Etibar Əliyev: “Pul yığımının başında elə məktəb direktorları durur”
Bizi izləyin

Qırmızı.az

Etibar Əliyev: “Pul yığımının başında elə məktəb direktorları durur”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı mediaya açıqlamasında bildirib ki, bu, martın 1-dən 10-dək davam edəcək “Bağlı qapı günləri” qarşıdan gələn 8 - Mart Beynəlxalq Qadınlar Günü ilə bağlıdır.


8 mart Bayramı ərəfəsində müəyyən narahatlıq və ya narazılıqlar yarandığını deyən idarə rəsmisi bildirib ki, bunların qarşısını almaq üçün belə addım atmaq qərarına gəldik: “Valideynlər hesab edirlər ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə uşaqlardan məcburi şəkildə pul yığılır. Buna görə də heç bir narahatlığın yaranmaması üçün belə təşəbbüslə çıxış etdik və bu, bir çox məktəblərdə müsbət qarşılanıb. Orta məktəblərdəki müəllimlərin böyük əksəriyyətini xanımlar təşkil edir. Buna görə də kimsə öz müəllimini təbrik etmək istəyirsə buna etiraz etmir və ya qadağa qoymuruq”.

Mövzu ilə bağlı təhsil eksperti Etibar Əliyevin mövqeyini öyrəndik. O, Publika.Az-a açıqlamasında bildirdi ki, Təhsil Nazirliyi bu problemləri aradan qaldırmaq üçün hətta valideyn-müəllim assosiasiyası yaradıb: “Bu assosiasiyanın geniş təbliğatı gedir. Bu qurum məktəblərdə qeyri-formal vəsait yığımlarının qarşısını almalıdır, məktəb-valideyn münasibətlərini yaxşılaşdırmalıdır. Amma görsənir ki, bu qurum da özünün funksiyalarını yerinə yetirə bilmir. Nəticədə Təhsil Nazirliyi bir qədər inzibati metodlara əl atır ki, bu ərəfələrdə valideynlər məktəbə gəlməsin”.

E.Əliyevin sözlərinə görə, əslində müəllimlə valideyn təkcə məktəbdə görüşmürlər: "Hətta ibtidai təhsil mərhələsində repetitor təhsili var və uşaqlar müəllimlərin evinə gedir, yaxud valideynlərlə müəllimlər məktəb mühitindən başqa yerdə görüşə bilərlər. Amma bu saat məktəblərdə pullar yığılır. Belə çıxır ki, bu pullar uşaqlar vasitəsilə məktəbə göndərilir və ya valideynlər bu və ya digər vasitələr axtarıb bu pulu məktəbə çatdırır. Pul yığımının başında elə məktəb direktorları durur. Valideynin məktəbə gəlməməsi və bu günlərdə qadağa qoyulması o demək deyil ki, pul yığmağın kökü kəsiləcək. İstənilən valideyn gül-çiçəklə öz övladının müəllimini təbrik edə bilər. Bu təbii haldır, məhz xoşagəlməz halı isə məktəb direktorları yaradır”.

Ekspert bildirir ki, mərkəzə daxil olan məlumata görə, bu günlərdə məktəblərdə 8 mart- Beynəlxalq Qadınlar Günün münasibətilə 20-50 manat pul yığılır: “Valideynlərdən Təhsil Nazirliyinin qaynar xəttinə kimsə məlumat versə belə indi artıq elə məktəb direktoru var ki, onu heç kim vəzifəsindən çıxara bilməz. Məktəb direktoru var ki, neqativ hala yol versə belə onu vəzifəsindən çıxartmaq mümkün deyil, ya kiminsə qohumudur, ya da hansısa bir vasitə ilə bu vəzifəyə sahib olub. Nazirlik məktəb mühitinin yaxşılaşdırılmağın başqa yollarını düşünməlidir. 2-3 gün valideynin məktəbə gəlməməsi ilə bu neqativ hallar yığışdırılacaqsa, bu, yaxşı haldır. Ancaq indiki halda bu, inandırıcı görünmür”.

Nailə
Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm