• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bakının Yeni il bazarı: Qiymətlər od tutub yanır – FOTOREPORTAJ

Bakının Yeni il bazarı: Qiymətlər od tutub yanır – FOTOREPORTAJ

Yeni il yaxınlaşdığından bir çox ailələr elə indidən bayram bazarlıqlarına başlayıblar. Buna səbəb isə ilin son günlərində qiymətlərin kəllə-çarxa çıxmasıdır. Bütün dünyada bayram öncəsi endirimlər olsa da, bizdə satıcılar son bir-iki gündə bütün il boyu qazandıqlarını qazanırlar. Bayramda təmtəraqlı süfrə açıb hamıdan seçilmək arzusu bizim mental xüsusiyyətimiz olduğundan, satıcı nə qədər qiymət qoysa da, evə lazım olan hər şeyi alıb geri dönməsək, özümüzü bağışlamarıq. Əslində, alıcılar illərdir Yeni il ərəfəsi bu qiymət artımının olmasına öyrəşiblər. Onlar üçün qiymətin artmaması təəccüblü olardı.

Bayramqabağı əhvali-ruhiyyəni öyrənmək üçün “Nəsimi” bazarına yollandıq. Gözlə görünən o idi ki, bazarda ölüm sükutu hökm sürürdü. Müşahidə apardığımız müddətdə çox az alıcının yaxınlaşaraq nəsə aldığının şahidi olduq. Meyvələrin çeşidi və rəngləri adama gəl-gəl desə də, bazardakı səssizlikdən bayram ab-havası sezilmirdi.

“Hamı marketdən bazarlıq edir, kimdir bazara gələn?!”

Yaxınlaşıb qiymətlərlə maraqlandıqda isə satıcılar daş atıb başlarını tutdular. Onlar qiymətlərdə artımın olmamasını Rusiyadakı böhran və Azərbaycandan bu ölkəyə meyvə-tərəvəzin aparılmaması ilə əlaqələndirirlər. Qiymətlərlə tanış olduqda isə bir həftə öncə olan qiymətlərdən bir qədər artdığının şahidi olduq.

4 ildir bu bazarda satıcı işləyən Əsgər Ələkbərovun Publika.az-a bildirdiyinə görə, bazarda ən çox qiymət artımı “Qızıl Əhmədi” adlanan alma növündə olub. Belə ki, əvvəllər 2 manata olan almanın indiki qiyməti 4 manatdır.

“Alıcı var ki, qiyməti də qaldıraq? Camaat kimin evinə yaxın market var, oradan bazarlıq edir. Kimdir bazara gələn?” – satıcı Əsgər dayı belə düşünür.

Qiymətlər ən azı 20-30 qəpik bahalaşıb…

Amma bu satıcıların fikridir. Alıcılar isə hər il olduğu kimi bu il də Yeni il ərəfəsi qiymətlərin artdığını düşünürlər. 67 yaşlı Zöhrə xala bazarlığı yalnız bazarlardan etsə də, qiymət artımından narazıdır: “40 ildir ki, evə bazarlığı mən edirəm. Marketdən xoşum gəlmir, orada baha olur. Mənimki bazardır, hər səhər bura gəlirəm. Amma bayramqabağı bu qiymətlərin artması yaxşı deyil. Əslində, ucuzlaşmalıdır ki, camaat ala bilsin”.

Bazarda alma, armudun bir kiloqramı 3 manat, narıngi, mandarin 2,5 manat, nar 4-5 manat, üzüm 4- 6 manat, banan 2,2 manat, çiyələk 6 manat, kivinin bir ədədi 30 qəpikdir.

Burada qarpızın bir kiloqramı 3 manat, ananas 4 manatdır. Ən çox satılan meyvə isə nar və mandarindir.

Bazarda bir həftə əvvəl 1-1,5 manat olan almanın kilosunda ən azı 20 -30 qəpik artım var. Xırda və nisbətən əzik mandarinin qiyməti 80 qəpikdən 1 manatadək qalxıb. Kiloqramı 1,5 manat olan mandarin 2,5 manata satılır.

Gün ərzində 100-ə yaxın müştəri ilə alver etdiyini deyən Kəmalə Alməmmədovanın sözlərinə görə, əhali ən çox gündəlik istifadəsi vacib olan tərəvəzlər: kartof, soğan, boranı və duza qoyulmuş xiyar, dolma üçün üzüm yarpağı alır. Satıcının sözlərinə görə, bazarda qiymətlər şəhərdə keçirilən yarmarkalardan ucuz olsa da, camaat daha çox yarmarkalara üz tutur.

Bazarda adını eşitmədiyimiz, üzünü görmədiyimiz meyvələrə də rast gəldik. “Bunları alan olurmu?” sualına cavab olaraq satıcı bildirdi ki, onların da öz alıcısı var. Kimsə bayram stolunda qeyri-adi meyvələrin olmasını istəyirsə, bunları alır.

Xaricdən gətirilən meyvələrə gəlincə, satıcılar bildirdilər ki, “Nəsimi” bazarında çiyələk və şaftalı Türkiyədən, qarpız İrandan, banan, kivi, ananas Afrika ölkələrindən gətirilir.

Tərəvəz məhsullarına gəlincə, onların da qiymətlərində artım müşahidə olunur. Belə ki, əvvəllər kilosu 1,5 -2 manat olan pomidor 4 manat, kilosu 1-1,5 manat olan xiyar isə 3 manatdır. Əvvəllər 80 qəpiyə olan kartofun qiyməti 1 manat, 60 qəpik olan soğan isə 80 qəpik – 1 manat arasında dəyişir. Kök, gül kələm 1,5 manat, bibərin kilosu 3 manat, badımcan 4 manat, kələm 1 manatdır.

Satıcıların sözlərinə görə, yumurtanın qiymətində artım müşahidə olunur. Məsələn, Sabirabaddan gətirilən kənd yumurtasının qiyməti 30 qəpikdir.

Bazarda ət satışı ilə məşğul olan Əli Novruzovu hamı Seyid kimi tanıyır. Əslində, seyidlərlə əlaqəsi olmadığını deyən Əli dayının sözlərinə görə, “Seyid” ləqəbini düzgünlüyü və indiyə kimi heç kəsi aldatmadığına görə qazanıb. Uzun illərdir burada ət satışı ilə məşğul olan satıcıdan öyrəndik ki, bazarda mal ətinin bir kiloqramı 7 manat, qoyun əti isə 8 manatdır. Sümüksüz ətin bir kiloqramı 10 manata başa gəlir.

Bazarda ən ucuz balığın qiyməti 5-6 manatdır. Sazan və xəşəm balığını isə 7-8 manata almaq olar. Bazarda Göyçay rayonundan gətirilmiş diri toyuğun qiyməti isə 10 manatdır.

Rusiyaya ixrac azaldığından qiymətlər o qədər də bahalaşmayıb

Müşahidələrimizdən meyvə-tərəvəzin qiymətində bahalaşma olduğu qənaətinə gəlsək də, bu bahalaşma ötən illə müqayisədə bir qədər zəifdir. Alıcılar bunun ilin son günlərinə doğru getdikcə bir qədər də artacağını deyirlər. Dekabr ayının əvvəlində pomidorun bir kiloqramının 1.50 -2 manata satılmasını Bakı üçün nadir hal hesab edirlər. Bunun səbəbini isə satıcılar Rusiyada iqtisadi böhranın başlaması ilə əlaqələndirirlər. Əvvəllər Azərbaycandan pomidor-xiyar ən çox Rusiyaya ixrac olunurdusa, yerli bazarda məhsul az olduğu üçün burada baha satılırdı. İndi Rusiya bazarında demək olar ki, mal satmaq mümkün deyil. Ona görə fermerlər məhsullarını yerli bazarda reallaşdırmağa çalışırlar. Bu səbəbdən həm pomidorun, həm də xiyarın qiyməti fəsilə görə ucuzdur.

Çox az ailə tapılar ki, bayram süfrəsində plov olmasın. Buna görə də bahalaşma plovun üstündə istifadə olunan meyvə qurusuna da təsir edir. Bir-iki həftə əvvəl ərik qurusunun kiloqramı 5 manat idisə, indi 6 manatdır. Kişmişin kiloqramı 4-7 manata, şabalıd 5-7 manata, düyü 2-2.20 manata satılır. Satıcılar deyir ki, hələ ciddi bahalaşma olmasa da, bayrama 2-3 gün qalmış quru meyvələrdə də qiymət artımı qaçılmazdır.
Ağartı və göyərti məhsullarında isə nəzərəçarpan artım müşahidə etmədik. 3 litr qatıq 2.50 manat, 1 kiloqram pendir 4-5 manat, 1 litr süd 1 manat, göyərtinin bir dəstəsi isə 20 qəpikdir.


Bazarda bu qədər bolluq olsa da, söhbət etdiyimiz alıcıların, demək olar ki, hamısı əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasından narazılıq etdilər.

Bayram süfrəsi 100 manata başa gəlir

Beləliklə, bayramı heç də təmtəraqlı yemək süfrələri ilə qeyd etməyənlər də var. Bəs sadə bayram süfrələrinə nə qədər pul xərclənir?

Hesablamalara görə, 4-5 nəfərlik ailə üçün sadə, dəbdəbədən uzaq, ən adi bir süfrə açmaq üçün, heç olmasa, 100 manata ehtiyac var:

• plov və 1 növ ət yeməyi – 30-40 manat,
• 2-3 cür ucuz içki – 8-10 manat,
• 3 növ meyvə - 8 manat,
• 2 cür şirniyyat - 10 manat,
• 2 cür salat – 12 manat,
• 3 cür çərəz – 8-10 manat.
• digər ərzaqlar - 15 manat.


Ötən ay qiymətlər nə qədər artıb?

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay ölkədə istehlak və istehsalçı qiymətlərin artdığını rəsmən təsdiqləmişdi. Komitənin noyabr ayına olan hesablamalarından bəlli oldu ki, kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 3,7 faiz, o cümlədən birillik bitkilərin və diri heyvan və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 6 və 2,6 faiz bahalaşıb. Birillik bitkilərdən yaşıl paxlalı tərəvəzlərin 15,3 faiz, qabıqdan çıxarılmış, qurudulmuş paxlalı tərəvəzlərin 10,1 faiz, buğdanın 0,4 faiz, qarğıdalının 0,1 faiz, badımcanın 28,6 faiz, pomidorun 24,4 faiz, xiyarın 4,2 faiz, kartofun 3,2 faiz, yem bitkilərinin istehsalçı qiymətləri 1,7 faiz bahalaşıb. Çoxillik bitkilərdən feyxoanın 36,7 faiz, xurmanın 2,4 faiz, alma və limonun istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşıb. Armudun 27,4 faiz, şabalıdın istehsalçı qiymətləri isə 10,5 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 11,1 faiz, südün 8 faiz, quş ətinin (diri çəkidə) 1,4 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,3 faiz bahalaşıb. Mal ətinin (diri çəkidə) 6,7 faiz, diri qoyun və keçilərin 1 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun və həmçinin diri ev quşlarının istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb. İstehlak qiymətlərinə gəlincə, komitə ay ərzində mal, qoyun və toyuq ətlərinin, balıq məhsullarının, limonun, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, baş soğanın, kökün, çuğundurun qiymətlərində ucuzlaşma, buğda ununun, əla növ buğda çörəyinin, düyünün, qarabaşaq yarmasının, kolbasa məmulatlarının, süd və süd məhsullarının, yumurtanın, kərə və zeytun yağlarının, üzümün, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, kartofun, sarımsağın, duzun, şəkər tozunun qiymətlərində isə bahalaşma müşahidə olunduğunu bildirirdi.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR