“Bacımın oğlu məni döyüb, pullarımı əlimdən alır“ – kimsəsiz qadının acı fəryadı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Bacımın oğlu məni döyüb, pullarımı əlimdən alır“ – kimsəsiz qadının acı fəryadı - FOTOLAR

Publika.az paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində məskunlaşmış, Qubadlıdan olan 65 yaşlı məcburi köçkün Gülcahan Məmmədovanın, yaxınlarının təzyiqləri ilə üzləşdiyini xəbər vermişdi.

Övladı olmayan, həyat yoldaşı vəfat edən bu qoca hər gün qəsəbənin küçələrində daş pilləkənin üstündə oturaraq zibil qutularından yığdığı quru çörək qırıntılarını yeyir, başını aşağı salaraq utandığından heç kimə baxmır. Dili ilə heç kimdən heç nə istəməsə də, hərdən başını qaldıraraq gözlərini zillədiyi insanlardan bircə şey umur – bir tikə çörək pulu. Ömrünün qürub çağını küçələrdə keçirən bu kimsəsiz qadınla söhbət edərkən onun üzləşdiyi haqsızlıqlardan heyrətə gəldik:

- Salam...

- Salam...

- Sizin adınız nədir?

- Gülcahan Məmmədova.

- Harda yaşayırsınız?

- Hövsanda...

- Qəsəbənin hansı tərəfində?

- (Əliylə qəsəbənin giriş hissəsini göstərərək) – O tərəfdə yaşayıram. Həyət evində.

- Bayaqdan oturmusunuz daş pilləkənin üstündə, soyuq deyil?

- Soyuqdur, bəs neynim? Baxanım yoxdur, bala.

- Niyə? Övladınız yoxdur?

- Yox, övladım yoxdur, pensiya kartımı əlimdən alıblar. Əvvəlcə kartımı vermişdilər, sonra yenidən aldılar.

- Kim alıb kartınızı?

- Bacım.

- Niyə polisə müraciət etmirsiniz?

- Polisə verdim. Pensiya kartımı alıb verdilər özümə, sonra dedilər ki, mən dəliyəm. Kartımı yenidən əlimdən aldılar. Bala, bacımın bir oğlu var, burda pul yığıram, gecələr gəlib döyüb, əlimdən alır.

- Bacınızın oğlunun adı nədir?

- Kamal Salmanov.

- Kamal özü harada işləyir?

- Xəstədir, işə də getmir. Evdə pulumu görəndə gəlib oğurlayır. Verməyəndə də döyüb alır.

- Bacınız da sizi döyür?

- Bacım Sumqayıtda olur. Hamısını edən odur. Bacımın 7 oğlu var, hərəsinin bir maşını var. Amma gəlib mənim pulumu əlimdən alırlar.

- Polisə müraciət etdikdə də faydası olmadı?

- Yox, mənə heç kim baxmır. Burdakı (Hövsan qəsəbəsini nəzərdə tutur - müəl.) polisə şikayət etsəm də, heç bir xeyri olmadı. (Doluxsunaraq) Bala, mənə heç kəs baxmır.

- Deməli, siz burda oturub pul yığırsınız, axşamlar da bacınız oğlu döyüb, əlinizdən alır?

- Hə, bala. Gəlib axşamlar pullarımı əlimdən alır. (Əli ilə şişmiş sağ gözünü göstərərək - müəl) Budur, döyüb gözümü töküb. Məni döyürlər, incidirlər.

- Axşamlar gəlir evə?

- Hə...

- Axşam sizi döyməyə gələndə polis çağırmısınız?

- Polis uzaqdadır. Amma onun evi ilə yaxınıq. Hərdən gəlib, pulumu oğurlayıb gedir. Bilmirəm ki, necə oğurlayır. Dillənəndə də məni döyür.

- Evin qapını niyə bağlamırsınız?

- Qapını bağlamağa kilit yoxdur.

- Tək yaşayırsınız?

- Hə.

- Həyat yoldaşınız yoxdur?

- Yox...

- Ailə qurmamısınız, yoxsa..?

- Ailə qurmuşdum, övladım olmadı, ərim isə çoxdan rəhmətə gedib.

- Bacınızın oğlunun əməlləri ilə bağlı polisə yazılı ərizə ilə şikayət etmişdiniz?

- Yox bala, yazı yazmağı bacarmıram...Neynim bala, yaza bilmirəm.

- Yaşadığınız öz evinizdir?

- Yox, yiyəsi evi mənə verib, gedib Rusiyaya.

- Neçə otaqlı evdir?

- Balaca bir yerdir, tək qalıram orda.

- Neçə yaşınız var?

- Altmış beş...

- Pensiyanız nə qədərdir?

- Çoxdur. Dəqiq bilmirəm nə qədərdir, axı pensiyamı onlar alır. Bacımın əri də mənə hədə-qorxu gəlir. Mən biləni, pensiyam altmış manatdır.

- Pensiyanızı alırlar, bəs sizə baxmırlar? Heç olmasa, çörək də olsa almırlar?

- Yox...

- Bacınızdan başqa doğmalarınız yoxdur?

- Var e, niyə yoxdur? Amma mənə yiyə durmurlar. Üç qardaşım, iki bacım var, amma heç kim mənə sahib çıxmır.

- Pensiya kartınızı alan bacınız doğmadır?

- Bəli, doğma bacımdır.

- Yanınızda gəzdirdiyiniz sellofan torbadakı quru çörək və lavaşları hardan almısınız?

- Zibillikdən yığmışam.

- Ancaq quru çörək yeyirsiniz?

- Hə, nə tapsam, yeyirəm.

- Gündə təxminən nə qədər qazanırsınız?

- Allaha şükür, bir neçə manat olur.

- Qonşularınız sizə baxır?

- Yox, heç kim baxmır. Ancaq küçədə nə yığsam odur.

- Bacınızın oğlundan başqa sizi döyən, yaxud incidən var?

- Yox, heç kim heç nə demir, incitmir, ancaq o döyür.

- Əyninizdəki paltarları kim alıb?

- Özüm ordan-burdan tapmışam, zibillikdən yığmışam. Zibil qutularına paltar atırlar, mən də gedib yığıram.

- Xəstələnəndə sizə kim qulluq edir?

- Heç kim.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm