Dilim dil olsun: “Mışka, investisiya, oçki...”
Bizi izləyin

Qırmızı.az

Dilim dil olsun: “Mışka, investisiya, oçki...”

“Biz hansı ölkədə yaşayırıq? Hər şey yaxşıdır, amma lazımi dərəcədə. “Metro” sözünü “yeraltı dəmir yolu” ilə əvəz etmək olar, amma fransızlar “kafe” sözünü "bistro” ilə dəyişdirmirlər. Sözlər hansısa formada sabitləşib”. Bu açıqlama Rusiya prezidenti Vladimir Putinə məxsusdur.

Prezident rus dilini həddən artıq latınlaşdırılmasından çəkinməyə çağırıb. Qeyd edək ki, Rusiya Dövlət Dumasında reklamlarda və malların adlarında latın hərflərindən istifadə üçün xüsusi vergini nəzərdə tutan qanun layihəsi müzakirə olunub. Qanun Rusiyanın ərazisində qeydə alınmış bütün şirkətlər və sahibkarlara aid olacaq.

Bəs Azərbaycan dilində xarici sözlərdən istifadə ilə bağlı vəziyyət necədir? Mağaza adları və reklamlarda əcnəbi sözlərdən istifadə ilə bağlı Dilçilik İnstitutu tərəfindən monitorinqlər aparılır. Bundan əvvəlki illərdə aparılan araşdırmalar vəziyyətin yaxşı olmadığını göstərmişdi. Bəs dilə daxil olan bütün sözlərin qarşılığının tapılması və onun işləkliyi nə qədər realdır?

AMEA-nın Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Publika.az-a bildirib ki, dilə daim yeni sözlərin daxil olur, onların bəzinin qarşılığı tapılsa da, bəziləri isə olduğu kimi saxlanılır. O hələ ki dildə yeni sözlərin qarşılığının tapılması ilə bağlı işləri tam şəffaf hesab etmədiyini deyir. Çünki dil inkişaf edir, daim yeni sözlər gəlir.

“Alınma sözlərdən yerli-yersiz ən çox mətbuatda işlədilir. Əvvəllər “sərmayə” işlədilirdi, son vaxtlar isə onun qarşılığı “investisiya” sözü işlədilir. Bu məsələ həm komissiyanın iclaslarında, həm də monitorinqlərdə tənqid edilir. Hazırda mətbuatın dilinin monitorinqi aparılır. Həmin monitorinq zamanı eyni məqalədə həm alınma, həm də onun qarşılığının işlədilməsinə rast gəlirik. Bu, həm dil pozuntusudur, həm də oxucunu çaşdırır. Son illər dilimizə daxil olan yeni sözlər əsasən, telekommunikasiya ilə bağlıdır. Bu sahədə yeni lüğət hazırlanıb. Həmin lüğətdə 2 min söz daxil edilib, onun yalnız 193-nün qarşılığı yoxdur. Buna baxmayaraq, həmin sözlər dilimizdə alınma variantı ilə işlədilir. Bundan başqa, digər sahələr üzrə dilə daxil olan yeni sözlər lüğəti də çap olunacaq. Orada həmin sözlərin qarşılığı veriləcək”.

S.Sadıqovanın sözlərinə görə, dünya miqyasında qəbul edilmiş beynəlxalq terminlər olduğu kimi saxlanılır. Qarşılığı olan, dil daxilində onu əvəz edəcək sözlər tapmaq mümkündürsə, o zaman həmin söz işlədilməməlidir.

“Yeni sözlər daha çox texniki tərəqqi ilə bağlı olur. “Sayt”, “fayl” kimi sözləri tərcümə etmək mümkün olmur, lakin kompüterdə “verilən qurğusu” qarşılığı tapılmış termindir. “Mışka” “siçan” kimi istifadə edilirdi, son dövrlər ilə qarşılığı “bələdçi” sözü ilə əvəz edilib. Hazırda “tender” sözünün qarşılığının tapılması istiqamətində iş aparırıq. Buna əsasən deyə bilərik ki, heç də bütün alınma sözlərin olduğu kimi dilə qəbul edilmir. Dildə termin yaradıcılığı prosesi gedir. Dilə daxil olan hər bir yeni sözün qarşılığı axtarılır, ildə iki dəfə Terminologiya Komissiyası tərəfindən müzakirə edilir və sonra təsdiqlənir. Müzakirələrdə komissiyanın tərkibində bütün elm sahələri üzrə alimlər iştirak edir”.

Dildə ümumişlək sözə çevrilmiş bəzi alınmaların olduğu kimi istifadə edilməsini qəbul etməyən S.Sadıqova onlara qarşı mübarizə apardıqlarını deyir. Onların ədəbi dilə daxil olmasına çalışırıq:

“Yeni sözlərin hamısı toplanır, lakin bu məsələdə subyektivlik var. Fərdlərin hansı sözlərdən istifadəsinə müdaxilə edə bilmərik. Lakin monitorinq şöbəsi mətbuatda işlənən yeni sözləri araşdırır. Televiziya, radioda bu iş maarifləndirmə yolu ilə aparılmalıdır. Dil inkişaf edirsə, yeni sözlər yaradılmalıdır. Bu işdə dilçilərlə yanaşı, ixtisas sahibləri də fəal olmalıdırlar. İstilik təchizatı, ekologiya, ventilyasiya ilə bağlı terminlər lüğəti hazırlanır. Bu vaxta qədər terminlərlə bağlı 90-a qədər lüğət çap edilib”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov hesab edir ki, Azərbaycanda yeni sözlərin istifadəsi məsələsi qanunvericilik baxımdan yoluna qoyulub. Tez-tez rəsmi dövlət sənədlərində milli sözlərin istifadəsi qeyd edilib. Bu məsələ dövlətin dil siyasətinin marağındadır. Millət vəkilinin sözlərinə görə, bütün sözlərin qarşılığını tapmağa ehtiyac yoxdur:

“Uzun müddətdir istifadə edilən, beynəlmiləl məzmun daşıyan sözlərin milliləşməsinə ehtiyac yoxdur. Bu sahədə qonşu Türkiyədə 1920-ci illərdə aparılan təcrübə digər türk dilləri üçün nümunə oldu. Həmin eksperimentin müsbət tərəfləri ilə yanaşı, mənfi nəticələri də oldu. Azərbaycan bu məsələdə orta yol tutub. Biz beynəlmiləl sözləri qəbul edirik. Mümkün qədər onların qarşılığını axtarmırıq. Hesab edirəm ki, bu, daha münasibdir, hər şeyin qarşılığını axtarmağa ehtiyac yoxdur. Bu gün dilçilər demək olar ki, işləyib bütün sözlərə qarşılıq tapa bilər. Lakin əsas məsələ həmin sözlərin istifadə edilməsidir. Çünki dil dilçilərin, söz tapanların deyil, cəmiyyətindir. İctimai fikrin də təklif ediləni qəbul etməmək hüququ var. Bizdə eynək, çeşmək və gözlük sözləri ədəbi dildə var, amma hamı “oçki” deyir. Bu, bir daha dil təfəkkürünün qəbul edilməməsinin mümkünlüyünü göstərir. “Plyaj” əvəzinə “çimərlik”, “svetafor” əvəzinə “işıqfor” tapılıb. Amma işləklik çox aşağıdır. Əlbəttə, bu, sözlərin qarşılığını axtarmağa ehtiyac olmadığını göstərmir. Daim münasib sözlər tapılıb, cəmiyyətə təqdim edilməlidir. O sözlər işlənib-işlənməməsinə cəmiyyət qərar verəcək”.

Millət vəkilinin sözlərinə görə, bütün sözləri də mexaniki şəkildə qəbul etməyə ehtiyac yoxdur:

““Evrovision” sözünü, “Avrovision”, “Avrogörüntü” kimi sözlərlə əvəzlənməsini müzakirə edildi. Güman edirəm ki, “Avrovision” daha populyar olacaq, bununla yanaşı, yeni söz axtarışı da gedir. Biz Rusiya kimi “metro” sözünə qarşılıq axtarmasaq da, fərqli problemlərimiz var. Yerli şirkətlər istehsal etdikləri məhsulların adının milli dildə olmasına diqqət etməlidirlər. Məhsul yaxşı satılsın, restorana çox adam gəlsin deyə xarici adlardan istifadə edilir. Hesab edirəm ki, bu, keçici prosesdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm