Kəbleyinin “Одноклассники“ də “qız tutmağı“
Bizi izləyin

Qırmızı.az

Kəbleyinin “Одноклассники“ də “qız tutmağı“

Yazılarımla az-çox tanış olanlar mənim İslama münasibətimdən xəbərdardır. İnanclı insan olmasam da, islamdakı gözəllikləri görməyəcək qədər gerizəkalı da deyiləm. İslamın gözəllikləri, ruhani sakitliyi və ilahi energetikasından tam mənasi ilə xəbərdaram. Yəni bu barədə cəfəngiyat uyduranlara, islamı aşağılamaq istəyənlərə cavab verə biləcək qədər arqumentliyəm.

Bütün bunlara baxmayaraq islamı yalnız böyük bir mədəniyyət hadisəsi olaraq dəyərləndirirəm. İslama olan münasibətimi ona görə izah elədim ki, yazını oxuyan müsəlmanlar məni düşmən elan eləməsin. Əslində belə bir qorxum və narahatçılığım yoxdur. Sadəcə fanatik və cahil dindarların mənasız yozumlarını oxumaq həvəsim yoxdur.

Uzun müddət dindar camiənin içərisində olmuşam. Bu camiədə dəyərli insanlarla tanış olub, ünsiyyət qurmuşam. Bu gün də o insanlarla ünsiyyətimi davam etdirməkdəyəm.

Gəncə şəhərində yaşadığım vaxtlarda "reket" jurnalistika ilə məşğul olan bir tanışım vardı. Çox sıcaq münasibətlərimizə rəğmən başqa-başqa dünyanın adamlarıydıq. Mən öz bohemliyimlə, o da nümunəvi müsəlman olmaq iddiası ilə diqqət çəkirdik.

İki fərqli düşüncə sahibinin münasibətlərini təsəvvür etməyə çalışmayın. Çünki bütün günü mübahisə edir, o mənə islamı başa salmağa çalışır, mənsə onun xurafatçı və fanatik dünyagörüşünü tənqid edirdim.

Məmurlara göz açmağa imkan verməyən bu dindar, "reket" tanışım günlərin bir günü kitab yazmaq iddiasına düşdü və buna nail oldu. Mən onu tanıdığım iki il müddətində onun imzasıyla çap olunan 3-4 kitabı əlimə alıb vərəqləmək şansına sahib olmuşam. Dostumun kitabları haqqında uzun-uzadı danışmayacam. İstəyim, dindar dostumun "reket" jurnalistikadan uzaqlaşıb necə biznesmen olmasını sizlərə ərz eləməkdir.

Günlərin bir günü eşitdim ki, dostum artıq Məşhədə və Kərbəlaya ziyarət təşkil edən bir təşkilatın bələdçisidir. Zərrə qədər elmi olmayan, adını hələ də kiril qrafikası ilə yazan dostum necə jurnalist, yazar olmuşdusa o cür də ziyarət təşkilatçısı oldu.

İki il ərzində 10 dəfə Kərbəlaya,15 dəfə də Məşhədə və Quma gedib gəldi.

Haqqında danışdığım tanışım dünən zəng elədi ki, bəs Bakıdayam və bu gecə sənin kirayə mənzilini Kərbəlaya dəymiş qədəmlərimlə şərəfləndirmək istəyirəm. Mən də sevincək onu evimizə dəvət etdim ki, 10 qat Kəbleyi olan dostumun söhbətlərindən feyz alım.

Həzrət öz müqəddəs torpaqlara dəymiş qədəmləri ilə mənim kirayə mənzilimi şərəfləndirəndən sonra özümü yenidən bəxtəvər hiss etməyə başladım. Cənab nitqinə Allah kəlamı ilə başlayıb mənim kimi bohem yaşamağın dini-mübinə zidd olduğunu izah edəndən sonra mənim Almaniya istehsalı olan siqaretimdən bir dənə yandırıb tüstüsünü acgözlüklə ciyərlərinə çəkdi və bəlağətli səslə, fars ləhcəsi ilə qabağımdakı notebooka işarə edib, nitqinə başladı: "Tanışlıq saytları haramdır" deyib sosial şəbəkələrin insanı dindən uzaqlaşdırması ilə bağlı yarım saatlıq nitq irad elədi.

Mənə elə gəldi ki, İran aytullahlarına könül vermiş bu dostum sosial şəbəkələrə qarşı birmənalı olaraq barışmaz və qəzəblidir. Təsadüfən telefonuma gələn zəng bizim iman işığı ilə aydınlanan söhbətimizi yarı böldü.

Notebookumu internetə qoşub Kəbleyiyə təhvil verdikdən sonra balkona çıxıb zəngə cavab verdim. Söhbətim hardasa 40 dəqiqə uzandı və mən içəriyə gələndə təqvalı, inanclı, 10 qat Kəbleyi və 15 qat Məşədi tanışımı "Одноклассники" saytında qızlara eşq elan edən kədərli pozada yaxaladım.

Profilinə siqaretlə bir neçə şəkil çəkdirib qoyan tanışım ancaq hicablı qızlarla danışdığını(?) israr eləsə də, ərklə onun səhifəsinə göz gəzdirdim və Kəbleyinin ən ucuzvari "padxod"larla qızların baş-beynini dəng elədiyini gördüm.

Səhərdən mənə əxlaq dərsi keçən dindar tanışımın "padxod"unun bircə fərqi var idi ki, tanışım qadınlara seks təklifini adına layiq şəkildə edirdi. Yəni "xanım, gəl sevişək" yox, "xanım, gəl siğə oxutduraq" formatında.

Xeyli zarafat eləsəm də, Kəbleyi tanışımın fikri "Одноклассники" saytındakı qızların yanında qalmışdı. Söhbət əsnasında mənim hələ də "Одноклассники" saytında qeydiyyatdan keçmədiyimi eşidib çox təəccübləndi.

Tanışımı yüngülvari tənqid edəndən sonra ona bir sual verməyi də unutmadım:

-Kəbleyi, "Одноклассники"də "qız tutmaq" halaldır?

İmanlı tanışımın matı-mutu qurudu. Hiss olunurdu ki, bu sualların izahı üçün Ayətullah Lənkəranin saytına məktub yazmağa əşhədü-ehtiyac var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm