Ekspertlərdən xəbərdarlıq - Bakının havası xərçəng mənbəyidir
Bizi izləyin

Qırmızı.az

Ekspertlərdən xəbərdarlıq - Bakının havası xərçəng mənbəyidir

Bu gün paytaxt havasının hər kubmetrində 0.4-0.9 mq toz, 0.3 mq kükürd qazı, 1.2-1.7 mq dəm qazı, 2.9-3.4 mq azot 4-oksid, 0.6 mq his var. Küçədə gəzərkən bir anlıq gözlərinizi yumun, hər dəfə nəfəs aldıqca ciyərinizə bir az toz, his, dəm qazı çəkdiyinizi təsəvvür edin. Bəs hər gün ciyərlərimizə çəkdiyimiz bu maddələrin hansı orqanımızın fəaliyyətini pozur?

Aparılan monitorinqlər havada çirkləndirici maddələrin miqdarının normadan dəfələrlə çox olduğunu deyir. ABŞ Milli Okean və Atmosfer İdarəsinin apardığı araşdırmaya əsasən, dünya böyük bir təhlükə ilə üz-üzədir. Elm adamları atmosferdəki karbondioksid nisbətinin 800 min ilin ən yüksək səviyyəsinə çıxdığını müəyyən edib.

Publika.az-ın “Qırmızı xətt” layihəsində gözlə görmədiyimiz, lakin havadakı miqdarı hər gün artan bu maddələrin səhhətimizə vurduğu zərəri araşdıracağıq.

Çirklilik maşınlarla düz mütənasibdir

Dünyanın böyük şəhərlərinin problemi olan havanın çirklənməsi avtomobillərin sayı ilə düz mütənasiblik təşkil edir. İran KİV-lərinin məlumatına görə, Tehranda havanın çirklənməsinə səbəb olan başlıca amil nəqliyyat vasitələridir. Bu şəhərdə əhalinin 40 faizi ictimai nəqliyyatdan istifadə edir. Əhalinin 60 faizi isə öz şəxsi avtomobili ilə gediş-gəliş edir. Xarici KİV-lərin məlumatına görə isə Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb.

Ölkəmizdə də avtomobillərin sayı durmadan artır. Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycana 104 min 385 ədəd nəqliyyat vasitəsi idxal olunub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 3130 ədəd və ya 3,1% çoxdur. İdxal olunmuş avtomobillərin 94 min 879 ədədi minik avtomobili olub.

Son 10 ildə ölkədə şəxsi avtomobili olan ailələrin sayı 2,5 dəfə artıb. Belə ki, 2002-ci ilin sonunda ölkədə hər 100 ailədən 19-nun şəxsi avtomobili vardısa, 2012-ci ildə 100 ailədən 46-da avtomobil var. Maşınların sayı artdıqca, yaşıllıqların da sayı azalır. Bir aksiya ağacı 40 kvm ərazini zərərli maddələrdən qoruyur, 5 belə ağacın kəsilməsinin havaya nə qədər ziyan vurmasını təxmin etmək çətin deyil.

Hansı maddələr nə qədər çoxdur?

ETSN-in ətraf mühit üzrə milli monitorinq departamentinin direktor müavini Mətanət Ayvazova atmosfer havasının çirklənməsinin monitorinqinin ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparıldığını bildirib. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 90853 nümunə götürülüb. Həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 92466 analiz aparılıb:

“Bakı şəhərində əsas çirkləndiricilərdən tozun orta aylıq qatılığı 1,3 dəfə, azot 4-oksid 1,2 dəfə, hidrogen flüorid isə 1,6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Sumqayıt şəhərində azot 4-oksidin orta aylıq qatılığı 2 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 1,7 dəfə YVQH-ni keçib. Mingəçevir şəhərində atmosfer havasının tərkibindəki tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksid isə 1,5 dəfə YVQH-ni keçib. Şəki, Naxçıvan və Lənkəran şəhərlərində atmosfer havasının çirklənməsi norma daxilində olub”.

M.Ayvazova vurğulayıb ki, atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında aparılır:

“Bu zonalarda 23 məntəqədə 11 göstərici üzrə (sulfat, nitrat, fosfat, ammonium, xlorid, hidrokarbonat, maqnezium, kalsium ionları, elektrik keçiriciliyi, codluq, və pH) aparılır. Analizlərin nəticələrinə görə yağıntılarda təhlil olunan inqrediyentlərin ən az miqdarı Xızıda (30,6 mq/l), ən çox miqdarı isə Neftçalada (496,1 mq/l) müəyyən edilib. Yağıntılardakı mineral ionların əsas hissəsini sulfat (902,4 mq/l), kalsium (580,9 mq/l), xlorid (566,2 mq/l), hidrokarbonat (419,8 mq/l), maqnezium (207,8 mq/l), nitrat (84,6 mq/l) ionları təşkil edib”.

Hər maşından 200-ə yaxın komponent atılır

Ekoloq Telman Zeynalovun sözlərinə görə, paytaxtda və digər rayonlarda havanı çirkləndirən əsas səbəb maşınların zərərli qazlarıdır. Paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Yevlaxda bu problemlər var.

“Xüsusən paytaxtda maşınların sayı çoxdur. Bir tərəfdən də şəhər böyüyür, hər yerdə tikinti işləri aparılır, yeni yollar salınır ki, bu da çirkli maddələrin birbaşa havaya atılmasına səbəb olur. Bir maşından atmosferə 200-ə yaxın komponent atılır. Bunların içərisində dəm qazı, oksigen, kükürd, karbon, müxtəlif karbohidrogen və qurğuşun ən zərərli maddələrdir”.

Onun sözlərinə görə, havada çirkliliyin azalması üçün avtomobillərin hərəkəti məhdudlaşdırılmalıdır. Rayondan ağır tonnajlı maşınların Bakıya daxil olması qəti qadağan olunmalı və onların hərəkəti üçün əlavə yollar tikilməlidir. Maşınların sayı azaldılmalı, qaz və alternativ enerji ilə işləyən avtomobillərin sayı artırılmalıdır.

Məişət tullantılarının da avtomobillər qədər havanı çirkləndirdiyini açıqlayan ekoloq bildirib ki, bu məhsulların açıq havada yandırılması daha təhlükəlidir:

“Bu məhsulların təmizlənməsinin konkret bir qurum tərəfindən həyata keçirilməməsi problemləri artırır. Ona görə də, tullantıların idarə edilməsi vahid qurum tərəfindən aparılmalıdır. Həmçinin ətraf mühiti zibilliyə çevirənlərə qarşı cərimələrin miqdarı artırılmalıdır. İndiki cərimələr simvolik xarakterlidir və təsiri azdır. Küçəyə siqaret atmağa görə min manata qədər cərimə olsa, heç kim bir də buna cəsarət etməz”.

Havadakı zərərli maddələr qışda daha təhlükəli olur

Ekoloq Fəridə Hüseynova da hesab edir ki, yanacağın qiymətinin artması insanları dizeldən istifadəyə məcbur edir. Bu da çirkliliyi bir az da artırır.

“Dizel və ucuz benzin tam yanmadığına görə, havaya atılan zərərli maddələrin sayı daha çox olur. Şəhərdəki avtomobillərin sayını nəzərə alsaq, atılan maddələrin nə qədər çox olduğunu təxmin edə bilərik. Bu gün paytaxt küçələrində yay aylarında belə dumanlı hava şəraiti müşahidə edilir. Bu da zərərli maddələrin havada toplandığını göstərir. Əvvəlki illərlə müqayisədə sənaye obyektlərinin sayı azalsa da, lakin onlardan da havaya zərərli maddələr atılır”.

F.Hüseynovanın sözlərinə görə, maşınların tıxacda qalması atmosfer havası üçün daha təhlükəlidir. Saatlarla tıxacda qalan sürücülər mühərriki söndürmədiklərinə görə, tullantıların miqdarı daha çox olur . Ekoloqun sözlərinə görə, havadakı zərərli maddələr qışda daha təhlükəli olur:

“Havalar soyuyanda isti hava yuxarı qalxa bilmir. Aşağı təbəqələrdə çirkli havanın sıxlıq payı daha çox olur. Bu da insanların səhhətinə daha çox təsir edir. Yağıntılar çirkli havanın yer səthinə çökməsinə səbəb olur. Nəticədə torpaqda bu maddələrin miqdarı artır. İsti havada isə çirkli hava yuxarı təbəqələrə qalxır və küləklə digər ərazilərə ötürülür. Bakıdan uzaqlaşan çirkli maddə, digər rayonlarda çökür. Bundan başqa, neft məhsullarının çoxu kansoregen maddələrdir. Bu da xərçəng xəstəliyinin sürətlə yayılmasına səbəb olur. Havada zərərli maddələrin azalması üçün yol kənarlarında ağaclar əkilməlidir. Lakin bizim yollar səkilər hesabına genişləndirildiyindən orada ağac əkmək üçün, demək olar ki, yer qalmır ”.

Çirkli maddələr xərçəng yaradır

Tibbi ekspert Adil Qeybulla havaya ən çox atılan çirkləndirici maddələrin benzopiren törəmələri olduğunu deyir. Ekspertin sözlərinə görə, bu maddə kanserogen olduğuna görə, havada onların miqdarının artması narahatlıq doğurur:

“1 kub/metr havada 1 nanoqram benzopiren varsa, hər 100 nəfərdən 18-də xərçəng xəstəliyinin inkişaf etməsi deməkdir. Tikinti materiallarında olan azbest, sement, avtomobil tullantıları havanı daha çox çirkləndirir. Havaya atılan tikinti materialları bronxları qıcıqlandırır və təhlükəli xəstəliklər yarada bilir. Ona görə də xarici ölkələrdə tikinti gedən ərazi izolyasiya edilir.

Böyük şəhərlərdə havanın çirklilik dərəcəsi ölçülür. Azbest, benzopiren törəmələri, tikinti materiallarının miqdarı orada yaşamağın insan həyatı üçün nə qədər təhlükəli olduğunu müəyyən edir”.

Ekspertin sözlərinə görə, bu maddələr pnevma skeleroz, xroniki bronxitlər, ağciyər enfizeması kimi xəstəliklərə səbəb olur.

“Çünki həmin maddələr ilk növbədə tənəffüs yollarına düşür. Təəssüf ki, bizdə xəstəliklərin əmələ gəlmə səbəbi araşdırılmır. Xəstəliyi müalicə etmək qədər onun yaranma səbəbinin də qarşısının alınması vacibdir”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm