Səməd Seyidov Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif olundu
Bizi izləyin

Qırmızı.az

Səməd Seyidov Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif olundu

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə “Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçirildi.

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb ölkələrinin Azərbaycandakı səfirlərini və səfirliklərin nümayəndələrini tədbirdən əvvəl qəbul etdi. Qonaqları salamlayan rektor onları universitetdə görməkdən məmnun olduğunu dilə gətirdi. “Beynəlxalq ərəb dili günü” münasibətilə təbriklərini çatdıran rektor Səməd Seyidov bu günün universitetdə keçən tədris ilində də qeyd olunduğunu xatırlatdı. Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açan rektor Səməd Seyidov bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırdı. Səməd Seyidov Azərbaycan və ərəb dili arasında oxşarlıqların olduğunu da sözlərinə əlavə etdi.

İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl Bərrak səmimi qəbula görə təşəkkür etdi. Belə tədbirlərin keçirilməsini gələcək əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində uğurlu bir addım kimi qiymətləndirən səfir ADU-nun rektoru, professor Səməd Seyidovun rəhbərliyi ilə qarşılıqlı əlaqələrin günü-gündən inkişaf etdiyini söylədi.

Tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ilk öncə bu günkü tarixin Azərbaycan Respublikası üçün önəmli olduğunu xatırladaraq Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü olduğunu qeyd etdi və təbriklərini ifadə etdi. Rektor Səməd Seyidov daha sonra çıxış edərək ərəb diplomatlarını “Beynəlxalq ərəb dili” günü münasibətilə təbrik etdi. Bu günün əlamətdar hadisə olduğunu söyləyən rektor Səməd Seyidov “Beynəlxalq ərəb dili günü”nün Azərbaycan Dillər Universitetində qeyd olunmasının xüsusi şərəf olduğunu diqqətə çatdırdı. Bir müddət öncə universitetdə yalnız Avropa dillərinin öyrədildiyini deyən rektor hal-hazırda təhsil müəssisəsində tədris olunan 22-ə yaxın dilin içərisində Ərəb dilinin tədrisinin də tələbələrin marağına səbəb olduğunu bildirdi. Keçən tədris ilində “Beynəlxalq ərəb dili günü”nün qeyd olunduğunu xatırladan rektor Səməd Seyidov bu hadisəni ADU-da ənənəvi tədbirlər siyahısına əlavə etməyin məqsədəuyğun olduğunu söylədi. Azərbaycanda sürətli inkişaf mərhələsi yaşandığını deyən rektor, professor Səməd Seyidov Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açdı. İslam dünyası birliyinin vacib məsələ olduğunu vurğulayan ADU-nun rektoru bu birliyə söykənərək gələcək uğurlara birgə imza atmağa səslədi.

Tədbirdə çıxış edən İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Əl Bərrak hər kəsi bu gün münasibətilə təbrik etdi. O, ərəb dilinin digər dillərdən daim fərqləndiyini qeyd etdi. Ərəb dilinə olan marağın günü-gündən artmasının sevindirici hal olduğunu bildirən səfir ADU-da rektor, professor Səməd Seyidovun dəstəyi ilə “Beynəlxalq Ərəb dili günü”nün qeyd olunmasını təqdirəlayiq hal hesab etdiyini dilə gətirdi. Bu günün ənənəyə çevrilərək “Ərəb-Azərbaycan Birliyi günü” kimi qeyd olunmasının məqsədəmüvafiq olduğunu bildirdi.

Daha sonra çıxış edən şərqşünas-alim Vasif Məmmədəliyev bu bayramın qeyd olunmasından məmnun olduğunu bildirdi. Ərəb dilinin özünəməxsus cəhətlərindən danışan V. Məmmədəliyev ərəb dilində mövcud olan nümunələrdən tərcümələr edən azərbaycanlı professorların fəaliyyətindən söz açdı. O, ADU-nun rektoru, professor Səməd Seyidova ərəb dili və Ərəb ölkələri ilə olan münasibətlərin inkişafında göstərdiyi diqqətə və tədbirin keçirilməsində təqdim etdiyi geniş imkanlara görə təşəkkürlərini bildirdi.

Tədbirdə ADU-nun Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələrin uğurları, o cümlədən universitet rəhbərliyinin ADU-da Ərəb dilinin tədrisi ilə bağlı fikirlərinin əks olunduğu videoçarx nümayiş olundu.

ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Ərəbşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında ərəb dilində şeirlər, mahnılar səsləndirildi. Ərəb dilində “Harun ər Rəşid və Əbu Nüvas” adlı səhnəcik nümayiş olunan tədbirdə, həmçinin, Misir Folkorundan Tannura rəqsi ifa olundu. ADU-nun “Dalğa” rəqs qrupu “Şalı-şalı” rəqsini təqdim etdi. Fələstin rəqs qrupunun ifasında “Dabke” ərəb rəqsi göstərildi, İraq rəqs qrupunun çıxışı izlənildi.

Daha sonra ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olundu. Medalı rektor Səməd Seyidova Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi təqdim etdi. Mükafatlanmanın xoş sürpriz olduğunu bildirən rektor Səməd Seyidov bu hadisənin gözlənilməz olduğunu söylədi.

Rektor Səməd Seyidov və tədbirin təşkilatçısı universitetin Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynova İraq, Misir, Sudan və Səudiyyə Ərəbistan səfirliklərinin xüsusi təşəkkürnamələri ilə təltif olundu, müxtəlif hədiyyələr təqdim olundu.

Xatırladaq ki, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası 2010/2011-ci tədris ilində açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm