Ekologiya və Təbii Sərvətlər Nazirliyi iməcilik keçirib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iməcilik keçirib - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Zığ - Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun kənarında iməcilik keçirilib. Artıq bir neçə ildir ənənəvi olaraq bu günə təsadüf edən iməcilik ölkədə yaşıllıqların salınması istiqamətində görülən işlərin bir hissədir.

Ərazidə yeni ağacların əkilməsi və yaşıllıqlara qulluq göstərilməsi məqsədilə təşkil olunan aksiyada nazirliyin əməkdaşları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və KİV-in 1000-dən çox nümayəndəsi iştirak edib. İməcilikdə 30 hektar ərazidə yeni ağaclar əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Jurnalist və QHT əməkdaşları ötən il əkdikləri ağaclara baxış keçirib, onlara necə qulluq edilməsi ilə tanış olublar. Artıq bir neçə il əvvəl əkilmiş zeytun ağacları bar verir.

Jurnalistlərlə birlikdə ağac əkən nazir, həm də ağaclara necə qulluq göstərilməsi ilə bağlı əməkdaşlarla söhbət edib.

Bu tədbirin ölkədə yaşıllıqların sayının artırılmasına dəstək olduğunu deyən nazir Hüseyn Bağırov artıq ərazinin meşəliyə çevrildiyini dedi:

“Artıq 5 ildir ki, dekabrın 24-də jurnalistlər, QHT əməkdaşları burada ağac əkirlər. Keçirilən aksiyalar nəticəsində bu sahə meşəliyə çevrilib. Yaşıllıq bu ərazidəki havanı, mühiti dəyişib. Son üç-dörd ildə bu proses daha da intensivləşib. Damcılı suvarma sistemi ağacların insanlardan asılılığını aradan qaldırıb. Ağaclara qulluq edilməsi üçün müasir üsullar tətbiq edilir. Bu vaxta qədər 4 min hektardan çox səhralaşmış, torpağı münbit olmayan sahədə yaşıllıqlar salınıb. Bu da ölkə ərazisinin təxminın 0.1%-i deməkdir. Meşə fondundakı torpaqlarla birlikdə bu böyük bir rəqəm təşkil edir”.

Nazir bu tədbirlərin nəticələrinin uğurlu olduğunu vurğulayıb:

“Lənkəran, Qərb bölgələrinə gedərkən yol kənarında əkilən ağaclar əməyimizin nəticəsidir. Bu tədbirlər ölkə prezidentinin yaşıllaşdırmaya, ekologiyaya olan xüsusi diqqətinin nəticəsidir. Ölkədə ekoloji tarazlığın qorunmasına göstərilən xüsusi diqqətin nəticəsidir ki, yeni yaşıllıqların salınmasında ciddi irəliləyişlərə nail olmuşuq. Ağac əkmək, təbiətdə olmaq əvəzsiz hissdir”.

10 ildən çoxdur ağac əkini ilə məşğul olan Vidadi Mahmudov bu günə qədər 20 mindən çox ağac əkib. Müsahibim ağac əkməyin savab iş olduğunu deyir:

“Hər bir adam gərək ömründə bir dəfə də olsa, ağac əksin. Ağac əkməklə yanaşı ona yaxşı qulluq etmək lazımdır. Ağaclara necə qulluq etməyimiz də, göz qabağındadır. Tez-tez diblərini açırıq, peyinləyirik, vaxtında su veririk. Biz ağaclara can veririk ki, onlar da bizə təmiz hava versin”.

55 illik ömrünün əsas hissəsini ağaclara qulluq edərək keçirən Fəridə Rzayeva həm də toxumçuluqla məşğul olduqlarını deyir.

“Ağac əkmək şərt deyil. Ona yaxşı qulluq etmək də lazımdır. Biz də bu işi yaxşı görürük. Ağaclarımıza baxanda da bunu görə bilərsiniz”.

Yaşıllaşdırma idarəsinin baş mütəxəssisi Ayaz Babakişiyev bildirib ki, ağacların dibini kol-kosdan təmizləyir, vaxtında suyunu verirlər. Məqsəd ekologiyanın havanın çirklənməsinin qarşısını almaqdır. Bu ərazidə bu il 70 mindən çox ağac əkilib. Ümumiyyətlə,burada 8803 ağaca qulluq edilir”.

Son bir neçə ildə magistral avtomobil yollarının kənarında, Bakı və Bakı ətrafı arid ərazilərdə, o cümlədən iməciliyin keçirildiyi Zığ-Heydər Əliyev Beynəlxalq Hava limanı magistral avtomobil yolu ətrafında milyonlarla ağac əkilib. Əkinlərin müasir metodlarla becərilməsi, damcılı suvarma ilə təchiz olunması, daim onlara aqrotexniki qulluq göstərilməsi nəticəsində 80-90 % bitiş alınmasına müvəffəq olunub. Bunun bir nümunəsi də elə iməciliyin keçirildiyi ərazidir. Bir neçə il bundan əvvəl salınan və artıq bar verən zeytunlarla dolu meşəliyə bənzəyən nəhəng bir əraziyə çevrilib

Ağacəkmədən sonra nazirlik jurnalistlər və QHT üzvləri üçün şirniyyat süfrəsi də təşkil edib.

ETSN bunun respublika əhəmiyyətli ekoloji tədbir olduğunu nəzərə alaraq digər dövlət və qeyri-dövlət qurumlarını, vətəndaşları bu aksiyaya qoşulmağa çağırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm