17 manata işləyən Şaxta baba və soyuqdan donan Qar qızın NAĞILI
Bizi izləyin

Qırmızı.az

17 manata işləyən Şaxta baba və soyuqdan donan Qar qızın NAĞILI

Onu görən kimi hər kəs yanına gəlir. Kimi telefon, kimi də fotoaparatını çıxarır, onun qoluna girib şəkil çəkdirir. Bəlkə də, başqa vaxt olsa, buna etiraz edər. Amma işidir və hər kəsin nazına, istəyinə “bəli” deməlidir. Əslində, xüsusi geyimi olmasa, şəkil çəkdirənlərin heç biri ona yaxınlaşmaz. Amma bu geyim və “gəlin, mənim əziz nəvələrim” sözü bütün strereotipləri qırır.

Gənc, qoca, uşaq hər kəs onu görən kimi üzündə təbəssüm yaranır, hər kəs özünü “nəvə” kimi hiss edir. Hər kəsin özünə yaxın bildiyi bu şəxslərin əsl sənətləri başqadır. Kimi işsizlikdən, kimi uşaqları sevdiyindən bu işlə məşğul olur.

Çox uzatmayaq, bu sehrli qəhrəmanımız Şaxta babadır. Birillik fasilədən sonra iş başındadır. Düzdür, onların hamısı işə başlamayıb. Amma biz paytaxtın hələ ki yeganə Şaxta babasını kiçik bir axtarışdan sonra tapa bildik.

Söhbət etdiyimiz Şaxta baba - 32 yaşlı Sərdar üç ildir bu işlə məşğul olur. Ötən il Bulvarda işəyib, bu il Fəvvarələr meydanında balacaları əyləndirir. Onunla söhbət zamanı bəlli oldu ki, Şaxta baba və Qar qız fotoqrafın dəstəyi ilə qeydiyyatdan keçiblər. Onları maraqlandıran işlərini görüb, gündəlik haqlarını almaqdır.

- Şaxta babaya maraq necədir?

- İstər böyüklər, istərsə də uşaqların marağı çoxdur. Məni görən kimi bütün uşaqlar qaçıb gəlirlər. Çalışıram ki, uşaqlar narazı qalmasın. Uşaqların xətrinə dəyməmək üçün nə istəsələr edirəm. Uşaqlar arasında mənim həqiqətən Şaxta baba olmadığımı bilənlər də var, mənim xarici ölkədən gəldiyimi düşünənlər də. Uşaqların bayramını rus, ingilis dilində də təbrik edirik. Onlardan şeir soruşuruq. Gələn uşaqlar arasında turistlər də olur. Onların danışığından sözləri tutub, söhbət edirik.

- Hədiyyə istəyənlər olur?

- Əlbəttə, uşaqlar yaxınlaşan kimi istəklərini deyirlər. Maşın, ev, kukla, hətta ali məktəbə daxil olmaq istəyənlər də olur. 17-20 yaşlı gənclər də yaxınlaşır, şəkil çəkdirir, istəklərini deyirlər.

- Ətrafdan söz atanlar olur?

-Təbii ki, zarafat edənlər olur. Çox vaxt paltarın böyük olmağı ilə zarafatlaşırlar. Amma buna çox da fikir vermirəm. Biz işimizlə məşğul oluruq.

- Ancaq bu işlə məşğulsunuz? Yoxsa başqa işiniz də var?

-Təxminən üç ilə yaxın operator kimi işləmişəm. Amma sonra başım “avtoş”luğa qarışdı. İndi də arada çəkilişlərdə oluram. Həm də maşın yumada işləyirəm.

- Öz işiniz var. Bəs nə üçün Şaxta baba olursunuz?

- Mənim uşaqlığım Qərbi Azərbaycanda keçib. Uşaq vaxtı mənim dovşan paltarım var idi. Həmin paltarda məktəbdə, bağçada müxtəlif əyləncəli tədbirlərdə iştirak etmişəm. Yəqin ki, uşaqlıqdan məndə aktyorluq həvəsi olub. İnsanları əyləndirməkdən xoşum gəlir. Elə özüm də əyləncəni sevirəm. Hər il təxminən 25 gün uşaqlarla oluram, özümü hansısa xarici ölkəyə səfər etmiş kimi hiss edirəm.

- Uşaqlıq arzunuzun arxasınca gedib, aktyor oldunuz?

-Yox, həmin sənətlə məşğul olmadım. İxtisasım bizneslə bağlıdır. Heç ixtisasımı da həvəslə seçməmişdim. Sadəcə ali məktəbdə oxumaq üçün ixtisas seçdim. Ali məktbədə də yaxşı oxumamışam. İnstitutda oxuyanda bir az sərbəst həyat yaşadım. “Avtoş” dostlarım var idi, onlara qoşuldum. İndi çox peşmanam. 2007-ci ildən maddi imkanım aşağı düşdü. Sonra da müxtəlif yerlərdə işlədim. Uşaq vaxtından həmişə kameram olub, ona görə də çəkməyi bacarırdım. Toylarda çəkilişlərə gedirdim. Sonra yenə başım avtoşluğa qarışdı, işdən çıxdım. Şaxta baba işi qurtarandan sonra yeni iş axtaracam.

- Burada gün ərzində qazancınız nə olur?

- Günə 15-17 manat verirlər. Bu da işin çox olmasından asılıdır. Puldan əlavə yeməyimizi də verirlər.

- Qar qız gözümə dəymir. O nə vaxt gələcək? Yoxsa, Qar qız tapmamısınız?

-Qar qız var. Amma o, dekabrın 26-dan sonra gələcək. Qar qızları əvvəldən tanımıram. Üç ildə hər dəfə fərqli bir qızla işləmişəm. Qızlar soyuğa dözümsüz olur. Bəzən çox qala bilmirlər.

- Sizə soyuq olmur?

- Mənim həm paltarım qalındı, həm də soyuğa qarşı dözümlüyəm. Ona görə də dözümün var. Həm də işimizdi, işləməyə məcburam.

Şəkil çəkdirmək üçün növbədə olanları nəzərə alıb, söhbətimizi burda tamamlayırıq. Qar qızın işi hələ dekabrın 27-dən sonra başlayacaq. Ona görə də o hələ ki kənarda dayanıb, insanları müşahidə edir. Yoldan keçənləri Şaxta baba ilə şəkil çəkdirməyə dəvət edir.

Söhbətimizi onunla davam etdiririk. 18 yaşlı Məleykə ikinci ildir Qar qız olacaq. Novruz Bayramında Bahar qız olur.

- Başqa işiniz var?

- Daimi işim yoxdur. Burda işləmək sərf edir. Həm başqa işim yoxdur, həm də gündəlik 25-30 manat almaq pis deyil. Düzdür, bu müvəqqətidir. Pulun bir hissəsini özüm xərcləyirəm, evə də verirəm. Oxumamışam deyə, rahat iş tapa bilmirəm. Məcburam satıcı işləyim. O da daimi deyil. Bir də görürsən nəsə müdirin xoşuna gəlmədi, çıxartdı işdən. Bu iş ildə bir dəfə də olsa, razıyam. Qalan vaxtlar da iş axtarıram.

- Gündə neçə saat işləyirsiniz?

- Bayram günü səhərə qədər burda oluruq. Adi günlərdə səhər saat 10:00-dan, 23:00-a qədər işdə oluram.

- Bu işə necə başladın?

- İşsiz idim. Bir nəfər tanışdan eşitdim bu barədə. Onun fotoqraf tanışı var idi. İlk dəfə belə başladım. Sonra da əlaqələr quruldu.

- Valideynlər etiraz etdilər?

- Birinci dəfə başlayanda valideynlərim işləməyimi istəmədi. Sonra razı oldular. Həm də evdə oturub nə edəcəm?

- Şaxta baba dedi ki, Qar qızlar üşüyən olur. Çox vaxt soyuqdan qorxub qaçırlar.

- İlk günlər soyuq olur, axşama qədər dözmək çətindir. Amma sonra öyrənirsən. Həm də çalışıram çox hərəkət edim. Ona görə, insanlara əl edib çağırıram. İşimizin xətrinə, həm də uşaqları sevindirmək üçün çalışırıq onları əyləndirək.

- Söz atanlar olur?

- Arada olur ki, cavan uşaqlar zarafat edir. “Yalançı Qar qızsan, insanları aldatma” deyirlər. Bəzən xətrimə dəyir, amma işimizin xətrinə dözürük.

Gülxar

Fotolar Elçin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm