100 min dollar pulu mənimsənən 70 yaşlı Bakı sakini qocalar evinə yerləşdirildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

100 min dollar pulu mənimsənən 70 yaşlı Bakı sakini qocalar evinə yerləşdirildi - FOTOLAR

Mirabutalıb Talıbov 5 ildir ki, Bilgəhdə qocalar evində yaşayır. Sovet dövründə keçmiş Məişət Xidməti Nazirliyində çalışan paytaxt sakinin əvvəllər evi də, hər cür şəraiti də olub. Amma inşaat şirkətinə ev üçün verdiyi 100 min dollar pulu əlindən çıxandan sonra məcbur qalaraq pansionata yerləşməli olub. 70 yaşlı Abutalıb dayı həyatının ən acı anlarını Publika.az-a danışıb.

- Necə oldu bura gəldiniz?

- 5 ildir buradayam. “Elmlər Akademiyası” metrosunun yaxınlığında evimiz var idi. Gəlib oranı sökdülər və bizə də kvadrat hesabı pul verdilər. Fikirləşdim ki, qoy elə burada - ata-baba yurdumda ev alım. Binanı tikən “Super İnşaat” tikinti şirkətinə 100 min dollar verdim. Bir neçə il də kirayə qaldım. Bina hazır olanda getdim gördüm ki, başqasına satılıb. Soruşdum ki, bu nə məsələdir, dedilər ki, “get kimə istəyirsən, şikayət elə. Mənim pulum var, hər şey edə bilərəm”. Çox getdim-gəldim, məhkəmələrə verdim, Ali Məhkəməyə şikayət etdim. Rayon məhkəməsi mənim xeyrimə qərar çıxardı. Onlar da Apellyasiya Məhkəməsinə verdilər. Apellyasiya Məhkəməsindən mənə zəng elədilər ki, “ağsaqqal, oradan bura zəhmət çəkib gəlmə, sənin xeyrinə həll olundu”. 10 gündən sonra gedib görmüşəm ki, onların xeyrinə qərar çıxarıblar. Mənə “əmi-əmi” deyə-deyə başımı aldatdılar. Axırda başa düşdüm ki, mənim vəkilim də məni aldadıb. Məcbur oldum, yoldaşım Bikə Talıbova ilə bura gələsi oldum.

- Həmin şirkət indi də fəaliyyət göstərir?

- Hə, indi də fəaliyyət göstərir. 145 kv metrlik ərazini almaq üçün onlara 100 min dollar pul verdim . Sonra o evi başqa adama satdılar.

- Bəs pul verəndə sizə hansısa sənəd verilməmişdi?

- Verilmişdi, əlbəttə ki. Mən hamısını saxlayıram. Deyirlər ki, pulumuz var, get nə istəyirsən elə.

- Yoldaşınız da buradadır?

- Bəli, biz 45 ildir ailə həyatı qurmuşuq. İki övladımız var. Böyük oğlum İsveçrədə yaşayır. Uşaqlarım maraqlanırlar, tez-tez zəng edirlər. Bizə pul göndərirlər. Keçən il biz də ora getmişdik uşaqların yanına, çox əla yerlərdir. Kaş elə bütün valideynlər övladları ilə sevinsinlər.

- Nəvələriniz var?

-Var, elə indi yoldaşımı aparmışam nəvələrimizin yanına. Oğlumun kiçiyi burada yaşayır. Nəvələrimin birinin 11, birinin 5 yaşı var. Nənələrini çox istəyirlər, alıblar mənim əlimdən. Zəng edirlər, nənə gəlsin. Mən də aparıb-gətirirəm.

- Onların burada öz evləri var?

- Bəli, var.

- Bəs sizin bura gəlməyinizə necə razılaşıblar?

- Əslində qoymurdular, biz özümüz gəlmişik. Uşaqlı evdir, istəmirəm söz-söhbət olsun. Ancaq ona görə. Onlar çox dəvət edirlər, gəlin qalın deyə. Amma istəmirik.

- Pensiyaya çıxmamışdan harada çalışmısınız?

- Məişət Xidməti Nazirliyində 35 il işləmişəm. Xalq Təsərrüfatı və Politexnik institutlarını bitirmişəm.

- Burada necə dolanırsınız?

- Buradan çox-çox razıyam. Gəlməyimizə peşman olmamışıq. Hər şey çox əladır. Pensiya da alırıq, uşaqlar da kömək edirlər. Burada hər cür şərait yaradılıb, tər-təmizdi hər yer. Cənnət kimi yerdi. Amma əlbəttə ki, aldadıb pulumuzu mənimsəyənlərdən haqqımızı geri almaq istəyirik. Öz evində yaşamaq başqadır axı.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm