“Lokomotiv bizim öz evimizdir” – 31 ilin maşinisti ilə söhbət - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Lokomotiv bizim öz evimizdir” – 31 ilin maşinisti ilə söhbət - FOTOLAR

Uzaq səfərlərə bizi onlar aparırlar – sərnişin qatarlarının maşinistləri. Qatarda gedərkən dincəlirik, kitab oxuyuruq, pəncərədən çölü seyr edirik, yatırıq, onlar isə bir an gözlərini yoldan çəkmirlər. Çünki həm daşıdıqları yükə, həm də onlarla, yüzlərlə sərnişinin həyatına cavabdehlik daşıyırlar.

Publika.az olaraq biz də bu çətin, məsuliyyətli peşənin nümayəndələrindən biri ilə söhbətləşib onun peşəsinin incəliklərinə və xüsusiyyətlərinə baş vurduq. Uzun illərdir maşinist işləyən Natiq Həşimov ilk öncə bu sənətə gəlişindən danışdı:

“2 nömrəli peşə məktəbində təhsil aldım”

- Artıq otuz ildən çoxdur bu peşədəyəm. Bu sənəti uşaq yaşlarımdan bəyəndim və sevdim. Yeniyetmə yaşlarımda qərara aldım ki, maşinist olum.

- Bu peşəyə ilk gəlişiniz necə baş verdi?

- İlk öncə 2 nömrəli peşə məktəbində təhsil aldım. Məktəbi bitirdikdən sonra bir müddət işləyib, 1981-ci ildə hərbi xidmətə yollandım. 1983-cü ildə hərbi xidmətimi başa vurub geri qayıtdım və yenidən maşinist işləməyə başladım. Beləcə, 1983-cü ildə maşinist olmaq arzum reallaşdı.

- Peşənizi indi də sevirsiniz, yoxsa maraq azalıb?

- Niyə ki? Sevirəm, əvvəlkindən daha çox.

- Hər peşənin, sənətin özünəməxsus maraqlı cəhətləri, xüsusiyyətləri var. Bu peşənin maraqlı xüsusiyyətləri nədir?

- Xüsusi olaraq maraqlı olan bir cəhət, cəzbedici faktor yoxdur. Sadəcə, peşəyə bağlılığım var. Qatarları aparıb lazımi ünvanlara çatdırıram. Mənim üçün maraqlı olan budur. Maşinist üçün qatarı lazım olan yerə vaxtında aparıb çatdırmaqdan, işə məsuliyyətlə və diqqətlə yanaşmaqdan maraqlı nə ola bilər?

“...niyə yorulum axı?”

- İş rejimi necədir? Hər gün işə necə başlayırsınız?

- Səhər saat 8-in yarısında iş başlayır. Axşam saat 19:30, yaxud 20-ə kimi işləyirəm.

- 12 saatlıq iş sizi yormur ki?

- Yox, niyə yorulum axı? Mən işimi çox sevdiyimdən onun ağırlığını hiss etmirəm, yorulmuram.

- Harda yaşayırsınız?

- Özüm paytaxtın Binəqədi rayonunda, 9-cu mikrorayonda yaşayıram. Ailəliyəm, iki övladım var. Sübh tezdən yuxudan oyanıb avtobusla işə gəlirəm ki, saat səkkizin yarısında burda olum. Bir gün gündüz işləyirəm, bir gün gecə. İki gün isə evdə dincəlirəm. Axşamlar da eyni qaydayla işdən geri qayıdıram.

- İş rejimi necə başlayır?

- İlk öncə təhlükəsizlik qaydaları ilə tanış olub jurnala qol çəkirik. Lokomotivi yoxlayırıq, sonra isə təhvil-təslim edib qəbul edirik. Bu prosedur axşam da təkrarlanır.

- Bəs qatarı qəbul etdikdən sonra hansı işi görürsünüz?

- Bu, dispetçerin verdiyi göstərişlərdən asılıdır. O, hansı tapşırıqları verəcəksə, onları icra edirik. Bundan sonra hansı işi görəcəyimiz məlum olur.

“Bizim lokomotivdəki maşinistlər və köməkçilər sanki bir ailənin üzvləridir”

- Gecə yuxusuzluğu, ağır və məsuliyyətli iş. Yuxusuzluq sizi yormur ki?

- Yox, artıq öyrənmişəm.

- İşiniz ağırdır?

- İşini bacaran və məsuliyyətli insan üçün yox.

- Bu peşədə dostlarınız varmı?

- Bizim lokomotivdə işləyən bütün maşinistlər və köməkçilər sanki bir ailənin üzvləridir. Hamımız bir-birimizlə isinişib-doğmalaşmışıq. Mən onların hamısıyla dostam.

- Bəs naharı necə edirsiniz?

- İş vaxtı dispetçer işi nə vaxt saxlasa, naharı onda edirik.

- Maaşınız nə qədərdir?

- 350 manatdır. Dolanışıq yaxşıdır, şükür Allaha.

“İş yoldaşlarımdan biri çaşıb başqasının lokomotivini silmişdi”

- 30 ildən artıqdır bu peşədə çalışdığınızı dediniz. Bu illər ərzində maraqlı, məzəli hansı hadisələr baş verib?

- Bir dəfə belə bir maraqlı əhvalat baş verdi. İş yoldaşlarımdan biri çaşıb başqasının lokomotivini silməyə başladı. İşini başa çatdırandan sonra gördü ki, bu, ayrı lokomotivdir (Gülür).

- Deməli, lokomotivinizi də özünüz silirsiniz.

- Bəli, təmizləyirik. Lokomotiv elə bil bizim öz evimizdir. 12 saat onun kabinəsində oluruq axı. Silib təmizləyirik, səhmana salırıq.

- ÇME 3- 7024 Lokomotivi sizindir?

- Bəli...Çex teplovozudur, markası da 7024-dür.

- Neçə ildir onunla işləyirsiniz?

- Bu teplovoz dörd ildir təmirdən qayıdıb. Əvvəllər də istismar olunub. Təxminən 13-14 ildir istismar olunur.

- İndiyə qədər nə vaxtsa sizi yolda qoymayıb?

- Yox, heç vaxt məni “podvodit” etməyib. Müəyyən hissələri var ki, xarab olanda özümüz təmir edirik.

- Tamamilə, yoxsa?

- Yox, bir müddətlik, müvəqqəti olaraq. Sonra onu lokomotiv deposuna aparırıq. Orda çilingərlər onu təmir edirlər.

- Reysə tək çıxırsınız, yoxsa köməkçinizlə?

- Köməkçim də yanımda olur.

- Mövsümi çətinlikləriniz olurmu? Tutaq ki indiki fəsildə.

- Kabinənin içi isti olur. Ona görə də o qədər də problem yaranmır.

- Bəs xarab olanda?

- Hə, soyuqda bir az çətinliklərimiz olur. Amma onda da əlcəklərdən istifadə edirik.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm