Yaponlar
Bizi izləyin

Qırmızı.az

Yaponlar

Əcaib söhbətlər danışırdılar. Məsələn, deyirdilər ki, Yaponiyada bir yer var. Belə baxırsan düz yerdir, amma bir düyməni basanda həmin düz yerdə bir neçə dəqiqəyə mədəniyyət sarayı yaranır.

Şəxsən mən özüm yapon karete filmlərinin təsiri altına düşərək elə bilirdim ki, bütün gözüqıyıq adamlar kareteistdirlər. Ona görə də şəhərdə gözüqıyıq adama rast gələndə kənara çəkilirdim. Hətta elektron saat satan vyetnamlı tələbələrdən belə qorxurdum.

Qafqaz Universitetində oxuduğum zamanlar müəllimlərimiz tez-tez bir fikri dilə gətirirdilər. Bəs adət-ənənəyə, mentalitetimizə sadiq qalaraq inkişaf etmək mümkündür. Deyirdilər ki, yaponlar hətta öz maşınlarını gözlərinin formasına uyğun olaraq düzəldirlər. Yəni yapon maşınlarının farası yaponların gözünə oxşayır. Təbii mən də daxil olmaqla bütün bu cəlbedici, mifik, əfsanəvi söhbətlərə inanan xeyli adamlar vardı.

Bu yaxınlarda bir məclisdə bir adamla rastlaşdım. Adam yazılarıma görə məni xeyli danladı. İki saat mənə dərs verdi. Tarixdən danışdı. Misallar gətirdi. “Necə yazsam daha çox ürəkləri fəth edərəm” janrında məsləhətlər verdi. Dedi ki, adət-ənənəyə, mentalitetə, tariximizə, təbiətimizə toxunmaq olmaz. Biz hamamda çiməndə Amerika hələ yaranmamışdı. Qərəz, köhnə söhbətlər.

Axırda da dedi ki, yaponlar öz adət-ənənələrinə sadiq qalaraq inkişaf ediblər. Bəs, yaponlar hətta öz maşınlarının faralarını öz gözlərinin formasına uyğun düzəldirlər...

Doğurdanda bizim ölkədə bir çox adamlar 90-cı illərin ab-havasına uyğun yaşayırlar. 90-cı illərin ab-havasına ilişib qalırlar. Bəstəkar Elmir Mirzoyev demişkən, Next-ləri vurulmayıb. 90-cı illərin ab-havasına, mifik söhbətlərinə ilişib qalanlar şükürlüdürlər. Elə adamlar var ki, Ağqoyunlu və Qaraqoyunlu dövrünə ilişiblər. Bəri gələ bilmirlər.

Elələri var ki, Atilla dövrünə ilişib. Elələri var ki, Orxan-Yenisey abidələrinin arasında gəzişir. Elə adamlar var ki, Qobustan qayalıqlarına mamont sümüyündən düzəlmiş bıçaqla rəsm çəkməklə məşğuldur. Belə adamları günümüzün reallığına gətirmək, metroya, avtobusa mindirmək çətin məsələdir. Ciblərində Nokia markalı telefon gəzdirsələr də xəyalları Sibir meşələrində, Altay dağlarında, Qobi səhrasında dolaşırlar...

Lap tutaq ki, yaponlar öz mentalitetlərini, adət-ənənələrini qoruyaraq inkişaf etməyi bacarıblar. Bu o demək deyil ki, biz özümüzü mütləq yaponlarla müqayisə etməliyik. Yaponların Misima kimi yazıçıları var. Misima çox dəhşətli bir yazıçıdır. Onun haqqında ayrıca yazı yazmaq lazımdır.

Misimanın “Maskanın etirafları”, “Qızıl Məbəd” romanları dünya ədəbiyyatının gözəl nümunələrindən sayılır. Yaponlardan danışarkən Akutaqava Runoskeni unutmamalıyıq. Runeskenin novellaları dünya ədəbiyyatının ən şedevr nümunələrindən sayılır. Yapon yazıçısı Murakami hazırda dünyanın ən çox oxunan yazıçılarından biridir. Deməli, yaponların dünyaca məşhur bir neçə yazıçıları var. Ədəbiyyatları ciddi ədəbiyyatdır. Hər şey bir tərəfə yaponların başlarına atom bombası atıblar. Yaponlar çox işgüzar xalqdır. Tənbəl deyillər.

Dünyanın ən çox kitab oxuyan xalqlarından biridir. Yaponiyada yaşayan dostumuz Şaiq Cəfərzadə bu yaxınlarda məşhur yapon rejissoru Takeşi Kitanonun müsahibəsini tərcümə etmişdi. Həmin müsahibədə Takeşi Kitano deyir ki, mənim üçün fəaliyyətsiz insan - ölü insan sayılır.

Yeri gəlmişkən Takeşi Kitanonun “Krobi Kosti” filminə baxmayanlar baxsa yaxşı olar. Bəlkə “Krobi Kosti” filminə baxandan sonra özlərini yaponlarla müqayisə etməkdən bir az utanarlar. Elə bu cümlələri yazarkən bir yapon haykusunun məzmunun xatırladım. Təxminən belədir: “Gözümün biri kordur, amma mən eynəyimin hər iki şüşəsini silirəm”.

Yaponlardan danışarkən məşhur rejissor Kurasavanı xatırlamamaq böyük günahdır. Yalçın adında bir dostum var. Adam canlı buddadır. Nə vaxt özümü pis hiss etsəm Yalçınla görüşürəm. Hikmət dozamı Yalçından qəbul edirəm.

Yalçın deyir: “O vaxt Ayaz Salayev “Retro” kinozalında tez-tez Kurasavanın “Yeddi samuray” filmin göstərirdi. Hər dəfə məni yuxu tuturdu. Filmə axıra qədər baxa bilmirdim. Əgər mən Kurasavanın “Yeddi samuray” filminə vaxtında axıra qədər baxa bilsəydim, bəlkə də həyatımı başqa cür qura bilərdim...”.

P.S. Yapon mətbəxi dünyaya Yaponiyadan yayılmayıb. Amerikadan bütün dünyaya yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm