Övladını, arvadını, bacısını, nəvəsini qətlə yetirənlər, həbs olunmuş məşhurlar – İLİN CİNAYƏT XRONİKASI
Bizi izləyin

Qırmızı.az

Övladını, arvadını, bacısını, nəvəsini qətlə yetirənlər, həbs olunmuş məşhurlar – İLİN CİNAYƏT XRONİKASI

2014-cü ilin son günlərini yaşayırıq. Geridə qoyduğumuz at ili bir çox əlamətdar hadisələrinə görə yaddaqalan oldu. Bununla bərabər, təəssüf hissilə qeyd edək ki, son 12 ay ərzində hüquq mühafizə orqanları tərəfindən həm paytaxt Bakıda, həm də ölkənin digər şəhər və rayonlarında dəhşətli cinayət hadisələri qeydə alındı. Odur ki, geriyə boylanıb 2014-cü ilin sensasiyalı, böyük rezonansa səbəb olan kriminal hadisələrini xatırlamağa çalışacağıq.

Beləliklə, ilk öncə onu vurğulamaq lazımdır ki, bu il intihar və intihara cəhd hadisələri ötən illərə nisbətən daha çox baş verib. Başlayaq ondan ki, yanvarın 22-də 1991-ci il təvəllüdlü Bakı şəhər sakini, Azad LGBT (Lezbian, Gey, Biseksual, Transeksual) təşkilatının sədri İsa Şahmarlı özünü cinsi azlıqlara məxsus bayraqdan asaraq intihar edib. Homoseksual gənc intihar etməzdən təxminən 10-15 dəqiqə öncə «Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm... Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida» deyə «facebook»da status paylaşıb.

Qeyd edək ki, insanların «Koroğlu» metrostansiyası yaxınlığındakı asma körpüyə çıxaraq intihara cəhd etməsi bu il az qala adət halanı alıb. İlk olaraq yanvarın 5-də 27 yaşlı Rəfael Hümbətov körpüdən tullanaraq intihar edib. Xalası qızına nişanlı olan gəncin əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. Rəfaeldən sonra 7 nəfər də artıq el arasında «İntihar körpüsü» adını almış asma körpüyə çıxsa da, aidiyyəti qurumlar onları fikrindən daşındırmağa müvəffəq olub.

Bu ilin fevral ayı bir qədər sakit keçsə də, martın 15-də elə bir hadisə baş verdi ki, indiyədək həmin məsələ ara-sıra mətbuatın gündəminə gəlir. Belə ki, Suraxanı rayonu ərazisində, Zığ şosesində sürətlə hərəkət edən, Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu, 1976-cı il təvəllüdlü Xalid Mədətovun idarə etdiyi “Mercedes Gelandewagen G55 AMG” markalı avtomobil eyni istiqamətdə (aeroport istiqamətində) hərəkət edən “VAZ-2106” avtomobilini darmadağın edərək aşıb. «06»nın sərnişinlərindən ikisi - görkəmli tarzən, xalq artisti Ağasəlim Abdullayevin 4 yaşlı nəvəsi və həyat yoldaşı həlak olub. Daha üç nəfər, o cümlədən xalq artistinin özü isə ağır yaralanıb. Məhkəmənin hökmü ilə X.Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bu il həm də onunla yadda qaldı ki, 2014-də qadınlara qarşı zorakılıq halları nəzərəçarpacaq dərəcədə çoxalıb. Yeri gəldi-gəlmədi, həyal yoldaşını döyən, ağır bədən xəsarətləri yetirənlərin sayı bu il həddən artıq çox olub. Məsələn, Yasamal rayon sakini, 1978-ci il təvəllüdlü keçmiş polis əməkdaşı Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı “odnoklassniki”də keçmiş sevgilisilə yenidən münasibət qurduğu üçün boğaraq qətlə yetirib.

Gədəbəy rayonunun Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Fəxrəddin oğlu Qasımovun rayon mərkəzində yerləşən gözəllik salonlarının birində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanın başını kəsməsi də bu ilə təsadüf edir.

Astaranın Kələdəhnə kəndində də buna bənzər hadisə qeydə alınıb. Belə ki, övldalarının gözü qarşısında əri Çingiz Mehdiyev tərəfindən vəhşicəsinə döyülən Nisə Xəlilovanın üzü tanınmaz halda olub. Bir müddət ayrıldıqdan sonra yenidən ərinin yanına dönən gənc qadının başına nə gəlibsə, bundan sonra gəlib. Sonuncu hadisəyə səbəb Çingiz Mehdiyev qızıl üzüyü satmağa aparanda həyat yoldaşı Nisənin ona qarşı çıxması olub. Evdən gələn qışqırıq səslərinə yığışan qonşular mənzərəni görəndə dəhşətə gəliblər. Qadın əli-qolu bağlı, qan içində olub. Məlum olub ki, gözü dönmüş Çingiz Mehdiyev Nisənin başını qırxıb, bıçaqla qulaqlarını kəsib.

Ola bilər ki, kimlərəsə gülməli görünsün, lakin bu il "eşşək" sözünə görə qohumunu öldürən də olub. Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 9 ünvanında yaşayan 30 yaşlı Rüstəm Həsənov onunla eyni məhəllədə yaşayan qohumu 28 yaşlı Elşən Ələkbərovu qətlə yetirib. E.Ələkbərovun evdə yüksək səslə musiqi dinləməsi Rüstəmin xoşuna gəlməyib. Buna iradını bildirən Rüstəmə isə Elşən müsiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib. Nəticədə, qohumlar arasında mübahisə yaranıb, Elşən Rüstəmə «eşşək» deyib. O da qarşılığında Elşəni qətlə yetirib.

2014-cü il Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı Şahin Sultanov üçün uğursuz başlasa da, ilin sonuna bir neçə gün qalmış vitse-admiral və onun yaxınları xoş xəbər alıblar. Belə ki, aprel ayında Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinib həbs edilən Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbiri Bakı Hərbi Məhkəməsinin qərarı ilə dekabrın 25-də ev dustaqlığı ilə əvəz olunub.

At ili tanınmış meyxanaçı Bayram Kürdəxanılı üçün də düşərli olmayıb. İyulun 12-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan Kürdəxanılının üzərindən narkotik vasitə tapılıb. Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə ittiham olunan meyxanaçı noyabrın 14-də Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Sentyabrın 2-də Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Oazis” restoranında müştərilərlə restoranın işçiləri arasında baş vermiş kütləvi dava da 2014-cü ilə möhürünü vurdu. İctimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən münaqişə zamanı paytaxt sakini Zaur Əsgərov və başqaları bədən xəsarətləri alıb. Həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ravid Yusif oğlu Abdullayev, restoranda mühafizəçi işləyən Camal Mahir oğlu Məmmədov və ofisiant Kənan Mehman oğlu Adıgözəlov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu ilin ən dəhşətli cinayət hadisələrindən biri də Goranboyda qeydə alınıb. Belə ki, oktyabrın 1-də mübahisə etdikdən sonra evi tərk edib atasıgilə gedən həyat yoldaşının ardınca yollanan Rafiq Hüseynov silahla qayınatasının evinə hücum çəkib. Rayonun Səfikürd kəndində baş vermiş hadisə zamanı yaxınları qızlarının daim döyüldüyünü, təzyiqlərə məruz qaldığını bildirərək onu Rafiq Hüseynova qaytarmayacaqlarını bildiriblər. Gözü dönmüş ər bu zaman silaha əl atıb. O, qayınatasının evinə qumbara tullayıb. Nəticədə evdə olan şəxslərdən 7 nəfər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 3 yaşlı İsa Elvin oğlu Məmmədov qətlə yetirilib. Daha iki nəfər - 1986-cı il təvəllüdlü Namiq Məmmədova və 1988-ci il təvəllüdlü Günel Məmmədova isə yaralanıb. Qətliamı törədən şəxs isə yaxalanıb. Onu da qeyd edək ki, bu olaydan bir ay sonra, 3 yaşlı uşaq da daxil olmaqla 7 nəfəri qətlə yetirən, 2 nəfəri yaralayan Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov özünü asaraq intihar edib. Bu mənzərəni görən A.Hüseynovun atası Müzəffər Hüseynov isə infarkt keçirərək vəfat edib.

Bu ilin sonlarına yaxın şou əhlinin, incəsənət adamlarının adları da müəyyən məhkəmə işlərində, cinayət hadisələrində hallanıb. Məsələn, oktyabr ayında Aygün Kazımovanın qardaşı, “Əsgəroğlu-K” MMC-nin dələduzluqda təqsirləndirilən direktoru Kazım Kazımova Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 12 il həbs cəzası verilib.

Təxminən, eyni vaxtda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan teleaparıcı İlham Mirzəyevə də iş kəsilib. Belə ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Mirzəyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Eh, daha nələr baş verməyib ki, bu ilin oktyabrında. Xırdalanda 22 yaşlı Hümbət Elşən oğlu Nağızadə qısqanclıq zəminində anası Fatimə Qurbanovanı boğub öldürüb.
Oktyabrın 23-də isə Xətai rayonu Xudu Məmmədov küçəsi 18 ünvanında əslən Şəkidən olan 20 yaşlı Nuriyeva Günel Etibar qızının başını doğma bacısı Pərvanə Nuriyeva kəsib. Təhsillə bağlı paytaxta gələn Günel Nuriyeva həmin ünvanda iki bacısı ilə birgə yaşayıb.

Noyabrın sonlarına yaxın Şəkidə orta məktəb müəlliməsi şagirdlərin gözü qarşısında qanına qəltan edilib. Belə ki, 38 yaşlı Validə Zamanova dərsə gedərkən keçmiş həyat yoldaşı Vüqar tərəfindən hücuma məruz qalıb. Kişi qadını bıçaqlayıb. Onun ağzını bıçaqla cırıb və onu yerə yıxıb. Daha sonra keçmiş həyat yoldaşı müəllimənin boğazını kəsib. Hadisə məktəbin həyətində baş verib. Müəllimənin şagirdləri və digər müəllimlər haraya yetişiblər. Onlar Vüqarı zərərsizləşdiriblər.

Noyabrın 27-si gecə saatlarında Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq (Vişnyovka) massivində də dəhşətli qətl hadisəsi baş vermişdi. Belə ki, 1991-ci il təvəllüdlü Şəms Daşdəmir qızı (Nəhmədova) Abdullayeva eyni mənzildə kirayədə yaşadığı rəfiqəsi 1998-ci il təvəllüdlü Aydan Xəlilova tərəfindən qətlə yetirilib. Apardığımız araşdırma zamanı məlum oldu ki, hər iki qız yüngül həyat tərzi keçirib və rəfiqələr arasında məhz oğlan üstündə mübahisə düşüb. Bu zaman 16 yaşlı Aydan 23 yaşlı Şəmsi qətə yetirib. Xəzər Rayon Məhkəməsi Aydan Xalidova barəsində 4 aylıq müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qətnamə çıxarıb.

Noyabrın 22-də gecə saatlarında Bakıda 17 yaşlı qıza təcavüz olunub. 1997-ci il təvəllüdlü Salyan rayon sakini 8-ci polis bölməsinə gedərək başına gələn hadisə ilə bağlı məlumat verib. Səbail rayonu, Salyan yolu küçəsi 27 ünvanında kirayədə yaşayan qız bildirib ki, noyabrın 22-də gecə saatlarında o, evdə tək olarkən tanımadığı şəxs mənzilə daxil olub. Qız qeyd edib ki, həmin şəxs evə soxulandan az sonra onu tanıyıb. Bu, qızın Salyan rayonundan olan həmkəndlisi İsmayılov Elməddin Nizaməddin oğlu olub. E.İsmayılov sərxoş vəziyyətdə olub. 17 yaşlı qız bildirib ki, həmkəndlisi onu döyüb və zor tətbiq edərək cinsi əlaqəyə məcbur edib.

Bu ilin ən yadda qalan cinayət hadisəsi isə Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğlu tərəfindən törədilib. Belə ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Qaraçuxur qəsəbəsindəki məscidi yandırmaqda şübhəli bilinən Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb.

Dekabr ayının əvvəlində Sumqayıt şəhərində tükürpədici işgəncə faktı qeydə alınıb. 1982-ci il təvəllüdlü, əslən Salyan rayonundan olan İsrafil Samid oğlu Ələkbərov keçmiş həyat yoldaşı 1984-cü il təvəllüdlü Aynur Qadir qızı Həsənovaya ağır dərəcəli yanıq xəsarətləri yetirib. O, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 12/13, mənzil 14 ünvanında Aynur Həsənovanın əlini, ayaqlarını və üz hissəsini «skoç»la bağlayıb, keçmiş həyat yoldaşına xüsusi amansızlıqla işgərcə verib. Belə ki, ər elektirik su qızdırıcını qaynadaraq içərisindəki qaynamış suyu qadının üzünə töküb. Məhz bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə cinayət işi açılıb.

Dekabrın 10-da Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları massivində kirayədə qalan 1974-cü il təvəllüdlü Şərqiyyə Hüseynovaya məxsus evdə baş vermiş cinayət hadisəsi nəinki paytaxt sakinlərini, az qala bütün ölkəni vahiməyə salıb. Belə ki, Şərqiyyə Hüseynova münaqişə zəminində gəlini, 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın baş nahiyəsinə bir neçə dəfə daşla vuraraq onu öldürüb. Bununla hirsi soyumayan qadın evdə olan 6 aylıq nəvəsi Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. Psixi problemləri olan qayınana barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu hadisədən 2 gün sonra Masallıda dəhşətli ailə cinayəti qeydə alınıb. Rayonun Balakolatan kəndində yaşayan 1990-cu il təvəllüdlü Sevanə Nəriman qızı Əliyevanın boğazı kəsilmiş meyiti tapılıb. Araşdırmalar zamanı məlum olub ki, qadının başını həyat yoldaşı 1988-ci il təvəllüdlü Namiq Şakir oğlu Məmmədov kəsib. İlkin araşdırmalar zamanı Namiq Məmmədovun psixi problemlərinin olduğu müəyyən olunub.

Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı, onun müavini və Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşının döyülməsi də dekabr ayına təsadüf edib. Belə ki, Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində icra hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib. Bu zaman mübahisə yaranıb və məcburi köçkünlər icra başçısı, polis demədən qarşılarına çıxanlara güc tətbiq ediblər. Faktla əlaqədar Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Sabunçu rayonu "Südçülük" savxozu yaxınlığında Masallı rayon sakini, 1981-ci il təvəllüdlü Hafiz Firuz oğlu Səmədov həmyerlisi, 1988-ci il təvəllüdlü Əli Səfər oğlu Seyidovu öldürdükdən sonra onun cəsədini soyuducuya qoyub Ramana qəsəbəsindəki həyətlərdən birində torpağa basdırıb.

Təəssüf ki, dekabrın sonlarına yaxın tükürpədici cinayət hadisələrin sayı intensivləşib. Bakının Lermantov küçəsi 40A ünvanında 1984-cü il təvəllüdlü Məmmədov Ramil Adil oğlu küçənin ortasında həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məmmədova Turanə Vaqif qızına bıçaqla xəsarətlər yetirib. T.Məmmədova sifətinin sol hissəsinin çoxsaylı kəsilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dekabrın 25-də isə Lənkəranın Digah kəndində kirayədə yaşayan 1990-cı il təvəllüdlü Sevinc Bayraməli qızı Bayramovanın iki yaşlı oğlu Məhəmmədi boğaraq qətlə yetirib. Məlum olub ki, əsl adı Yekatirina olan qadının psixi problemi olub. Faktla bağlı araşdırmalar davam edir.

Bu il ictimaiyyət arasında kifayət qədər tanınan şəxslər də əməllərinə görə məsuliyyətə cəlb olunublar. Belə ki, aprelin 19-da “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Aprelin 28-də isə Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb. Xatırladaq ki, tanınmış jurnalist Rauf Mirqədirovun həbsindən sonra Ermənistanla əlaqələrdə Leyla və Arif Yunusların da adı keçirdi. Beləliklə Arif Yunus dilindən iltizam alındıqdan sonra evə buraxılsa da, Nəsimi Rayon Məhkəməsi dövlətə xəyanət (274-cü maddə), vergi ödənişindən yayınma (213-cü maddə), qanunsuz sahibkarlıq (192-ci maddə), sənədlərin saxtalaşdırılması (320-ci maddə), böyük ölçüdə fırıldaqçılıq (178.3.2) ittihamlar irəli sürülən Leyla Yunus haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul etdi. O, hazırda həbsxanada əməllərinə görə cəzasını çəkir.

Dekabrın 5-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsilə ittiham olunaraq Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildi. O, 1984-cü təvəllüdlü Mustafayev Tural Bulud oğlunu intihar həddinə çatdırmaqda günahlandırılır.

Bu il həm də Suriyada və İraqdakı döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşlarının sayının artması və onların hüquq mühafizə orqanları tərəfindən həbsi ilə yadda qaldı. Bu halı nəzərə alan Milli Məclis mart ayında Milli Məclisin iclasında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun bir necə maddəsinə dəyişikliklər etdi. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda terrorçuluq çağırışları və maliyyələşdirmək, dini təriqət daşıyıcılarının toplaşaraq sabit qruplar yaratmaq və ya muzdlular yığma, təlim keçmə, həmçinin onlardan ölkə və ölkədən kənarda hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzalar sərtləşdirildi.

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm