Biz Azərbaycanlıyıq!
Bizi izləyin

Qırmızı.az

Biz Azərbaycanlıyıq!

Doğulduğum və böyüdüyüm şəhərdə kimin hansı paltarı geyindiyi, hansı maşını sürdüyü, hansı evdə yaşadığı və nəhayət, hansı vəzifədə çalışdığı deyil, hansı kitabları oxuduğu göstərici sayılırdı. İndi Lənkəran da həmin Lənkəran deyil..

Elçin Mirzəbəyli

...Qismətimə Lənkəranda doğulmaq düşüb. Şəkidə də doğula bilərdim, Bakıda, Naxçıvanda, Təbrizdə, Ərdəbildə də... Şuşada, Ağdamda, Kəlbəcərdə doğulub öz Vətənimdə köçkün həyatı yaşaya da bilərdim. Amma seçim etmək imkanım olmayıb. Tanrının istəyi belə olub, alın yazıma Lənkəranda doğulmaq yazılıb. Buna peşman da deyiləm...

...Mən fərqli bir Lənkəranda doğulmuşdum. Sözün, sənətin, elmin ən böyük dəyər sayıldığı kiçik, amma özünəməxsus və kaloritli bir şəhərdə. Doğulduğum və böyüdüyüm şəhərdə kimin hansı paltarı geyindiyi, hansı maşını sürdüyü, hansı evdə yaşadığı və nəhayət, hansı vəzifədə çalışdığı deyil, hansı kitabları oxuduğu göstərici sayılırdı. İndi Lənkəran da həmin Lənkəran deyil... Azərbaycanın digər bölgələrində olduğu kimi burada da dəyərlər və göstəricilər dəyişib. Sonuncu dəfə nə zaman getdiyimi də unutmuşam. Orada baş verənləri də başqaları kimi mətbuatdan oxuyuram. Gəncə, Kürdəmir, yaxud Yevlaxda baş verən hadisələrlə bağlı oxuduğum məlumatlar mənə necə təsir göstərirsə, Lənkəranla bağlı oxuduqlarıma da eyni reaksiyanı verirəm.

Amma "Xəzər-Lənkəran" futbol klubu ilə "Heftçi" arasında keçirilən son oyundan sonra sonuncunun baş məşqçisi Böyükağa Hacıyevin mətbuata verdiyi açıqlamaya eyni reaksiyanı verə bilmədim. Böyükağa Hacıyevə görə, "lənkəranlılar"la "naxçıvanlılar" arasında heç bir oxşarlıq yoxdur. Yəni, onlar ayrı-ayrı mədəniyyətin, dünyagörüşünün daşıyıcılarıdır. Yəni, "naxçıvanlılar" bu torpağa Aydan, "lənkəranlılar" isə Marsdan gəliblər...

"Naxçıvanlılar" və "lənkəranlılar" sözlərini bilərəkdən dırnaqda yazdım. Çünki Azərbaycanı bütöv qəbul edən bir insan üçün "lənkəranlı", "naxçıvanlı", yaxud "gəncəli" anlayışı yoxdur və olmamalıdır da! Azərbaycanlı, Azərbaycan türkü, Azərbaycan vətəndaşı anlayışı var və belə də olmalıdır!
Azərbaycan türkləri Azərbaycan dövlətçiliyinin qarantörləridir, zəmanətçiləridir! Etnik mənsubiyyətindən asılı olmayaraq, bu dövlətin bütün vətəndaşlarının təhlükəsizliyinin təminatçılarıdır! Böyük olmaq daha böyük məsuliyyət və daha geniş ürəkli olmaq tələb edir! Daha əvvəllər də yazdığım kimi, insanın milli kimliyi təkcə onun soy-kökü ilə müəyyənləşmir! Milli kimlik həm də dil, mədəniyyət, dünyagörüşüdür, gələnəkdir! Bu millətin dilini bilməyən, mədəniyyətini, dünyagörüşünü özünə yad sayan, istənilən şəxs hansı qanı, hansı genetik kodu daşımasından asılı olmayaraq bu millətdən deyil!
...Tale elə gətirib ki, qısa bir zaman kəsiyində Naxçıvanda yaşamışam. Həm də çox çətin bir dövrdə... Naxçıvan Dövlət Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah" əsərinə quruluş vermişəm. Həmin dövrdə Azərbaycanın qədim sənət ocaqlarından biri olan Naxçıvan Dövlət Dram Teatrı da ölkənin digər teatrları kimi ən böhranlı dövrünü yaşayırdı. Biz minimum imkanlarla və minimum yaradıcı heyətlə "Nadir şah" kimi manumental bir əsəri tamaşaçı qarşısına çıxara bildik. Muxtar Respublika rəhbərliyinin dəstəyi ilə, Məmməd müəllim, Kamran, Rövşən, Rza, Əbülfəz və adlarını sadalamadığım digər sənət dostlarımla birgə sonradan Bakı da daxil olmaqla Azərbaycanın müxtəlif şəhərlərində, eləcə də Türkiyə və İranda nümayiş etdirilən, Dövlət Televiziyasının qızıl fonduna düşən bir əsərə imza atmağı bacardıq.
...Teatrın yaxınlığında bir çayxana vardı o zamanlar. Adına "Rəşidin çayxanası" deyirdilər. Çayxananın sahibi hər gün səhər iş otağıma gəlir, məni səhər yeməyinə dəvət edirdi. Getməyəndə isə səhər yeməyini özü gətirirdi otağıma... Etiraz-filan da dinləmirdi.

Qarış-qarış gəzmişəm Naxçıvanı. Hər yerdə eyni münasibəti, qonaqpərvərliyi, dostluğu, qardaşlığı görmüşəm. Lənkəranda, Gəncədə, Xaçmazda, Ağcabədidə... olduğu kimi. Orada yaşadığım zaman ərzində Culfada, Şərurda, yaxud Ordubadda doğulan bir azərbaycanlı ilə Lənkəranda doğulan bir azərbaycanlı arasında heç bir fərq görmədim. Böyükağa Hacıyev bu fərqi necə görüb, deyə bilmərəm. Amma mənə görə, özünü bu ölkənin vətəndaşı, bu xalqın nümayəndəsi sayan bir kimsə azərbaycanlılar arasında doğulduğu, yaxud yaşadığı yerə görə fərq qoymamalıdır. Çünki belə bir fərq yoxdur!

P.S. Uşaqlıq illərimlə bağlı kiçik bir xatirəmi bölüşəcəyəm sizinlə...
Lənkəranın ucqar dağ kəndlərinin birindən şəhərə işləməyə gəlmiş yaşlı bir qadın az qala hər gün bizə baş çəkərdi. O zaman Nərimanovun adını daşıyan küçəmizi süpürürdi... Azərbaycan dilində çətinliklə danışırdı. Buna baxmayaraq, ilk dəfə dilimizin türk dili olduğunu ondan öyrəndim. Azərbaycan türkü olduğumu da həmçinin... Üzünə xoş baxdığımız, ona bir insan kimi dəyər verdiyimiz, onu özümüzdən biri saydığımız üçün bizə necə minnətdarlıq edəcəyini bilmirdi...

Ailə də belədir, cəmiyyət də, millət də, dövlət də! İnsanları xoş münasibət, qarşılıqlı yardım, sevgi birləşdirir! Bir olaq, diri olaq, iri olaq!

P.P.S. Mən "Qarabağ" futbol klubunun azerkeşiyəm. Nə qədər ki, Qarabağ azad olunmayıb Şuşada, Laçında, Kəlbəcərdə... doğulduğumu düşünəcəyəm. Bu Vətənin yaralı yerinin bir parçası olmaq üçün...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm