• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Silahsız “Xocalı“ çəkmək istəyən tənha rəssamın həyat HEKAYƏSİ - FOTOLAR

Silahsız “Xocalı“ çəkmək istəyən tənha rəssamın həyat HEKAYƏSİ - FOTOLAR

Belə bir insanla dünyanın hansı küncündə desən qarşılaşmaq ağlıma gələrdi, bircə qocalar evindən başqa. Amma həyatda gözləmədiklərimiz gözlədiklərimizdən daha çox rastımıza çıxır. Elə rəssam Davud Əliyevlə də belə oldu. Görünüşü, danışıq tərzi, bütün xüsusiyyətlərilə hamıdan seçilən bu insan mənim üçün başqa planetdən bu dünyaya düşmüş biri kimi idi. Hər jesti, mimikası, hətta gözlərindəki məsum parıltıya qədər hər şey onun məhz rəssam ola biləcəyini deyirdi. Onu daha əvvəl görməmişdim. İlk dəfə Bilgəhdə yerləşən qocalar evində tanış olduq. Davud Əliyev rəssamdır, o, düşüncələrin sözlə deyə bilmədiklərini rənglərin dili ilə deyir. Doğurdan da, insanı dilə gətirən, yazmağa, yaratmağa məcbur edən dərdir, faciədir. Bir insan ancaq bu qədər dərdin qabağında əlinə fırça götürüb işləyə bilər. Əl işləri nə qədər təmiz və səliqəli olsa da, fırçası, rəngləri ürəyindəki ağrının dağınıq obrazını yaradırdı. Onunla saatlarla söhbət etmək, ondan həyatı öyrənmək, bizim bimədiyimiz, yaşamadığımız həyatı öyrənmək o qədər maraqlıdır ki...Həyatı da çəkdiyi əsərlər kimidir onun. Həyatın dolaşıq yollarında itdiyi günləri də olub, zülmətdə bir cib fənərinin işıqlandırdığı yolun yolçusu qədər xoşbəxt olduğu günləri də. Həyat yalnız Bilgəhdə - qocalar evində üzünə gülüb. Üzünə gülübmü, gülümsəyibmi, deyə bilmərəm, amma burada yaşayan Elmira adlı xanımla ailə həyatı qurub... Davamını özü anladacaq.

“9 ilə yaxındır ki, qocalar evindəyəm. Vidadi və Hüsü Hacıyev küçələrinin kəsişməsində, Bakının mərkəzində 3 mərtəbəli evim var idi. Amma bədbəxt hadisə nəticəsində 1993-cü ildə evim partladı. Həmin evdə yaşayan 19 nəfər dünyasını dəyişsə də, mənim bəxtim gətirdi. Həmin vaxt mən Moskvada idim, orada olsaydım, yəqin ki, mən də gedəcəkdim.

Ev partlayandan sonra bir neçə il qohumların evində qaldım. Amma başqasının evində nə qədər qalmaq olar ki? Həmin illər çox çətin illər idi, ölkədə qarmaqarışıqlıq var idi. Şəhərdə avtomatlarla gəzirdilər, belə bir vaxtda kimə lazım idi Davudun evinin partlaması?

Getdim Moskvaya. Orada bir dostum qrafika sərgisi açmışdı və məni dəvət elədi. Mənim də elə əvvəlindən tərifdən xoşum gəlirdi. Sevinirdim ki, məni çəksinlər, televizorda göstərsinlər. Bəzən əsərlərimə baxıb deyirlər ki, “nə yaxşı rəsmlərdir!” Amma bilmirlər ki, bu, elə-belə başa gəlməyib, bu, yuxusuz gecələrimin, saatlarla ac-susuz işləməyimin nəticəsidir. Bizim sənətimiz bir növ cəhənnəm əzabıdır. Biz öz-özümüzün fəhləsiyik. Bəzən müxtəlif tədbirlər olur, biz orada əsərlərimizlə çıxış edirik və heç vaxt da fikirləşmirik ki, bizim əsərlərimizi yaxşı pul verib alacaqlar. Daha doğrusu, o fikirlə işləmirik. Əgər onu fikirləşsək, heç nə təbii alınmaz, hər şey formal olar. Əsər gərək elə olsun ki, hər insan oradan özünə nəsə götürə bilsin. Ondan sonra pul gəlir. Biz heç onu da fikirləşmirik də, nə versələr, verirlər.

Sovet dövründə bizim Filarmoniyanın önündə bir hərrac var idi və əsl rəssam özünü orada bildirirdi. Ora xarici ölkələrdən də gələnlər olurdu. Hər kəs əsərlərini gətirib imzasını qoyurdu. Beləcə, nazirlikdən, xaricdən gələn qonaqlar, incəsənət xadimləri həmin işlərə qiymət verirdilər. Amma bu əsərlərin ortaya gəlməsi üçün bəzən illərlə vaxt lazım gəlir. Bəzən bir əsəri çəkmək üçün Azərbaycanın kəndlərini qarış-qarış gəzməli oluruq. Mən bu yaxında Qubada oldum, orada xalça toxuyanları gördüm. Onlar elə rənglərdən istifadə edirlər ki, adam məəttəl qalır. İlahi bu rəngi necə verib? Bunun üçün, görünür, oxumaq lazım deyil, bu, Allah vergisidir. Allahın yaratdığı bu təbiətdən gələn şeyləri biz Akademiyada belə öyrənə bilmirik, hər şey içəridən gəlməlidir.

Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasındakı Məcnunun portretini çəkmək üçün düz bir il işləməli oldum. Özüm Məcnunun keçirdiyi hisləri keçirmək üçün qəbrin üstündə uzandım və uşaqlar fotolarımı çəkdilər. Məcnunun keçirdiyi əzabları sifətimdə canlandırmağa çalışdım və sonradan həmin fotoların üzərində işləyərək ora improvizələr də etdim.

İstəyirəm ki, elə işlər yaradım ki, özümdən sonra onlar qala bilsin. Desinlər ki, “Bu rəssama halal olsun!” Belə bir söz var ki, deyirlər, əvvəl incəsənət üçün işlə, gözəl əsərlər yarat ki, sonra onlar sənə çörək versin.

“Ən böyük arzum tüfəngsiz, silahsız “Xocalı” çəkməkdir...”

Mənim ən böyük arzum tüfəngsiz, silahsız “Xocalı” çəkməkdir. İstəyirəm ki, hamı “Xocalı” adı gələndə bilsin ki, bura haradadır. Bilsinlər ki, burada da insanlar yaşayıb, nəfəs alıblar. Sonra o insanların başına belə bir iş gətiriblər. Həmin faciəsinin ağrısı bizə gəlməyib, ağrısı Allaha gedib. Mən də həmin o faciəni hiss etmək üçün “Xocalı”nı tabloya çıxarmaq istəyirəm. Burada 5 qitəni əks etdirməyi düşünürəm. Artıq həmin əsərin eskizi də mənim beynimdə var. Əgər “Xocalı” əsərini çəksəm, o zaman deyə bilərəm ki, artıq mən də nəsə etmişəm. Həmin o faciənin kadrlarını görəndə, orada körpə uşaqların gözlərini görəndə dözə bilmirəm. Biz – bizim nəsil axırıncı illərimizi yaşayırıq, mən istəyirəm ki, uşaqlarmız bizi, tariximizi unutmasınlar.

Bizdə insanlar abstrakt əsərlərdən çox real əsərləri sevirlər, yəni onlar gördüklərini görmək istəyirlər. Mən buna görə də daha çox ədəbiyyata yaxınlaşıram. İndiyə qədər xeyli rəsmlər çəkmişəm, amma bunların 7-ni əsər kimi qəbul edirəm. Mən daha çox İtaliya rəssamlarını və bir də İran miniatür məktəbini çox bəyənirəm. Yaradıcılığıma da bunların təsiri var.

Hərdən darıxanda dostlarla görüşürük. Əlbəttə, dostlarım da var, amma yanıma əvvəl daha çox gəlirdilər. İndi hərənin öz problemləri, öz qayğıları var. Əsas odur ki, insanlar bir-birini ürəklərində saxlasınlar. İnşallah nə vaxtsa görüşəcəyik. Dağ dağa rast gəlməz, insan insana rast gələr. Bir gün Allah qismət edəcək bizə görüşməyi.

Mən Latviyada oxumuşam. Rəssamlığın bəzi sirlərini orada öyrənmişəm. Azərbaycanda, demək olar ki, bütün rəssamlarla işləmişəm. Rəssamlığa 15-16 yaşlarımdan başlamışam. Mənim yaratdığım obyektə öz yanaşmam var. Məsələn, Ömər Xəyyamı üzümlərin içərisində təsəvvür edirəm, əlində də badə... Elə əsərlərim olub ki, onlar mənə çox doğma olub, onları heç bir pula satmağı düşünməmişəm. 1986-cı ildə Bakıda hərracda bir əcnəbi mənim əsərimi almaq istəyirdi. Əsərə 800 manat təklif edirdilər. Mən o əsərin ölkədən çıxarılmasını istəmədim. Həmin əsəri fonda verdim. Doğrudur, 800 manat deyil, 400 manat aldım, amma əsər Azərbaycandan çıxmadı. Amma indi o əsərin necə saxlandığını bilmirəm.

Mənə görə, insan beşinci ölçüdə yaşayır. Mənim aləmimdə insanlara kömək etmək, insanlara hörmət etmək bir insan üçün hər şeydən vacibdir. Artıq yaşlanmışam, səhər-səhər də yuxudan ağır oyanıram. Həmin o “Xocalı”nı çəkmək fikri məni ayaqda saxlayır.

“Mənə dedi ki, “nə edim, gedim sənə rəng tapım, kətan tapım, işləyəsən?”

Ümumiyyətlə, mən düşünürəm ki, rəssama yaşamaq üçün maddi cəhətdən kömək lazımdır. 13 ildir Rəssamlar İttifaqının üzvüyəm. Təqaüd almaq üçün Milli Məclisə qədər gedib çıxmışam, amma ala bilməmişəm. Milli Məclisdən Rəssamlıq İttifaqına məktub göndərilmişdi ki, mənə kömək edilsin, amma yenə təqaüd kəsilmədi. İşləmək üçün, rəng, kətan və digər ləvazimatlar almaq üçün pul lazımdır. Buna isə mənim maddi imkanım yetərli deyil . Hətta bununla bağlı neçə dəfə Rəssamlar İttifaqında da olmuşam. Fərhad Xəlilovun ətrafında olanlar səhlənkarlıq edirlər. Rəssamlar İttifaqının katibi Rafiq müəllim dedi ki, “mən nə edim, gedim sənə rəng tapım, kətan tapım, işləyəsən?” Bilirsiniz, bu, mənə çox təsir elədi. Əlbəttə, mən rəng, kətan istəmirəm, istəyirəm ki, mənə təqaüd kəsilsin. Çünki, bir rəssam çəkməsə, yaratmasa, necə yaşaya bilər? Həm də yaşlı, xəstə olduğuma görə, hər dəfə təkrar-təkrar İttifaqa getmək də səhhətimlə bağlı mənim üçün çətinlik yaradır.

Əslində, ürəyim çox narahat edir məni, ona görə və çox danışa da bilmirəm. 170 manat pensiya alıram. Rəhbərlikdən də heç nə istəyə bilmirəm, bu, mənim xarakterimə uyğun deyil. Doğrudur, bura - pansionat da bir ailədir, amma bir az böyük ailədir. Bir dəfə kömək edib rəng alıblar, balaca da olsa emalatxana veriblər, amma hər dəfə gedib kiməsə əl açmaq olmur axı. Bəzən rəngə qənaət etmək üçün altdan döşəmə rənglərindən də istifadə edirəm, üstündən isə digər rənglə gedirəm.

Həyat ancaq bu yaşında üzünə gülümsəyib

Latviya, Moskva, Azərbaycan, Əzim Əzimzadə, sərgilər... iş o qədər çox olub ki, heç evlənməyə vaxt da olmayıb. Bir yandan da evsizlik. Günlərlə emalatxanadan çıxmadığım vaxtlar olub. Burada Elmira xanımla evlənmişəm. Həyatdı da, necə səssiz-səmirsiz gəlmişik, elə də gedəcəyik...

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR