Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Bizi izləyin

Qırmızı.az

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

“MARKS VƏ SPENSER” MACƏRALARI

Milli Məclisin nümayəndə heyətinin Böyük Britaniyaya səfəri zamanı deputatlar bazarlıq etmək istədilər. Bundan əvvəl də Londonda bir neçə dəfə olduğuma və bir az da ingiliscə bildiyimə görə hesab edilirdi ki, buralardan mən baş çıxararam. Çox götür-qoydan sonra “Marks ənd Spenser” adlı univermağa yollandıq. Avtobusda eşitdim ki, nümayəndə heyətimizdəkilərdən biri o birinə yavaşca deyir:

- Bu Arif müəllimin (Arif Rəhimzadənin) də heç siyasi sayıqlığı yoxdu ha. Nazim indi bizi aparacaq bu univermağa, sonra da Bakıda ağzını Allah yoluna qoyub danışacaq ki, bəs ölkə sosializmdən imtina edib bazar iqtisadiyyatı qurduğu şəraitdə YAP-çılar Marksın dükanında bazarlıq edirlər.

- O heç e, sən onu fikirləş ki, bu Marksın özü nə dəyyus adamdı, bu tərəfdən kommunizm nəzəriyyəsi yazır, o tərəfdən də əlaltdan dükan açıb ticarət eləyir.

****

“Marks ənd Spenser”ə çatandan bir-iki dəqiqə sonra deputatlardan biri məni zalın o biri başından hayladı. Nəsə fövqəladə bir şey baş verdiyini düşünüb hövlnak özümü yetirdim hadisə yerinə və belə bir xahiş eşitdim:

- Mən ölüm, soruş gör, bu kostyum neçəyədir?

Dedim ki, bəs bunu soruşmağa ehtiyac yoxdur, funtun işarəsindən sonra neçə yazılıbsa, deməli, qiymət o qədərdir. Aralanandan azacıq sonra həmkarım məni bir də çağırdı:

- Bura bax, belə məlum olur ki, bu kostyum 150 funtdur, elə?

- Elədir.

- Bəs indi bu neçə dollar edir?

- Çox sadədir, vur 1,6-ya.

- Hər dəfə?

- Əlbəttə.

- Kefsən e, sən. Rəhmətliyin oğlu, mən Bakıdan bura kalkulyator gətirmişəm?!

* * *

Bundan yenicə qurtarmışdım ki, bir başqa deputat çağırıb soruşdu:

- A Nazim, bu jaketin üstündə “M” yazılıb ha, yəni ki bu “mujskoy”du?

- A kişi, ingiliscə nə “mujskoy”, nə “jenski”? “M”- yəni medium, yəni orta ölçülü.

- Nə avara dildi ə, bu ingilis dili. Bir dilin ki, heç “mujskoyu-jenskisi”də yoxdu...

* * *

Bundan da yenicə qurtarmışdım ki, bir başqası qaça-qaça özünü yetirdi yanıma:

- Nazim, bir əla köynək tapmışam.

- Lap yaxşı.

- İstəyirəm oğluma alam.

- Allah xeyir versin, al.

- Qiyməti də sərfəlidir.

- Qardaş, lap yaxşı, almaq istəyirsən, al da...

- Yox e, deyirəm, bir baxıb görəsən bu köynək onun əyninə necə olar?..

ALTERNATİV TƏKLİF

Milli Məclisdə “Yanğından mühafizə haqqında” Qanunu müzakirə edəndə 19 maddənin müzakirəsi tam müzakirəsiz keçdi. 20-ci maddədə iş pozuldu. Deputatlardan biri sədrə dərin mənalı bir sual verdi:

- Burda yazılıb “Könüllü yanğından mühafizə dəstələri”. Belə çıxır ki, yanğın könüllü də ola bilər?!

Deputatlar girişdilər mübahisəyə. Biri dedi “yanğından könüllü mühafizə dəstələri” yazmaq lazımdır.

Bir başqası “yanğından mühafizənin könüllü dəstələri” ifadəsini təklif etdi. Üçüncüsü təkid etdi ki, elə olduğu kimi qalsın. Məsələyə nöqtə qoymaq üçün dilçi-deputat Nizami Xudiyev söz aldı:

- Ay qardaşlar, burda mübahisəlik nə var ki? Hər şey intonasiyadan asılıdır. Əgər “könüllü... yanğından mühafizə dəstələri” desəniz, bir cür çıxar, “könüllü yanğından... mühafizə dəstələri” desəniz, başqa cür.

Mən də öz təklif töhfəmi verdim:

- Onda gəlin qanunun hər nüsxəsinin üstünə bir dənə də plastinka qoyaq ki, camaat ona qulaq asıb düzgün oxunuşun necə olduğunu bilsin.

ÜZRXAHLIQ

Növbəti iclasdan əvvəl Nizami müəllim mənə yaxınlaşıb giley elədi.

- Fikir verməyin, ay Nizami müəllim,- dedim,- bir zarafatdır da, elədik, qurtardı. İstəyirsiniz, lap rəsmi üzr istəyim.

- Bu başqa məsələ,- dedi,- mən bilirdim ki, sən mədəni adamsan.

İclas başlayar-başlamaz söz aldım və bir az gündəlikdən danışandan sonra:

- Hörmətli deputatlar,- dedim,- keçən dəfə bir təklif vermişdim ki, qanunun üstünə bir plastinka da qoyaq, camaat nə demək istədiyimizi yaxşı başa düşsün. İndi görürəm ki, deyəsən, Nizami müəllimin xətrinə

dəymişəm. Ona görə də ondan hamınızın qarşısında üzr istəyirəm. Təklifimi də geri götürürəm: qanunun üstünə plastinka-filan qoymaq lazım deyil.

Nizami müəllim arxaya döndü:

- Kaş ki mən səni bu səhər görməyəydim. Görsəm də, heç nə deməyəydim. Sən də ki, belə ki üzr istədin, kaş heç istəməyəydin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm