Nömrəni radardan gizlədən dərmanla bağlı RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nömrəni radardan gizlədən dərmanla bağlı RƏSMİ AÇIQLAMA

Məlumat verdiyimiz kimi, paytaxtda bəzi sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarına müdaxilə edir və bu yolla radarlardan yayınmağa çalışırlar. Bakıda bu işlə məşğul olan xüsusi şəxslər var və onlar 50 manat «zəhmət haqqı» aldıqdan sonra sürücülərə radara düşməyəcəklərinə dair tam zəmanət verirlər.

İddia edilir ki, xüsusi maye dövlət nömrə nişanına vurulduqdan sonra nəqliyyat vasitəsi yüksək sürətlə hərəkət etsə belə, radarlar onu müəyyənləşdirə bilmir. Yəni, sürücü qayda pozduqda radar maşının fotosunu çəkir, ancaq nömrə qeyd olunmur.

Sözügedən məsələ ilə bağlı Publika.az-a açıqlama verən yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, qanunun tələbinə görə, sürəti ölçülən avtomobilin həm də fotoşəkli və videosu çəkilməlidir. Ekspert həmçinin nəqliyyat vasitəsini radarlardan gizlətmək üçün dövlət nömrə nişanının üzərinə çəkilən xüsusi kimyəvi maddələrin olduğunu qeyd etdi: «Dövlət yol polisində informasiya sistemi var. Həmin sistem nömrəni tanıdıqdan sonra nəqliyyat vasitəsinin kimin adına olması və kimin idarə etməsi aydınlaşır. Bəli, həqiqətən də nömrənin üstünə çəkilən xüsusi kimyəvi maddələr var. Bu halda radar yenə də avtomobilin sürətini ölçür. Lakin bu zaman o, tanınmayan bir əşya kimi qeydə alınır. Yəni radar nömrəni müəyyənləşdirə bilmir. Çünki dövlət nömrə nişanının üstünə çəkilmiş maddə şüaları elə əks etdirir ki, son nəticədə heç nə görünmür. Dünyanın bir çox ölkələrində dələduzlar bu cür kimyəvi maddələrdən istifadə edir. Burada bəzi xırdalıqlar da var. Ancaq mən onları demək istəməzdim. Çünki desəm, o zaman dələduzlar həmin üsullardan da istifadə etməyə başlayacaqlar».

Bu cür hallarla mübarizə üsulları barədə danışan ekspertin sözlərinə görə, radarlar operativ sistemlə işləməklə bərabər, onlara həm də operatorlar nəzarət edirlər: «Operatorlar əldə olunmuş məlumatlara həm nəzarət edir, həm də onları emal edirlər. Onlar hansısa küçədən və ya prospektdən keçən, yüksək sürətlə hərəkət edən, lakin nömrəsi görünməyən cisim gördükdə həmin ərazidə xidmət edən yol polisi əməkdaşlarına bu barədə məlumat verirlər. Nəticədə, yaxınlıqdakı şübhəli avtomobillər saxlanılır və müvafiq yoxlama aparılır. Xaricdə bu kimi hallarla mübarizə üçün xüsusi avadanlıqlar var. Məsələn, həmin qurğu vasitəsilə nömrə üzərinə kimyəvi maddə çəkilmiş nəqliyyat vasitəsi asanlıqla müəyyən edilir. Əcnəbi ölkələrdə buna görə böyük cərimə nəzərdə tutulur. Bizdə bu kimi hallara yol verənlərə 60 manat və 4 cərimə balı nəzərdə tutulur. Bundan başqa, nömrəyə edilmiş müdaxilə aradan qaldırılmadan həmin avtomobili sürməyə icazə verilmir».

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov da Publika.az-a açıqlamasında dövlət nömrə nişanına hər hansı müdaxilənin edilməsinin qanunvericiklə qadağan olduğunu vurğuladı: «Bu, qanunun tələbinin pozulmasıdır. Avtonəqliyyat vasitəsinə məxsus dövlət nömrə nişanları standarta uyğun olmalıdır. Əgər kimsə hesab edirsə ki, dövlət nömrə nişanına hər hansı bir maye çəkməklə radarlardan yayına biləcək, bu yanlış düşüncədir. Bu, ancaq azyaşlı uşaqların düşüncəsi ola bilər. Biz bu cür hallara qarşı daim mübarizə aparırıq. Bakı şəhərində quraşdırılmış kameralar bu cür halları aşkarlamaqda bizə yardımçı olur. İndiyədək bir neçə dəfə bu kimi faktlarla rastlaşmış və müvafiq tədbirlər görmüşük».

Vaqif Əsədov birmənalı şəkildə qeyd etdi ki, Bakı şəhərində yerləşdirilmiş kameralar bu cür halları asanlıqla aşkarlayır: «Ölkəmizdə quraşdırılan radar və kameralar sürət rejimini pozan və ya digər xətalar törədən avtomobillərin nömrələrini rahat oxuya bilir: «İndiki radarlar «spişka»sız da çəkir. Ona görə də nömrəyə hansısa müdaxilə edilsə də, kameralar onu qeydə alacaq. Hesab edirəm ki, bu cür mayeləri reklam edənlər bu yolla öz məhsullarını satmağa və son nəticədə insanları aldatmağa çalışırlar. Onlar pul qazanmaq naminə bu cür düşüncəsizlik edirlər. Sürücülərimiz unutmasınlar ki, dövlət nömrə nişanına hər hansı müdaxilə tərəfimizdən aşkarlandıqda həmin şəxs mütləq cəzalandırılır».

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm