“ASAN xidmət” könüllü gənclərinə sertifikatlar verildi – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“ASAN xidmət” könüllü gənclərinə sertifikatlar verildi – FOTOLAR

Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN School” könüllü proqramı çərçivəsində Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi olan “İnnovativ idarəetmə məktəbi”nin açılış mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə giriş sözü ilə çıxış edən Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin son illər nəinki Azərbaycanda, dünyada da böyük rəğbətlə qarşılandığını söyləyib.

Rektor daha sonra rəhbəri olduğu təhsil müəssisəsi barədə də danışıb: “Bizim universitetdə tələbələrin sayı az olsa da, ancaq ölkə üzrə ən yüksək bal toplayan tələbələr Dövlət İdarəçilik Akademiyasını seçirlər. Burada gənclərimiz idarəçilik biliklərinə yiyələnirlər. Uğurlarımız ildən-ilə daha da artır”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə qeyd edib ki, “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən daha çox gəncləri və tələbələri könüllülük fəaliyyətinə cəlb edib: “Universitetləri bitirən gənclərimiz “ASAN” xidmət mərkəzlərində könüllü kimi işə başlayıb. Artıq bu gün 2500-dən çox gənc könüllülər var. Hazırda 500-ə yaxın könüllü gənclər isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər. Bilirsiniz ki, bu il dekabrın 16-da cənab Prezidentimizin iştirakı ilə könüllülərimizin birinci forumu keçirilib. Hazırda da bu könüllülər “ASAN təcrübə mərkəzi” kimi fəaliyyət göstərir. Bu təcrübə proqramı 2 hissədən ibarətdir. Birincisi, könüllülərimizin 2 ay müddətində “ASAN xidmət” mərkəzlərində təcrübə keçirlər. İkinci mərhələdə isə “ASAN xidmət” mərkəzi digər dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində fəaliyyətə başlayırlar. Pilot layihə kimi birinci mərhələdən keçmiş həmin gənclər ikinci mərhələdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində çalışıblar və burada öz təcrübə və biliklərini nümayiş etdiriblər. Bu günkü tədbirdə də biz ikinci mərhələni başa vurmuş könüllülərə sertifikatları təqdim edəcəyik. Bu layihənin adı “İnnovativ idarəetmə məktəbi” adlanır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, gənclərin əmək bazarına keçidi prosesi bir qədər çətin olduğundan, “İnnovativ idarəetmə məktəbi”ni yaradılması təqdirəlayiqdir: “Nazirlik də bu istiqamətdə hər zaman gənclərə dəstək olmağa hazırdır”.

Vergilər Nazirliyinin İnsan resursları idarəsinin rəisi Faiq Şahbazov isə bu cür tədbirin keçirilməsinin gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Daha sonra könüllü gənclərə sertifikatlar təqdim olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm