…”

Xalq şairi Vaqif Səmədoğlu Publika.Az-a açıqlamasında 40 ildir ki, Respublika Ovçular və Balıqçılar Cəmiyyətnin üzvü olduğunu deyir: “ 3 il əvvəl cəmiyyətin fəxri üzvü elan olunmuşam. Bəşəriyyət, insanlar tarixin çox hissəsini siyasətlə, ticarətlə, kənd təsərrüfatı ilə sənaye ilə deyil, ov ilə dolanıblar. Ona görə yuxarıdan aşağı baxmaq olmaz, bizi ov saxlayıb. Balaca uşağın ağılaya ağlaya nəysə istəməsi, göz yaşları da silahdır, bir insanın işə getməyi, işdən maaş almağı o da ovun bir növüdür. İnsandan başqa canlıların hamısı bu gün də ovla yaşayırlar”.

V.Səmədoğlunun sözlərinə görə bu illərdə ən çox ovladığı su quşları olub. Xalq yazıçısı ovla bağlı bir xatirəni də danışır: “Bir dəfə İsmayıllı tərəfdə ova getmişdik. Başımı qaldıranda gördüm məndən 10 metr qabaqda ayı durub və mənə baxır. Mən də qırqovul ovuna getmişdim. Tüfəngimdə 5 N qırma vardı, o ayıya heç nə edə bilməzdi. Ayını vurmaqdan ötrü ya güllə, ya da karteç lazımdır. Uzun sözün qısası kəlmeyi -şəhadətimi o zaman bilmirdim ki, oxuyum. Baxdım onun gözlərinə və dedim: “Yekə oğlansan çıx get, mən də gedim”. Bərkdən dedim və o da getdi. Amma çox qorxa-qorxa, arxama baxa-baxa qayıtdım. Çünki sürətlə getmək olmazdı. Artıq fikirləşmişdim ki, üstümə gələndə qırmanı atım ki, ayını 2 metrdə saxlasın”.

Həmsöhbətim deyir ki, heç vaxt qanunla ovlanması qadağan olan heyvanlara “əl qaldırmayıb”: “ Məsələn, mən heç vaxt canavar ovlamamışam, halbuki ona güllə atmaq imkanım olub, dovşan vurmamışam , çünki yazığım gəlib. Qaban vurmuşam, əsasən də su quşları vurmuşam. Amma neçə ildir heç ayağım ovçuluq təsərrüfatlarına dəyməyib, evdən çıxmamışam. İndi rezin kombinezonda, göbəyə qədər suyun içində necə dayana bilərəm?”.

Ancaq məməlilər…

Suallarımızı Respublika Ovçular və Balıqçılar Cəmiyyətinin sədri Füzuli Əşrəfova ünvanlamaq istəyimiz nəticə vermədi. F.Əşrəfov bizə kadrlar şöbəsi ilə danışmağı məsləhət görsə də, həmin şöbədən telefonlara cavab verən tapılmadı. F.Əşrəfov mediaya müsahibəsində hazırda Azərbaycanda 20 minədək adamın ovçuluqla məşğul olmaq icazəsi aldığını bildirib.

Altı ildən çoxdur Azərbaycanda quş ovuna qadağa qoyulduğundan ovçuluq təsərrüfatlarında ov mövsümü aktiv keçmir. Son illərdə ov mövsümü yalnız məməli heyvanlar üçün açılıb, bağlanılır. Yəni ancaq qaban, dələ, dovşan, qunduz, dağ keçisi (təkə), yenat, çaqqal və bəzi növ balıqların ovuna icazə verilir. Həmin heyvanların isə sayına müvafiq olaraq məhdud ov limiti müəyyənləşdirilir”.

Ayıya güllə atmaq qadağandır

Məlumat üçün bildirək ki, 2004-cü ilədək Azərbaycnda ayı ovu da mümkün imiş, amma hazırda ona güllə atmaq qadağandır. Bu, son illər ayıların sayının azalması ilə bağlıdır. Ölkəmizdə ovçuluqla məşğul olmaq istəyən vətəndaş Respublika Ovçular və Balıqçılar Cəmiyyətinə ərizə ilə müraciət etməli və ovçu huququnu təsdiq edən sənəd almalıdır. Ovçuluq hüququna yiyələndikdən sonra o, qanunla yaşadığı ərazinin polis şöbəsinə müraciət edib ov silahından istifadə ilə bağlı xüsusi icazə kağızı almalıdır. Həmin sənəd əsasında isə ovçuluq mağazalarından ov silahı almaq mümkündür.
Maraqlıdır, ovçuluğun yazılmamış və yazılmış qanunları hansılardır?

Qıyma, öz qanına boyana ceyran!

Uzun illərdir ovçuluqla məşğul olan Kamran Səlimov Publika.Az-a açıqlamasında bu məşğuliyyətə sevgisinin atasının ovçu olması ilə bağlı olduğunu deyir: “Cavan vaxtlarımda yaralanmış ovun başını kəsəndə ətim ürpəşirdi. Quşların civiltisinə dözə bilmirdim. Amma zaman keçdikcə ovçuluq həyatına öyrəşdim. Ceyran təbiət gözəlidir, ona güllə atmaq günahdır. Mən görməmişəm, ancaq ovçu yoldaşlarımdan yaralı ceyranının ağlamağının şahidi olanlar var. Ovçu qanunlarına görə, əsil ovçu ovu qadağan edilən heyvanlara güllə atmamalıdır”.

Ovçuluğun yazılmamış qanunları

Ovçu Kamranın sözlərinə görə, bütün peşələr kimi, ovçuluğun da yazılmamış qaydaları var. Məsələn, bəzən ov zamanı ovçulardan birinin bəxti gətirmir. Həmin ovçu evə əliboş dönməsin deyə, yoldaşları onun xurcununa mütləq ovlanmış ördəkdən, dovşandan qoymalıdır. Ovçuluğun yazılmamış digər qanunu ov bölgüsüdür: “Ovçuların bir-birini tanıyıb-tanımamısından asılı olmayaraq, birinin vurub yaraladığı heyvanı digər ovçu mütləq öldürməlidir.

Suya düşən yaralı ördək qamışlıqların arasında gizlənməyə can atır. Ova daha yaxın məsafədə olan ovçu mütləq onu vurmalıdır. Bu halda birinci ovçu “onu mən vurmuşam” deyə haqqını tələb etsə də, ikincisi də “mən vurmasaydım, qaçıb aradan çıxacaqdı” iddiasında bulunur. Burada dava-dalaşın, çığır-bağırın heç bir faydası yoxdur. Məsələni yoluna qoymağın yalnız bir yolu var. Birinci ovçu ikinciyə bir patron, yəni, atdığı güllənin əvəzini qaytarmaqla quşu ondan alır”.

Ovçunun sözlərinə görə, hər ovun öz atma xüsusiyyəti var. Yaşılbaş ördək saatda 80-90 km, qaşqaldaqsa 50-60 km sürətlə uçur: “Hər quş öz uçuş sürətinə görə vurulmalıdır. Güllə düz hədəfə yox, quşun uçuş sürəti nəzərə alınmaqla yarım metr qabağa atılır”.

Qaban ovu necə olur?

Müsahibimiz qaban ovunun çətinliyindən danışır: “Qaban ovu ən təhlükəli ovlardan biridir və hər ovçuyla bu ova getmək düzgün deyil. Qaban ovuna adətən 6-7 nəfər və 2-3 itlə getmək lazımdır. İt qaban ovunda ovçunun birinci köməkçisidir. Qaban ovunda ovçunun sərrastlığı, hissiyyatı həlledici amillərdəndir. Yaralanmış qabanda qisasçılıq hissi güclü olduğundan geri qayıdıb öz qisasını almağa çalışacaq. Bütün bunları göz önünə alan həvəskar ovçular dovşan, balıq və digər xırda hevan ovlamağı üstün tuturlar”.

Vəhşi heyvanları harda ovlamaq olar?

Qeyd edək ki, vəhşi heyvanların sayının tənzimləməsi məqsədilə qabanı Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllıda , təkənin Zaqatala, Şəki, Qax, Oğuzda, dovşanın isə Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlıda müvafiq ov sahələrində ovçuluq təsərrüfatlarında ovlanmasına icazə verilir.

Eyni zamanda, Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafında olan 1 kilometrə qədər sahələrdə ov qadağan edilir. Buna riayət etməyənlər ciddi şəkildə cəzalandırılır. Birdəfəlik ov icazəsinin qiyməti isə belə müəyyən edilib: Dovşanın ovlanması üçün 2.20 manat, çaqqala 3.96 manat, yenota və qunduza 1.65 manat, təkəyə 24.75 manat, qabana (çöl donuzu) 16.5 manat təşkil edir.

Məşhur ovçular

Azərbaycan ictimaiyyətinin yaxşı tanıdığı şəxslər içərisində də bu məşğulıiyyətə meyl edənlər var. Bunların içərisində millət vəkilli Fəzail Ağamalı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da var. Məmurlarımız içərisində də ovçuluğa maraq göstərənlərin olduğu deyilir. Amma onların adlarını dəqiqləşdirmək mümkün olmadı.

Ceyran ovlasanız, həbs olunacaqsız...

Sonda onu bildirək ki, ovçuluq təsərrüfatlarına ciddi nəzarət olunsa da brakonyerlik hallarının qarşısı tam alınmayıb. Bu səbəbdən də ovu qadağan edilmiş vəhşi heyvanların ovlanmasına görə cərimənin məbləği bir neçə dəfə artırılaraq minimum əməkhaqqının 3000 mislinə çatdırılıb. Azərbaycan təbiətinin nadir fauna növlərindən olan ceyranın ovlanmasına görə isə təkcə cərimə ilə can qurtarmaq mümkün deyil, həm də Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə dəmir barmaqlıqlar arasına düşmək təhlükəsi var.


Nailə Rövşənqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm