• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ucuz, keyfiyyətli, al-əlvan mallar, şux musiqi – Hindistan sərgisindən FOTOREPORTAJ

Ucuz, keyfiyyətli, al-əlvan mallar, şux musiqi – Hindistan sərgisindən FOTOREPORTAJ

Artıq bir neçə gündür Bakıda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Hindistan sərgisi açılıb.

Publika.az xəbər verir ki, başa çatması əvvəlcə dekabrın 21-ə kimi planlaşdırılan sərgiyə marağın çox olması ilə əlaqədar onun müddəti ayın 28-nə kimi artırılıb. Qeyd edək ki, bu, paytaxtda təşkil olunan sayca ikinci sərgidir. Sentyabrda keçirilmiş birinci sərgiyə Hindistandan olan iş adamları böyük maraq göstərirdilər. Növbəti sərgiyə isə yalnız Dehli və digər şəhərlərdən gələn əcnəbi iş adamları yox, Bakı sakinləri də xüsusi maraqla qatılıblar. Paytaxt sakinlərinin Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməyə yönəlmiş növbəti sərgidə bir sıra məişət əşyaları, o cümlədən qırmızı ağacdan düzəldilmiş mebellər, xalılar, yataq dəstləri, baş örtükləri, kosmetik vasitələr, müxtəlif cür bəzək əşyaları, qızıl məmulatları, məşhur hind çayı (1 kiloqramı 10 manat), düyü, sous qurusu, şirniyyatlar, ədviyyatlar nümayiş etdirilir.

Şallar, yaylıqlar, təsbehlər, səbətlər, taxta qazanlar, sandıqlar...

Hər gün səhər saat 11-dən axşam saat 19-dək paytaxtın Nobel prospekti 23 ünvanında, “AMAY” ticarət mərkəzinin ikinci mərtəbəsində təşkil olunan sərgiyə girişin pulsuz olması burada nümayiş etdirilən əcnəbi mallara marağın xüsusi olaraq artmasına səbəb olub.

Paytaxtın xeyli sakini, hətta şəhərimizin qonaqları da Hindistan sərgisinə axışaraq satışa çıxarılan mallara böyük həvəslə baxır, qiymətlərlə maraqlanırdılar. Hindistan kosmetikası, ağrıkəsici yağlar, dərini çirkdən, makiyajdan və məsamələrə dolmuş yağdan xilas edən xüsusi təmizləyici yağ əsasən zərif cinsin nümayəndələrinin diqqətini cəlb etmişdi. Həmin mallar arasında bütün dünyada məşhur olan xınalar, habelə digər boyaq maddələri ucuz qiymətə satışa çıxarılıb. Digər boyaq maddələri isə xüsusi qablarda qablaşdırılıb. Həmin maddələr bitki tərkibli, təbiidir. Bununla yanaşı, sərgidə müxtəlif bəzəkli, çini, saxsı qablar da nümayiş etdirilir. Çeşidli rənglərdə olan, pambıq parçalardan toxunan adyalların qiyməti də münasibdir – 8 - 10 manata.

Hind sənətkarlarının üzəri al-əlvan muncuqlarla bəzədilmiş kiçik yastıqları, mütəkkələri də paytaxt sakinləri – sərginin qonaqları tərəfindən maraqla qarşılanırdı. Ölçüsündən asılı olaraq qiyməti 1-5 manat arasında dəyişən masa üstülər – “skaterlər” hind naxışları ilə bəzədilib. Sərgidə qadınlar üçün xüsusi pul kisələri, habelə kənarı bəzədilmiş güzgülər, taxta boşqab və qaşıqlar, kitab qoymaq üçün xüsusi əşyalar, gümüş, qızıl boyunbağıları, üzüklər, sırğalar, qolbağılar, al-əlvan şallar, yaylıqlar, təsbehlər, səbətlər, taxtadan hazırlanmış qazanlar, sandıqlar, üstü bəzədilmiş kuzələr, kaşmir şərfləri, qadın xalatları və digər üst geyimləri, namaz üçün yer örtükləri, eləcə də digər bəzək əşyaları, ipək paltarları hind iş adamlarının növbəti sərgiyə xüsusi hazırlaşdıqlarını göstərir.

Sərginin təşkilatçıları azərbaycanlı uşaqları da unutmayıblar. Belə ki, burada azyaşlılar üçün müxtəlif oyuncaqlar – fillər, dovşanlar, paltarlar, çantalar, bəzək əşyaları muncuqlar, boyunbağları sərgiyə olan marağı daha da artırır.

“Sevinirəm ki, Hindistan mallarına maraq çox böyükdür”

Bakının 15 günlük Hindistan sərgisində diqqətimizi bu ölkədən gəlmiş iş adamları da cəlb etdi. Hindistanlı iş adamı Naveen Şharma bildirdi ki, o, bu sərginin təşkilatçılarından biridir: ”Mən bura – Bakıya Dehlidən gəlmişəm. Bakıda keçirilən sərgi diqqətimi cəlb etdi. Çox sevinirəm ki, Hindistan mallarına maraq çox böyükdür. Mənim rəhbəri oluğum “A.N.M.Exhibitions PVT.LTV” şirkəti müxtəlif çeşidli malların satışını təşkil edir. Sərgiyə Dehlidən, Kaşmir, Bombey, Mumbaydan və digər şəhərlərdən gələn ticarətçilər qatılıb”.

Sərgiyə gələn paytaxt sakinləri ilə də söhbət etdik. Onlar bildirdilər ki, sentyabrda keçirilən sərgidən fərqli olaraq budəfəki tədbir daha yüksək səviyyədə təşkil olunub. Uzaq ölkədən gələn satıcılar Bakı sakinləri ilə əsasən rus və ingilis dilində danışırlar.

Açılış mərasimində Hindistanın ölkəmizdəki səfiri də iştirak edib. Alıcı Natəvan Hüseynova bildirdi ki, o, Hindistan sərgisində ilk dəfədir iştirak edir. Buradakı mallar onun çox xoşuna gəlib: “Qadın paltarları xüsusi olaraq diqqətimi cəlb etdi. Təəssüf ki, satışdakı paltarların, şalların, şərflərin çoxu yay mallarıdır. İndi isə qış fəslidir. Yəqin, Hindistan isti ölkə olduğundan orada əsasən ipəkdən hazırlanmış, nazik paltarlar dəbdədir. Rəfiqəm üçün suvenir almaq istəyirəm. Lakin balaca bəzəkqabı 50 manatadır. Bir qədər ucuz olsaydı, alardım”.

Sərgiyə səfirliyin nümayəndələri də qatılırlar

Sərgidə diqqətimizi cəlb edən əsas məqam burda alış-verişin ancaq milli valyutamızla həyata keçirilməsidir. Sevindirici haldır ki, hindistanlı tacirlər də Azərbaycan manatını çox yaxşı tanıyırlar. Bunu onların pulun qalığını alıcılara qaytararkən heç bir çətinlik çəkməmələri də göstərir. Paytaxt sakinləri ilə söhbətimizdə öyrəndik ki, növbəti Hindistan sərgisinin gələn ilin martında keçirilməsi gözlənilir. Sərginin keçirildiyi günlər ərzində burada hər hansı xoşagəlməz hadisə, o cümlədən satıcı - alıcı mübahisəsi yaşanmayıb. Hindistanlı qonaqlar paytaxtın bir sıra münasib otellərində yerləşdiriliblər. Dehli ticarətçilərinin Bakıda yerləşdirilməsini səfirlik təşkil edib. Səfirliyin nümayəndələri də tez-tez sərgiyə qatılır, müşahidələr aparırlar. Hindistanın sərgiyə qatılmış iş adamları bura özləri ilə xüsusi satıcılar gətiriblər.

Elçin adlı həmsöhbətimiz bildirdi ki, sərgiyə maraq son günlər daha da artıb: “Özünüz görürsünüz ki, insanların bura axını necədir. Heç özüm də gözləmirdim ki, Bakıda sərgiyə bu qədər maraq olacaq. Fikir verirəm ki, satış çoxdur. Sərginin vaxtı ayın 28-dək artırılıb. Buranı maraqlı edən cəhətlərdən biri də canlı musiqi, hind musiqiçilərinin ifalarıdır. Hind musiqiçiləri hər saatdan bir şou proqram göstərirlər”.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR