“İkinci əl” və yolkalı qəbirlər -Yasamal qəbiristanlığının ölü və diri sakinlərindən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

“İkinci əl” və yolkalı qəbirlər -Yasamal qəbiristanlığının ölü və diri sakinlərindən FOTOREPORTAJ

Nənəmgildən evimizə gedən iki yol var idi. Biri hamının istifadə etdiyi ümumi yol, digəri isə qəbiristanlığın içərisindən keçib gedən kəsə yol. Bəzən qaranlıq vaxtı qardaşımla evimizə qayıdarkən nənəm bərk-bərk tapşırardı ki, qəbiristanlığın yanından keçən yolla getməyək. Biz də çox vaxt kor-koranə tapşırığa əməl etsək də, bəzən tələsəndə qaydanı pozmalı olurduq. Həmin o naməlum qorxu uşaqlığımdan indiyə kimi məni izləyir. Bu dəfə də qəbiristanlığa gedəndə həmin hissləri xatırladım. Qəbiristanlıq, ölülər, ruhlar...

Yolumuz Bakının məşhur Yasamal qəbiristanlığından düşmüşdü. Yolun sağ tərəfində xristian və yəhudi qəbirləri, sol tərəfində isə azərbaycanlı qəbirləri yerləşir. Amma sağ tərəfdə qəbirlərin daha baxımsız, sol tərəfdəkilərin isə daha dəbdəbəli olduğu da nəzərimdən qaçmadı. Yolun kənarında qəbirlərin yanında dayanan mollaların da hərəsinin öz ərazisi var. Yaxınlaşıb söhbət etmək istəsək də, çoxu bəhanə ilə ünsiyyətdən qaçdılar. Amma birtəhər danışdıra bildiklərimiz də oldu.

ADNA-nın müəllimi qəbiristanlıqda mollalıq edir...

İlk müsahibim qəbiristanlıqda mollalıqla məşğul olan Kamal Məmmədovdur. 18 il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) müəllimi olan Kamal müəllim pensiyaya çıxdıqdan sonra mollalıqla məşğul olmağa başlayıb. 75 yaşı keçmiş müəllim Quranı uşaq vaxtı babasından öyrəndiyini, elə bu peşəyə də Allah rizası üçün başladığını deyir. Kamal dayıdan öyrəndik ki, burada elə bir qazancı yoxdur. Səbəbi isə qəbiristanlıqda olan monopoliyadır. Sözlərinə görə, onu ancaq tanıdığı adamlar Yasin oxumağa çağırırlar.

Bəzi yaşıdları kimi gedib bulvarda domino oynamağı özünə yaraşdırmayan ağsaqqal mollalıqla həm savab qazandığını, həm də zəhməthaqqı aldığını deyir.

Kamal dayıdan onu da öyrəndik ki, burada hər ərazinin öz mollası var. Bizə qarşıdakı yolda əyləşən mollanı göstərən ağsaqqalın sözlərinə görə, onun dindən baş çıxarmadığı bir yana, insanları aldatmaqla məşğuldur: “Bu molla həmin ərazini zəbt edib, heç kimi ora buraxmır. Soruşuram “müsəlman” sözünün mənası nədir, onu bilmir. Hətta yalandan vizit kartı çıxarıb və orada özünü “fəlsəfə doktoru” kimi təqdim edib”.

Özünün gözəl məclis aparmasından söhbət açan Kamal dayı bildirdi ki, buradakı mafiya ona məclislərə getməyə imkan vermir.

Bir qədər islam dini və onu mövhumata çevirənlərdən danışan mollanı dinlədikdən sonra oradan uzaqlaşdıq. Kamal dayının bizə işarə verdiyi mollaya yaxınlaşıb söhbət etmək cəhdimiz isə alınmadı. Molla bizə də fırıldaq gələrək özünü atasının qəbrini ziyarətə gələn kimi təqdim edib uzaqlaşdı.

Məhəmməd dayı da Yasamal qəbiristanlığının diri sakinlərindəndir. Qarabağdan məcburi köçkün düşən 76 yaşlı bu kişini soyuqda da, yağışda da, istidə də qəbiristanlıqda görmək olar. Heç vaxt kimdənsə oxuduğu Yasinə görə pul istəməyən Məhəmməd dayı 20 ilə yaxındır ki, mollalıq edir.

Oxuduğu Yasinə gəlincə, “halallıqla görülən işin günahı olmaz” prinsipindən çıxış edən Məhəmməd dayı deyir, kimin imkanı nəyə çatır, onu da verir: “Eləsi var 3 manat, eləsi var 2, hətta 1 manat verənlər də olur. Bəzən olur ki, əlini atıb 1 manat çıxarır, başa düşürəm ki, imkanı yoxdur, deyirəm, lazım deyil, halal xoşun olsun”.

Qəbiristanlığın diri sakini - xərçəng xəstəsi olan keçmiş heykəltəraş...

Uzun danışmaq istəməyən Məhəmməd dayıdan aralanmaq istəyirdik ki, şeir söyləyərək ortalıqda dolanan kişi də diqqətimizi cəlb etdi. Yaxınlaşıb burada hansı işlə məşğul olduğunu soruşduq. Məlum oldu ki, o, Kəmaləddin Şirvanidir. Bu təxəllüsü ona Səməd Vurğun və Xəlil Rza verib. Məzar daşına yazılar yazan 78 yaşlı bu şəxs İmadəddin Nəsiminin nəslindəndir. Vaxtilə heykəltəraş, rəssam işləyən Kəmaləddin Şirvani özü memardır. O, vaxtilə musiqi məktəbinin muğam şöbəsini bitirib, xanəndəlik də edib. Qəbiristanlıqda qazancına gəlincə, deyir ki, kimin nəyə gücü çatır, onu da verir. Hətta indiyə kimi pulsuz yüzlərlə insana məzar daşında yazılar yazdığını da etiraf etdi. Amma bir çox hallarda gördüyü işin zəhmət haqqını ala bilmir: “Əgər başqaları məzar daşına yazını 20 manata yazırsa, mən 10 manata yazıram, amma çoxu aldadaraq bu pulun da arxasına keçir. Verəcəyəm deyirlər, sonra da gəlmirlər. Vəziyyətim çox çətindir, başımda dəri xərçəngi var. Müalicə etməyə isə imkanım yoxdur. Bir dəfə müalicə olunmuşam, bədəninin digər hissəsindən dəri götürülüb başıma tikiblər, amma bir həftə keçmədən həmin hissə çürüyüb töküldü. O vaxtdan da həkimə getməmişəm, qoy elə əzabla yaşayım”.

Bu qəribə insanla tanışlıq bizi necə kövrəltmişdisə, qeyri-ixtiyari onun əzbər dediyi şeiri dəftərə necə qeyd etdiyimi də bilmədim:

Zəmanə kökündən dəyişib, qızım,

Mərdlər namərdlərə qula çevrilib.

Namus da, vicdan da, qeyrət də vallah,

Dəyər-dəyməzinə pula çevrilib.

...Belə bir insanın çəkdikləri, gördükləri, ağrısı, kədəri sanki bu bəndin hər misrasından boylanır. Qəbiristanlıqda etdiyimiz kiçik söhbət zamanı bizə həyat dəftərini vərəqlədi. O vərəqlərdə bu qəribə insanın çox acı taleyinin şəkli çəkilmişdi.

Əvvəllər evi olsa da, “upravdom” aldadıb evini əldən alıb. Bütün məhkəmələrə müraciət etsə də, kömək edən olmayıb. Kəmaləddin dayı bu yaşında kiçik oğlu ilə birlikdə kirayədə yaşayır. Oğlu sürücü olsa da, iş tapa bilmir, ailənin dolanışığı bu xəstə və qoca insanın ümidinə qalıb. Bizə dünyanın yaşımızdan böyük qaranlıq sirlərini açan Kəmaləddin Şirvani əvvəllər polis sistemində çalışıb. Amma bəzi səbəblərdən polis sistemindən uzaqlaşıb, həyatını ölülərə etibar edib. Onun üçün ölülər dirilərdən daha etibarlıdır. Təkcə onun üçünmü?!

Keçmiş baş redaktor mollalıqdan daha çox qazanır

Qarşılaşdığımız növbəti insan qəbiristanlıqdakı digər mollalardan həm yaşına, həm də görünüşünə görə fərqlənirdi. Söhbət zamanı məlum oldu ki, o da əvvəllər bizim həmkarımız olub. Bura da təzə gəlib. Bəs jurnalistika hara, mollalıq hara? Müsahibimlə danışmaq o qədər də çətin olmadı. Bizimlə söhbətə başlayanda ilk cümləsi isə “jurnalist olmağı heç düşmənimə də arzu eləmirəm” oldu. Bəlli idi ki, jurnalistika başını çox ağrıtmışdı. Onun sözlərinə görə, jurnalistika bütün sənətlərdən fərqlidir. Belə ki, əgər hər bir peşə sahibi öz peşəsini layiqincə bilməlidirsə, jurnalist hər sahədən ən azı 10 % bilməlidir ki, qarşısındakı onu aldatmasın. Həqiqi jurnalistlər isə doğrunu yazmalıdırlar. Amma belə yazanda da jurnalistlərə təzyiqlər olur. Doğrudur, şəhərdə bu, bir o qədər də hiss olunmasa da, rayonlarda bu hallar daha çoxdur. Onun sözlərinə görə, doğru yazan jurnalisti regionlarda axtarsanız da tapa bilməzsiniz.

Məlum oldu ki, bu insan Quba rayonunun “Xəyal” televiziyasının baş redaktoru olmuş Namiq Qırxlarovdur. O, vaxtilə “Avropa” və “Bu gün” qəzetinin bölgə müxbiri işləyib. Bir müddətdən sonra jurnalist işləməyin mümkünsüz olduğunu görən Namiq müəllim üz tutub uşaqlıqdan da sevə-sevə oxuduğu Qurana:

“Fikirləşdim ki, uşaqlar da Bakı şəhərində oxuyurlar, gedim onların yanında qalım, gündəlik halal çörəkpulumu qazanım. Burada oxuduğum Allah kəlamı olduğuna görə, heç bir qanunsuzluq yoxdur”.

49 yaşlı N. Qırxlarov Bakıda kirayədə yaşasa da, dolanışığından da şikayət etmədi. Onun sözlərinə görə, bölgə jurnalistlərinin əmək haqqından çox qazanır - 300-350 manat. Qəbiristanlıqda işləməyin xüsusiyyətlərindən danışan keçmiş həmkarımız deyir ki, təkcə “Quran” oxumaqla deyil, hər gün soyuqda, qarda, istidə burada dayanmalısan, özünü layiqli aparmalısan ki, gələn də sənə etibar edə bilsin. Bir adam, əgər oxuduğu Yasinə görə pul istəyirsə, ən böyük günaha batmış olar.

İndi camaatın da vəziyyətinin yaxşı olmadığını deyən N. Qırxlarovun sözlərinə görə, bir Yasinə görə 2-3 manat, ən çoxu 5 manat verirlər. Bəzən isə imkansız adamlar olduqda pulsuz oxuyub halallığını verir.

Bəs qəbiristanlıqda işləmək insana nə öyrədə bilər? Keçmiş jurnalist bizə bu işin ona nələr öyrətdiyini də anlatdı: “Burada ancaq ah-nalə eşidirik, insanların ağlamaq səslərini eşidirik. Burada işləyən insan həyatı daha dərindən dərk edir. İnsanlar tamam başqa cürdürlər, həyat isə tamam başqadır. Əsl həyatı əsl Quran oxuyandan soruşmaq olar. Adətən, insanlar bura yaxınlarını basdırmağa gəlirlər, amma gələnlərin 95 faizi öz sonunu düşünmür”.

Üzərində yolka olan qəbir...

Keçmiş həmkarımızdan onu da öyrəndik ki, bu gün bir ailə 10-cu sinifdə oxuyarkən qəzaya düşüb maşında yanan övladının qəbrinin üstündə yolka bəzəyib. “İnsanların cəhaləti, heç bir şəriətə sığmayan belə halları gördükcə, insanların axirəti heç düşünmədiklərinin şahidi olursan. Qəbiristanlıqda yaxınlarına heykəl qoyanlar çoxdur. Amma ona çəkdikləri xərci bir kasıba paylasalar, bəlkə də, daha savab olar”.

Molla jurnalistin qəbiristanlıqda öyrəndiyi həyat dərsi o olub ki, əgər insan hər hansı bir əməli edirsə, mütləq onun cavabını alır. Bu həyatda kiməsə pislik edirsə, dolayısı ilə pislik onun başına gəlir.

BDU-nun jurnalistika fakültəsini bitirən keçmiş həmkarımız bizə bir qrupda oxuduğu və bu gün ölkədə tanınmış agentlik rəhbəri, tanınmış jurnalist, hətta millət vəkili olan insanlardan da danışdı. Bir vaxtlar bir yerdə çalışdığı həmin şəxslərə iş üçün üz vursa da, kömək edən olmayıb. Danışmaq istəmədiyi çox şey var idi, çətinliklə də olsa, keçmiş həmkarlarının adlarını ondan öyrənə bildik, amma danışdığı bir sıra məqamları yazmamağımızı xahiş etdiyindən biz də xahişini yerə salmadıq. Sonda bizdən bərk-bərk xahiş də elədi: “Nə qədər gec deyil, gedin bu jurnalistikadan”...

Qəbiristanlıqda “ikinci əl” qəbirlər satılır...

Jurnalistikadan deyil, hələlik keçmiş jurnalistdən bir qədər uzaqlaşdıq. Yolumuzu bahalı mərmər qəbirlərin arasından salıb məzarlığı təmizləyən qadına yaxınlaşdıq. İmkanlı şəxslərin mərmər qəbirlərini yuyub təmizləyən qadınla söhbətləşdik. Əlini saxlayıb bizə işindən danışdı, həm də gileyləndi: “Səhərdən axşama kimi burada oluram. Məzar daşını yuyuram, gülləri sulayıram, qəbrin ətrafını süpürürəm. Bir neçə belə qəbirə qulluq edirəm. 300 manat pul verirlər”.

Ondan öyrəndik ki, burada yerlərin də qiymətində fərq var. Bəzən yiyəsi olmayan xristian qəbirlərini şumlayıb təzədən camaata satırlar. Alanlar da buranın “ikinci əl” qəbirlər olduğundan xəbərsiz olurlar. Hətta bəzi yerlər var ki, alanların buranın sökülüb yerində yol çəkiləcəyindən heç xəbəri də yoxdur.

Elə ondan öyrəndik ki, burada sağ ikən özünə qəbir yeri alan, hətta məzar daşı düzəltdirib üzərinə mərmər heykəl qoyanlar da var. Hətta elələri var ki, tez-tez öz qəbrinə gələrək ziyarət edir, ətrafını təmizləyir, güllər də əkir. Burada ailə qəbiristanlığı da var. Bunlar xüsusən Rusiyada yaşayan imkanlı azərbaycanlılardır ki, qəbiristanlıqda bir hissəni alaraq ətrafını hasarlayıblar.

Bu qadından öyrəndik ki, Yasamal qəbiristanlığında, demək olar ki, boş yer yoxdur. Qiymətlər isə çox bahadır. Burada, bəlkə, künc-bucaqda 500 manata yer tapsan, sevinərsən...

Qəbiristanlıqda qəbirqazanla söhbətimiz isə alınmadı. “5-10 manat çörəkpulu qazanırıq, bilsələr nəsə danışmışam, çıxarıb atarlar məni buradan. Rəhbərlikdən icazə alın sonra...”

Rəhbərliyə müsahibə üçün müraciət etsək də, min cür bəhanə gətirdilər. İşimizi yekunlaşdırıb qəbiristanlıqdan çıxası olduq. Amma əvvəldə anlatdığım o hissdən əsər-əlamət yox idi artıq. İndi anlamışdım ki, nənəmin tapşırdığı kimi, ölülərdən yox, dirilərdən qorxmaq lazımdır. Dirilər ölülərdən daha təhlükəlidirlər.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm