• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Minarədən baxarkən – bir məscidin hekayəsi – FOTOREPORTAJ

Minarədən baxarkən – bir məscidin hekayəsi – FOTOREPORTAJ

Hər işdə bir xeyir məsəli. Bu az qala həyatımın şüarına çevrilib. Bu günü yenə bu məsəllə başlamalı oldum. Bakı – Sumqayıt tıxacı məni səhər saat 9-da getməli olduğum bir reportajdan geri qoydu. “Hər işdə bir xeyir var” deyib üz tutdum redaksiyaya. Gələr-gəlməz təcili olaraq Qafqazın inşası yeni başa çatmış ən böyük məscidinə - Heydər məscidinə getməli olduğumu öyrəndim.

Hə, bu işin xeyiri harasındaydı, bax onu indi nəql edəcəyəm. Reportaja tək getdiyim üçün bir az kefim yox idi. Budur, məscidin yerləşdiyi 9-cu mikrorayon, Həmzə Babaşov küçəsinə gəlib çatdım, uzaqdan-uzağa məscidin o möhtəşəm dörd minarəsini çəkməyə başlamışdım ki, 14-15 yaşlarında bir oğlan mənə yaxınlaşdı. Nə etdiyimlə maraqlandı, suallar verməyə başladı. Deyəsən, reportaj boyu məni müşayiət edəcək bələdçimlə rastlaşmışdım. O, məscid barədə bildiklərini mənimlə bölüşməyə başladı…

Dostları ilə birgə dərsdən qaçıb minarələrə necə gizlicə çıxdıqlarını, ordan şəhərin necə gözəl göründüyünü birnəfəsə izah edirdi. Mənsə qarşımda ucalan bu möhtəşəm memarlıq nümunəsini acgözlüklə nəzərdən keçirir və çəkəcəyim rakursları götür-qoy edirdim. Bu abidə barədə məlumatım olsa da, yeni dostumun sözün kəsmirdim, o da izah edirdi: “Əmi, bilirsiz, bu məscid Qafqazda ən böyük məsciddir. Hündürlüyü 95 metrdir. O gün gizlincə dostlarımla minarəyə çıxmışdıq. Hətta minarənin içində lift də var. Əgər istəsəz, sizi ora apara bilərəm. Burada dörd min insan eyni anda namaz qıla bilər, o gün internetdən özüm oxumuşam”.

İndi isə yerdə qalan bəzi məlumatları da mən deyim. Məscid bilavasitə dövlət başçısının təşəbbüsü ilə tikilib. Memarlıq baxımından Şirvan ənənələrinə uyğun inşa edilib. Dörd minarə və doqquz irili-xırdalı günbəzdən ibarətdir. Fasad və interyer dini qaydalara uyğun olaraq, Şirvan memarlıq məktəbi əsasında oyma ornament, ayə və surələrlə bəzədilib. Diqqətimi çəkən əsas məqamsa məscidin girişində fiziki qüsuru olan insanları nəzərə alınması – xüsusi qaldırıcı mexanizmlərin quraşdırılması oldu. 1.3 hektar ərazidə inşa eilən memarlıq nümunəsi bir neçə köməkçi binanı da əhatə edir, eyni zamanda 400 avtomobil üçün nəzərdə tutulmuş dayanacağa sahibdir.

Məscidin ümumi dizayn və texniki göstəriciləri ilə bağlı internetdə yetərincə məlumatın olduğunu nəzərə alıb, məsələni çox uzatmaq istəmirəm. Mən öz hekayəmi danışım. Həqiqətən, yaxşı yol yoldaşı tapmışdım. Məscidin divarları boyu gəzib hərisliklə aparatı sağa-sola, aşağı-yuxarı atıb-tuturdum. Canlı olaraq gördüyüm mənzərə bir cür, fotokameranın “displey”ində əks olunan görüntülərsə bir başqa emosiyalar yaşadırdı. Cilovlaya bilmədiyim hisslər ruhumu riqqətə gətirməyə başlamışdı. Hər gün 5 dəfə sirli azan səsinin ucalacağı minarələr başım üzərində göy qübbəsini sanki dəlir, ordan izah olunmayan enerji çəkirdi. Qəribə bir aləmə dalmış kimiydim. Bir anlıq yol yoldaşım Arifi də unutmuşdum. Yeri gəlmişkən, dostumun adı Arif idi. Bir anlıq fərq etdim ki, günəş artıq zenitə doğru yol alıb, bu da fotolara ciddi təsir etməyə başlayıb. Günəşi azdıra-azdıra bir neçə şəkil də çəkməyə başladım. Dostum bir qapının ağzına qısılaraq işarə edərək, məni çağırdı. Tez ona yaxınlaşdım, məlum oldu ki, bu yol bizi minarənin qülləsinə aparacaq. Bu fürsəti əldə verə bilməzdim. Cəld telefonun fənərin qoşdum, minarənin spiral pilləkənləri ilə yuxarıya doğru qalxdıq. Xırda tamamlanma işləri getdiyi üçün işıqları söndürmüşdülər. Çoxmərtəbəli binalardan, qüllələrdən baxmaq ayrı, amma bir minarə yüksəkliyindən ətrafı seyr etmək... Bu izah olunmayacaq dərəcədə hisslərin eyni anda vəcdə gəlməsidir. Bizim nə görməyimiz durduğumuz yerdən asılıdır. Mən hər gün tamaşa etdiyim şəhəri, binaları, insanları o an, həqiqətən, nəsə başqa cür gördüm. Bir az pafoslu səslənə bilər, amma dünyanı yerindən tərpətmək üçün bir istinad, dayaq nöqtəsi axtaran Arximed o an yaşadığım hissləri yaşasaydı, bəlkə də, o nöqtəni tapdığını sanardı.

Gördüklərimi vəsf etməkdə davam etməyəcəyəm, çünki şəkillər elə bunun üçündür. Bir az hisslərimi bölüşmək, ümumi hadisəni qısa nəql etmək istədim.

Hə, sonda bir daha əvvələ qayıdım. Bugünkü işdə olan xeyir nə idi, onu deyim. Zamanla yaşadığımız təcrübələr bizi öyrədir, bəlli bir izə salır. Bir qranit parçası heykəltaraşın əlində əsərə çevrilənə qədər çox eybəcər və kobud şəkillər alır. İnsan hissləri də elədir, yaşadıqca, bəlli təcrübələr topladıqca çox şəkil dəyişdirirlər. Bugünkü xeyir bir müddət öncə öləziyərək “fazadan sıfır başlanğıcına” düşmüş hisslərimin bir anda yenidən parlaması, ruhumu sarması oldu.

Yenə deyirəm. Şükür məsləhətə, hər işdə bir xeyir var. Bugünkü xeyir Bakı –Sumqayıt tıxacından gəldi…

Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR