Elmin İnkişafı Fondu 3-cü “Şuşa qrantı”nı elan etdi
Bizi izləyin

Qırmızı.az

Elmin İnkişafı Fondu 3-cü “Şuşa qrantı”nı elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri və xüsusi layihələrin dəstəklənməsi üzrə 2014-cü ildə növbəti 3-cü “Şuşa qrantı” müsabiqəsini elan edib.

Fonddan Publika.az-a verilən məlumata görə, müsabiqənin əsas prioriteti Qarabağ tədqiqatlarının, alban kilsələrinin və digər tarixi abidələrin, maddi və qeyri-maddi irsinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni diasporunun məkrli fəaliyyətinin və təcavüzlərinin, Xocalı soyqırımının araşdırılması və bu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının, sosial və tibbi problemlərinin və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasıdır.

3-cü “Şuşa qrantı” müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 300 000 manatdır. Müsabiqə çərçivəsində təqdim olunacaq layihələr kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyyə həcmli qrantlar şəklində maliyyələşdiriləcək. Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 13-ü saat 17.00-a qədər aparılacaq. 3-cü “Şuşa qrantı” müsabiqəsinin nəticələrinin 2015-ci ilin ikinci rübündə açıqlanması planlaşdırılır.

Qeyd edək ki, Elmin İnkişafı Fondu Qarabağla bağlı ölkədə aparılan elmi tədqiqatları stimullaşdırmaq, regional və beynəlxalq səviyyədə araşdırmaları təmin etmək məqsədilə 2012-ci il mayın 8-də “Şuşa qrantı” müsabiqəsini təsis edib. 1-ci “Şuşa qrantı” müsabiqəsi 2012-ci ildə elan edilərək keçirilib. 1-ci müsabiqənin nəticələri üzrə yerinə yetirilən 4 layihədən 2-si beynəlxalq xarakterli olmaqla Almaniya və Ukrayna alimləri ilə birlikdə uğurla yerinə yetirilib.

2-ci “Şuşa qrantı” məqsədli müsabiqəsi isə Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə 2013-cü ildə elan olunaraq keçirilib, 10 qalib layihə müəyyənləşdirilib. 2-ci müsabiqənin nəticələri üzrə layihələr uğurla yerinə yetirilməkdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm