Bakıda fantastik qiymətə yolka - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda fantastik qiymətə yolka - FOTOLAR

Yeni ilin yaxınlaşdığını mağazalardakı bayram əhvali-ruhiyyəsi xəbər verir. Həmişə olduğu kimi bu il də Yeni il ərəfəsində bayram atributlarının, xüsusən də yolkanın qiymətində bahalaşma hiss olunur. Mağazalar artıq əlvan Yeni il hədiyyələri, yolka və oyuncaqlarla dolub-daşır. Yolka və oyuncaqlar o qədər rəngarəngdir ki, hətta evdə olsa belə, ən azı bir neçə oyuncaq almadan yanından keçmək mümkün deyil. Amma yolka və oyuncaqların qiymətləri də elə onların çeşidi qədər rəngarəngdir. Yeni ilin əsas rəmzi sayılan yolkasız, yəqin ki, heç bir ev yoxdur. Bəs paytaxtda Yeni il ağacını hansı qiymətə almaq olar?

Satıcının sözlərinə görə yolkanın hansı ölçüdə olması, hansı ölkədən gətirilməsi və bəzəkli və ya bəzəksiz olması, hətta hansı mağazada satılması da qiymət amilində rol oynayır. Biz də yolkaların ən ucuzunun və ən bahalısının qiymətini öyrənmək üçün Yeni il atributları satılan bir neçə məkana baş çəkdik. İlk olaraq bu cür atributların ucuz satıldığı məkanlardan, yəni yol kənarından və metro çıxışlarından başladıq. Burada yolkaların qiyməti ölçüsündən asılı olaraq dəyişirdi. Rast gəldiyimiz mağazalarda ən ucuz yolkanın qiyməti 3 manat, ən bahalısı isə 5 min manata satılırdı.

“Azadlıq prospekti” metrosunun yaxınlığında xeyli ucuz yolkalara rast gəldik. Kiçik və yöndəmsiz yolkaları buradan 3-5 manata almaq mümkündür. Nisbətən yaxşı, təxminən uzunluğu 1 metr olan yolkanın qiyməti isə 10 manatdır. Burada ən bahalı yolka isə 40-50 manatdır. Satıcılar isə əslində yolkaların keyfiyyətində elə bir fərq olmadığını, qiymətin ölçüdən asılı olaraq dəyişdiyini deyirlər.

“Nəsimi” bazarının yaxınlığında ən maraqlı yolkaların satıldığı mağazada isə yolkaların qiymətləri göz çıxarır. Satıcı İsrafil Kərimovun sözlərinə görə, bu il yolka qiymətlərində o qədər də bahalaşma müşahidə olunmur. Mağazada yolkaların qiymətləri isə 60 manatdan başlayır.

Satıcının sözlərinə görə, hündürlüyü 3-4 metrdən yuxarı və 5-6 min manata satılan yolkalar da var. Burada Xarici ölkələrin, o cümlədən, İtaliya, Türkiyə, Braziliya, Dubay istehsalı olan sertifikatlı yolkalarıyla yanaşı Çin istehsalı olan yolkalara da rast gəlinir: “Burada uzunluğu 2,2 metr olan bəzəksiz yolka 500 manatdırsa, bəzənmiş halda isə 700 manatdır. Ən çox satılan yolkalar isə 1,8 metrlik üzərində qar olan yolkalardır. Bunlar bəzənməmiş 60 manat, bəzənmiş isə 130 manatdır”.

Paytaxtın digər mağazalarında da qiymətlərlə maraqlandıq. Şəhərin mərkəzində yerləşən ticarət mərkəzlərindən birində ən ucuz yolkanın qiyməti 200 manat, ən bahalısı isə 2750 manatdır. Bu mağazada təxminən 1500 manatlıq yolkaların çox alındığını deyən mağaza sahibinin sözlərinə görə, bahalı yolkaların da öz alıcıları var: “Biz baha satmırıq, bizə neçəyə başa gəlibsə, ona müvafiq olaraq satırıq. Məsələn ən bahalı yolkamız 2750 manatdır, onu İtaliyadan gətirmişik. Bu yolka bizə 2250 manata başa gəlib”.

Bu il qoyun ili olduğundan alıcılar daha çox qoyun fiqurları və Şaxta baba oyuncaqları alırlar. Yolkanı bəzəmək üçün lazım olan oyuncaqlara gəlincə, onların da qiyməti istehsal olunduğu ölkəyə və oyuncağın keyfiyyətinə görə fərqlənir. Satışda olan oyuncaqların qiyməti 1 ədədi 20 qəpikdən tutmuş, 20-30 manata qədərdir. Ən çox satılan oyuncaqlar isə 60-80 qəpiklik oyuncaqlardır. Mağazalarda kiçik ölçülü və 4-ü 1 manata olan oyuncaqlara və 6-12 ədəd oyuncaqdan ibarət 20 manatlıq dəstlərə də rast gəlmək olurdu. Qiymətlərin bahalığı və ucuzluğu istehsalçı ölkədən, oyuncağın keyfiyyətindən və ölçüsündən asılı idi. İçərisində Şaxta baba olan müxtəlif kürələri və Yeni il mövzusunda digər suvenirləri təxminən 5 manatdan 20 manata qədər almaq olar. Yolkanın bəzədilməsi üçün işıqların qiyməti isə 2 manatdan 100 manata kimi dəyişir. Daha çox ucuz işıqlara Bakının “Sədərək” bazarında rast gəlinir. Alıcılar paytaxtın mərkəzi hissələrində qiymətlərin baha olduğunu və buna görə nisbətən ucuz “Sədərək” bazarına üz tutduqlarını deyirlər. Əvvəllər içərisində 50 və 100 ədəd şar olan dəstin qiyməti 2 manat idisə, indi Yeni illə əlaqədar qiymət 5 manata qalxıb.

Bir də onu müşahidə etdik ki, əlvan və rəngbərəng yolka oyuncaqlarına çox rast gəlsək də, bütün oyuncaqlar bir-birinə bənzəyir. Uşaqlığımızda olduğu kimi fərqli, müxtəlif heyvan fiqurları, buratino və rəngarəng meyvələri ifadə edən şüşə fiqurlara isə heç rast gəlinmir. Satılan oyuncaqlar daha çox plastmas və mantardan hazırlanan oyuncaqlardır.

Gülnar Əliyeva

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm