Mübariz Qurbanlı: “9-10-cu siniflərdə din tədris olunsa, yaxşı olar”
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı: “9-10-cu siniflərdə din tədris olunsa, yaxşı olar”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlının YAP.org.az saytına müsahibəsi

- Mübariz müəllim, 2014-cü il belə demək mümkünsə, artıq tarixdir. Sizcə, bu ilin ölkəmiz üçün ən vacib hadisələri nədən ibarət oldu? Bütövlükdə, 2014-cü ili Azərbaycan üçün necə xarakterizə edərdiniz?

- Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Bəlli olduğu kimi, Azərbaycanın inkişaf strategiyası Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu gün bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin etmişdir. 2014-cü ildə də Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşımışdır.


2014-cü ildə Azərbaycan sosial-iqtisadi sahələrdə də bir sıra uğurlar qazanmışdır. Hər bir ölkənin inkişafının göstəriciləri təbii ki, ilk olaraq, rəqəmlərdə ifadə olunur. Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması, rihafının yaxşılaşması və s. kimi faktorlar bütövlükdə dövlətlərin inkişafının indikatorlarıdır. Əlbəttə ki, hər bir dövlətin inkişaf səviyyəsi müəyyənləşdirilərkən, beynəlxalq təşkilatların, maliyyə qurumlarının hesabatları nəzərə alınır. Məhz burada tərtib olunmuş reytinq sıralamalarında dövlətlərin inkişafının ilkin göstərici qismində investisiya cəlbetmə baxımından hansı üstünlüyə malik olması təsvir edilir. Aydındır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun nəticəsi olaraq, Azərbaycan iqtisadi sahədə keçid dövrünü arxada qoymuşdur. Əlbəttə ki, bu gənc bir dövlət üçün çox ciddi bir göstəricidir.
Ümumiyyətlə, dünyada dövlətlər inkişaf səviyyəsinə görə təsnifatlaşdırılır. Hətta bu gün planetdə elə ölkələr mövcuddur ki, onlar yoxsulluq həddində yaşayırlar. Həmin dövlətlərin adı siyasi xəritədə olsa da, beynəlxalq təşkilatlarda çəkilsə də, onlar öz xalqlarını hərtərəfli şəkildə təmin və idarə etmək iqtidarında deyillər. Amma dünyada elə dövlətlər də var ki, onlar yüksək səviyyədə inkişaf etmiş sənaye cəmiyyəti qurmaqla İnkişaf Etmiş Ölkələr qrupuna daxil olmuşlar. Belə ölkələrin sayı isə azdır. Lakin dünyada inkişaf etməkdə olan dövlətlər də mövcuddur ki, onların sayı inkişaf etmiş ölkələrə nəzərən çoxdur. Bu ölkələrin qarşısında duran hədəflər isə inkişaf etmiş ölkələrin mütərəqqi təcrübəsindən rasional şəkildə istifadə etməklə, milli dəyər və sərvətlərlə uzlaşdırmaqla yeni inkişaf mərhələsinə qədəm qoymaqdır. Hazırda Azərbaycan da dünyada inkişaf etməkdə olan ölkə hesab olunur. Amma dövlətimiz digər bu təsnifata daxil olan ölkələrdən fərqli olaraq, yürüdülən praqmatik və effektiv strategiya nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib.


Qeyd edim ki, Prezident İlham Əliyev 2003-cü ildə xalqın mütləq əksəriyyətinin dəstəyilə ölkə başçısı seçildikdən sonra Azərbaycanın hərtərəfli inkişafı üçün ayrı-ayrı sahələr üzrə dövlət proqramları reallaşdırılmağa başlanmışdır. Buna misal olaraq, "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı göstərmək olar. Vurğulanmalıdır ki, bu Dövlət Proqramı təsadüfən meydana gəlməmişdir. Bu proqram regionlarda istehsal sahələrinin yaradılmasını, iş yerlərinin açılmasını, yolların çəkilməsini, içməli su ilə təchizatın həyata keçirilməsini, orta və kiçik sahibkarlığın dəstəklənməsini və beləliklə də, insanların rifah halının yüksəldilməsini özündə ehtiva edir. Bu proqramın uğurla həyata keçirilməsinin nəticəsi kimi biz ümumilikdə ölkədə minlərlə yeni müəssisələrin yaradıldığının və 1 milyondan çox yeni iş yerlərinin açıldığının şahidi oluruq. Bütövlükdə respublikada yoxsulluğun səviyyəsinin xeyli dərəcədə aşağı düşməsi, adambaşına düşən ÜDM-in həcminin artması, ölkənin valyuta ehtiyatlarının 50 milyard manatdan çox olması bir daha sübut edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs uğurlu şəkildə davam etdirilir və nəticə olaraq, 2014-cü il də yaddaşlarda sürətli inkişaf ili kimi qalacaqdır. 2014-cü il Azərbaycanda təkcə sosial-iqtisadi nailiyyətlərlə yadda qalmamışdır.


Dekabrın 23də keçirilən bələdiyyə seçkiləri də ölkəmizin siyasi həyatında mühüm hadisələrdən biridir. Bu ildə də keçən dövrlərdə olduğu kimi, ölkəmizdə ictimai-siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyi, cəmiyyət daxilində ictimai inam, harmoniya, xalqla hakimiyyət arasındakı vəhdət daha da möhkəmlənmiş, siyasi hakimiyyət isə insan amilini prioritet götürərək xalq üçün çalışmışdır.

- Bəs 2015-ci ildə qarşıda duran vəzifələr və strateji hədəflər barədə nə deyə bilərsiniz?

- Əminliklə qeyd etmək olar ki, 2015-ci il Azərbaycan üçün hər bir sahədə böyük perspektiv vəd edir. Hesab edirəm ki, iqtisadiyyatımızın inkişafı davamlı olacaq. Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı neft və qazdan asılı deyil amma neft-qazın istehsalı və ixracı iqtisadiyyatın inkişafına mühüm töhfələr verir. Eyni zamanda, neft və qazdan əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da inkişafı təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilməlidir.


Dövlətimizin inkişaf siyasətinin əsas məqsədlərindən birini də yoxsulluğun səviyyəsinin daha da aşağı salınması təşkil edir. Bu kontekstdə görülən digər tədbirlərin fonunda, eyni zamanda, iqtisadi islahatlar və sosialyönümlü tədbirlər sayəsində dövlətimizin inkişaf etmiş dövlətlərin səviyyəsinə çatdırılması strateji hədəf kimi müəyyənləşdirilmişdir. 2015-ci ildə iqtisadi islahatların daha da dərinləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunmasına dair proqramların həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bu gün regionlarımız sürətli inkişaf tempinə malikdir, bölgələrdə yeni sənaye müəssisələrinin tikintisi davam etdirilir, əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair əhəmiyyətli tədbirlər görülür.


Azərbaycan bu il olduğu kimi növbəti ildə də böyük, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Bunların sırasında birinci Avropa Olimpiya Oyunlarını xüsusi qeyd etməliyik. Ölkəmiz bu nüfuzlu beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşır.


Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin inkişaf siyasəti özündə uzunmüddətli və çoxşaxəli perspektiv hədəfləri ehtiva edir. Belə ki, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bütövlükdə, Azərbaycanın uzunmüddətli inkişaf üçün strateji vəzifələr müəyyən edir. Bu konsepsiyanın həyata keçirilməsi ölkəmiz üçün böyük perspektivlər vəd edir.

- Mübariz müəllim, son zamanlar bir sıra müsəlman ölkələrində dini zəmində ciddi problemlərin yarandığını görürük. Bunun müxtəlif səbəbləri var. Siz Azərbaycan xalqının dini dünyagörüşünü necə xarakterizə edərdiniz?

- Azərbaycan xalqı çox böyük tarixi yol keçib, tariximiz çox qədimdir. Xalqımız İslama qədər də müəyyən dini dünyagörüşünə malik olub. Biz VII əsrin ortalarından İslamı qəbul edən xalqıq. Bu gün dünyada 60-a qədər ölkədə İslam aparıcı din olaraq mövcuddur. 57 ölkə İslam Əməkdaşlıq Təşkilatında birləşir və Azərbaycan İƏT-də öz mövqeyi olan dövlətlərdən biridir. Bilirsiniz ki, Azərbaycan əhalisinin 96 faizi müsəlmandır, 4 faizi isə müxtəlif dinlərin daşıyıcısıdır. Xalqımızın dini dünyagörüşünə gəldikdə isə biz uzun illər çar Rusiyasının və Sovetlər Birliyinin tərkibində olmuşuq. Bu zaman, xüsusilə sovetlərin ideoloji dövlət olması dinə də öz təsirini göstərib. Sovet rejimi ateizmi təbliğ etdiyi üçün Azərbaycanda tarixdən gələn ənənəvi adət-ənənələrimizə bəzi mənfi təsirlər olub. Amma bu gün demək olar ki, hamı müsəlman adətlərini yerinə yetirir. Amma bütövlükdə götürəndə biz digər müsəlman ölkələrindən dünyəviliyimizə görə fərqlənirik. Bizim ərazimizdə nə qədər təbliğat aparsalar da, yad təsirlər ərazimizə müəyyən qədər müdaxilə etsə də, hər hansı ciddi problem yoxdur. Yad təsirlər mədəniyyətimizə, incəsənətimizə, dinimizə müdaxilədə özünü göstərir. Amma nə qərb mədəniyyətinin mənfi çalarlarının, nə də dini xurafatın burada kökü yoxdur. Bu da cəmiyyətimizin dünyagörüşünün, intellektinin yüksək olmasının göstəricisidir.

- Bəs İslam dininin mahiyyətini yaxşı bilməmək hansı fəsadlar yarada bilər?

- İnsan nəyisə pis bilirsə, bu müəyyən mənfi fəsadlar verir. Məsələn, pis həkimdirsə xəstə sağalmır, pis müəllimdirsə yaxşı təhsil vermir və s. Din də insanların inancıdır, dünyagörüşüdür, əxlaqıdır. Əgər kimsə öz keçmişini yaxşı bilmirsə, öz milli müqəddaratını qoruya və müdafiə edə bilməz. Əgər öz dinini yaxşı bilmirsə, kənar dinlərin təsirinə, dindəki mənfi cərəyanların təsiri altına düşə bilər. Ona görə də, İslamı yaxşı bilməsək, Qurani-Kərimi, Peyğəmbərimizin (s) yolunu yaxşı bilmiriksə, təbii ki, insanın başqa təsirlər altına daha tez düşməsi istisna deyil. Məsələn, biz əgər radikal qrupların yayıldığı coğrafiyaya baxsaq, harada islami bilgliər zəifləyibsə, radikallar dini əbaya bürünərək fəallaşırlar. Onlar dini siyasiləşdirir və ondan istifadə etməyə cəhd göstərirlər. Ona görə də, İslamı bilmək vacibdir. Əgər kimsə özünü müsəlman hesab edirsə, İslam dinin mahiyyətini öyrənməlidir.
İslam dünyasında dindən sui-istifadə hallarına rast gəlirik və qarşıdurmalara da görürük. Müəyyən qüvvələr insanların dini biliyinin aşağı olmasından istifadə edərək onları terrora və digər neqativ hallara cəlb edirlər. Azərbaycanda insanların dini bilikləri zəif ola bilər, amma dünyəvilik, sağlam cəmiyyət və savadlı olmaq din faktorundan sui-istifadəyə imkan vermir. Amma bununla belə, insanlar din haqqında ətraflı bilgi əldə etməlidir.

- Son zamanlar cəmiyyətimizdə orta məktəblərdə dinin tədris olunması məsələsi geniş müzakirə mövzusuna çevrilib. Sizcə, orta məktəblərdə dinin ayrıca fənn kimi tədris olunması bizə nə verə bilər? Dövlət Komitəsinin sədri olaraq bu fikirlərə münasibətiniz necədir?

- Biz öz keçmişimizi, tariximizi, mədəniyyətimizi bilməsək, şəxsiyyətlərimizi tanımasaq hansısa xalqlarla müəyyən məsələlərdə üz-üzə gələndə deməyə kifayət qədər sözümüz olmaz. Mədəniyyətimizi, ənənələrimizi necə qoruyuruqsa, dinimizlə də bağlı bu proses getməlidir. Bu haqda bilgilər əlbəttə ki, məktəblərdə verilməlidir. Dini bilgi dedikdə, bunu başqa cür başa düşənlər də olur, Quranı öyrətmək, ərəb əlifbasını öyrətmək, dindar yetişdirmək anlamında qəbul edirlər. Əlbəttə ki, belə deyil. Bu məsələlər müvafiq ali məktəblərdə, mədrəsələrdə öyrədilir. Biri də var ki, din haqqında ümumi bilgilərin verilməsi. Sovet sistemində də orta məktəblərdə dinlə bağlı bilgilər verilib.
Bilirsiniz ki, din dövlətdən ayrıdır, dini etiqad azadlığı, vicdan azadlığı var. Lakin dövlət dini himayədən imtina etməyib. Vaxtilə Ulu Öndər Heydər Əliyevin məscidləri ziyarət etməsi, Prezident İlham Əliyevin gördüyü işlər və bu sahədə əldə olunmuş nəticələr göz qabağındadır. Azərbaycan müstəqilliyini qazananda respublikada cəmi 17 məscid var idi, indi 2050 məscid var. 1600 məscid daimi fəaliyyət göstərir. Bu gün Azərbaycanda bayram namazlarına, cümə namazlarına diqqət yetirsək, 300-350 min vətəndaş məscidlərə gedərək dini ayinləri icra edirlər. Bütövlükdə isə məscidlər gün ərzində 600-700 min insanı dini ayinləri icra etmək üçün qəbul etmək imkanındadır.


Ümumiyyətlə, məktəblərdə «Həyat bilgisi» dərsliyi var ki, müxtəlif mövzuları əhatə edir, o cümlədən İslam dinini də. Bu dərslikdə başqa dinlər haqqında da məlumatlar verilir. Mən düşünürəm ki, yuxarı siniflərdə, yəni 9-10-cu siniflərdə din tədris olunsa yaxşı olar. Çünki bu, gənclərin formalaşdığı bir dövrdür. Dərsliyin adı isə «Dini bilgilərin əsasları» və ya «Din və mədəniyyətin əsasları» ola bilər. Azərbaycan multikulturalizm, tolerantlıq məkanıdır və bütün bunlar dərslikdə özünün geniş əksini tapa bilər. Düşünürəm ki, belə bir dərslik, fənn yarım dərs ili ərzində məktəblərdə tədris oluna bilər. Burada dinin mahiyyəti əks olunmalıdır. Eyni zamanda, zərərli cərəyanlar haqda da bilgilər verilməlidir ki, gənclər ayıq-sayıq olsunlar.


Hazırda 30 ölkədə qanlı toqquşmalar gedir. Onların 12-i dini zəmindədir, etnik və ideoloji zəmində də toqquşmalar var. Dini konfessiyalar və dindaxili toqquşmalar da mövcuddur. Təəssüf ki, belə toqquşmalar islam ölkələrində çoxdur. Dini zəmində toqquşmaları isə radikal cərəyanlar törədir. Təkcə ötən 14 il ərzində planetimizdə baş vermiş toqquşmalarda 1 milyon 200 min nəfər həlak olub. Bunların da xeyli hissəsi dini toqquşmalar nəticəsində baş verib. Amma Tövrat, İncil, Quran və digər müqəddəs kitabların heç birində müharibəyə çağırış, insanların öldürülməsi çağırışları yoxdur. Müqəddəs kitabların hamısı insanları humanizmə, sülhə, qardaşlığa çağırır. Eyni zamanda, müsəlmanların müqəddəs kitabı olan Qurani Kərim insanları sülhə çağırır. Bu mənada bunlar haqda məlumatları oxuyan 14-15 yaşında gənclər radikalların arxasınca gedə bilməzlər. Bəzi adamlar var ki, Qurandan bir neçə ayə, hədis əzbərləyib meydana çıxaraq özlərini dini dərindən bilən adamlar kimi göstərməyə çalışırlar. Onlar tarixdə baş verən hadisələri bu günə daşımağa çalışırlar. Bu, yolverilməzdir. Hadisələr o zamanlarda qaldı. Tarixdə kimsə nəsə edibsə, indi heç kim ona cavabdeh deyil.


Bütövlükdə, dərsliklə bağlı mən hesab edirəm ki, müvafiq qurumlar, mütəxəssislər bu məsələni geniş müzakirə etməli və lazımi qərar qəbul olunmalıdır.

- Bəs kütləvi informasiya vasitələrində bu istiqamətdə geniş təbliğat işinin aparılması hansı nəticələr verə bilər?

- Hesab edirəm ki, dini intellektual səviyyənin yüksəlməsi üçün kütləvi informasiya vasitələrində İslam dini haqqında həqiqi bilgini insanlara çatdırmalıyıq. Hansı ölkədə bu işlər görülürsə insanların təsir altına düşmə ehtimalı azalır. Azərbaycanda bu baxımdan sabitlikdir, radikalların dayaqları yoxdur. Cəmiyyətin dünyagörüşünün yüksək olması hansısa xurafata inanmağa imkan vermir. Amma arxayınlaşmaq da olmaz.
Bilirsiniz ki, bu yöndə maarifləndirmə işləri aparılır. Ölkə Prezidenti tərəfindən bununla bağlı Dövlət Komitəsinə əlavə vəsait ayrılıb. Biz bu vəsaiti dini maarifləndirmə, dini icmalarda işin gücləndirilməsi istiqamətində proqramlara yönəldəcəyik. Hesab edirəm ki, dini maarifləndirmə sahəsində xeyli işlər görülüb. Ancaq bu, ardıcıl olaraq davam etdirilməlidir. Qafqaz Müsəlmanları İdarəsi imamlar, axundlar, din xadimləri üçün kurslar təşkil edib. Müvafiq qurumların nümayəndələri həmin kurslarda çıxışlar edirlər. Məscidlər irfan, mədəniyyət mərkəzinə çevrilməlidir, axundlar təkcə dini yox, dünyəvi bilgilərə də malik olmalıdır. Orta əsrlərdə mütəfəkkirlərimizin əksəriyyəti məscidlərdə yetişdirilirdi. Amma sovet dövründə dindarlar yalnız yas mərasimlərini aparan insanlara bənzədilib və indi də belə düşünənlər az deyil. Bu, doğru yanaşma deyil.

- Sizcə, qısa vaxt ərzində bu imici dəyişmək mümkündürmü?

- Əlbəttə ki, bu yöndə addımlar atılıb və proses davam etməkdədir. Artıq din xadimlərinin vahid geyim forması da müəyyən edilib. Bu, zahiri dəyişiklikdir. Daxili dəyişikliklərə gəlincə, mən məscidlərə gedirəm, xütbə kitablarına baxıram və artıq yeni nəsil yetişdiyini görürəm. Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin, eləcə də İslam Universitetinin tələbələrindən yüksək mütəxəssislər yetişir. Onlar yüksək biliklərə sahib din xadimləri kimi formalaşırlar.


Doğrudur, hələ də xarici təsirlər var və onlar məscidlərə də girmək istəyirlər. Amma biz buna yol verməyəcəyik. «Dini etiqad azadlığı haqqında» qanuna görə məscidlərdə yalnız Azərbaycan vətəndaşları dini ayinləri icra edə bilər, axundlar, imamlar bizim ölkənin vətəndaşları olmalıdır. Bu, çox məntiqlidir. Biz çalışmalıyıq ki, xalqımız İslam dəyərlərini dərindən öyrənsin. İslam dini yalnız hicabdan, yas mərasimlərində istifadə olunan ayinlərdən ibarət deyil. İnsanlar İslam elmindən nəyisə əxz edərək həyatında tətbiq etməlidir. İslam dini əxlaqı, insanlığı, paklığı, halallığı təbliğ edir. İslami dəyərlər milli mənəvi dəyərlərimizin tərkib hissəsidir və biz bu dəyərləri qorumalıyıq. Kimlərsə bu dindən xurafat yaymaq üçün istifadə etməyə çalışır, amma insanların dini biliyinin, dünyagörüşünün yüksək olması belə halların qarşısını alır.

- Mübariz müəllim, demək olarmı ki, dini sahədəki "beşinci kolonlar" da iflasa uğrayıb?

- Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb. Məsələn, multikulturalizm və tolerantlıq sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların həllində istifadə etməlidir.


Bütün dinlərin təmsilçilərinin azad şəraitdə etiqadı üçün ən mükəmməl təminatın yaradılması, fərqli xalqların, mədəniyyətlərin öz mənəvi dəyərlərini yaşatmaları və təbliği üçün hər cür imkanların formalaşdırılması, respublikamızda heç bir vətəndaşın öz dini və milli mənsubiyyətinə görə təqib edilməməsi, əksinə, onun bütün hüquqlarının tam qorunması Azərbaycan xalqının və dövlətinin malik olduğu bəşəri dəyərlərin ucalığının göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir... Multikulturalizm Azərbaycanda həyat tərzidir..."


Təəssüf ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası da məhz yuxarıda geniş şəkildə danışdığımız yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyanın süni şəkildə ortaya atdığı avantüradır. Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin "Böyük Orta Şərq layihəsi" deyilən planında radikal islamçı qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var. Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır. Yəni, bu təriqətlər məhz içlərinə salınmış şeytanın şərinə uyub, məlum şəbəkənin tələsinə düşür və bir-birlərinin qəniminə çevrilirlər. Beləliklə də, yüz minlərlə müsəlman öldürülür, əlil olur, milyonlarla müsəlman isə öz yurdundan didərgin düşür. Və ən dəhşətli məqam odur ki, bu münaqişələrdə qalib gələn heç vaxt nə İslam, nə də hansısa təriqətdir, qalib İslamı düşmən kimi görənlər və bu təxribatı həyata keçirən şəbəkədir! Acı gerçəklik odur ki, Xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər!


Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, "bir güllə ilə iki dovşan" vururlar. Bir tərəfdən İslam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən "idarə olunan xaos" yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir. Onsuz da ölənlər onlar üçün yadlardır - üzülməyə dəyməz, dağılanlar isə sonradan Qərb şirkətlərinə veriləcək vəsaitlə bərpa olunacaq. Amma ən böyük mənfəət Şimali Afrikadan Cənubi-Şərqi Asiyayadək böyük coğrafi arealın bütün təbii sərvətləri və insan resursları ilə Qərb dünyasının nəzarətinə keçməsidir.


Son aylarda Azərbaycanı demək olar ki, qarış-qarış gəzmişəm. Bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla görüşlər keçirmişəm. İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq edirik. Onları dinləyirik, problemlərini öyrənirik, çətinliklərini həll edirik, normal fəaliyyət göstərmələri üçün şərait yaradırıq. Müşahidələrim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib. Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur.


Əvvəla, ona görə ki, Azərbaycanda düzgün dini siyasət həyata keçirilir. Dövlətlə ruhani kəsim arasında qarşılıqlı anlaşma və etimad mühiti bərqərar olub. Hər bir konfessiya, dini icma daşıdığı hüquqi, mənəvi öhdəliyini dərk edir və buna əməl edir. Digər tərəfdən, aparılan düzgün maarifləndirmə işi dini icmalar arasında yarana biləcək hər hansı bir anlaşılmazlığı aradan qaldırır. Vurğulamağı zəruri saydığım bir məsələ də budur ki, dini icmalarla birgə əməkdaşlığımız nəticəsində bu sahədə mövcud olan "beşinci kolonlar"ı da iflasa uğrada bilmişik. Eyni zamanda, Azərbaycanda dini zəmində hansısa ixtilaf yaratmaq cəhdinin qarşısını almaq gücündə olan mükəmməl hüquq-mühafizə sistemi var.


Bu baxımdan, tam əminliklə deyə bilərəm ki, Azərbaycanda siyasi yönümdə gərginlik yarada bilməyən məlum anti-azərbaycançı şəbəkə dini yönümdə də arzuladığı və planladığı təfriqələri həyata keçirə bilməyəcək.

- Bu xoşagəlməz hadisələrin baş verməsində təbii ki, dünyada ikili standartların mövcud olması, müəyyən beynəlxalq güclərin öz maraqlarını təmin etmək niyyətləri əsas rol oynayır. Sizcə, bu qüvvələrin Azərbaycanda öz məqsədlərini reallaşdıra bilməməsi hansı amillərlə bağlıdır?

- Bu gün birmənalı şəkildə etiraf etmək lazımdır ki, son onillikdə baş verən "rəngli inqilablar" və "ərəb baharı" dalğalarının faciəvi təzahürləri, yəni, parçalanmış dövlətlər, böyük ərazi itkiləri, səfalət, siyasi böhran və digər bu kimi acı gerçəkliklər Qərbin məlum dövlətlərinin və iqtisadi-siyasi güclərinin fəaliyyətinin nəticələridir. "Demokratiya ixracı" adı altında əslində, bu bölgələr savaşa, iqtisadi tənəzzülə, siyasi konfrantasiyaya sürükləniblər. Bu dövlətlərə ixrac olunan isə demokratiya yox, onları siyasi vassala çevirən qaydalar olub. Psixoloji manipulyasiya yolu ilə aqressivləşən və qanuni hakimiyyətlərinə qarşı zorakılığa sövq edilən kütlələr sonda bu "inqilabların" qurbanına çevriliblər.


Dünyada baş verən innovativ yeniliklər, kosmosun fəthindən İKT-nin ağlagəlməz inkişafına qədər əldə edilən elmi kəşflər, bəşəriyyətin şüur və düşüncə tərzinin daha da rasionallaşması kontekstində siyasi münasibətlər sistemində heç bir mütərəqqi dəyişikliyin baş verməməsi böyük təəssüf doğurur. Dünyanı az qala quldarlıq dövrünün prinsipləri ilə təkbaşına idarə etmək məqsədi hələ ki XXI əsrin də siyasi reallığıdır. Müxtəlif qitələrdə yaşayan milyardlarla insanı bir neçə dövlətə mənsub milyonlarla insanın rifahına xidmət edən təbəqəyə çevirmək niyyəti dövrümüzün ən böyük ədalətsizliyidir. Planetin bütün təbii sərvətlərinə şəriksiz sahib olmaqla kifayətlənməyərək, hətta insan məskunlaşmayan Antraktidadan qalaktikayadək hər bir məkanı öz nüfuz dairəsində görən məlum güclərin bitməyən qovğaları yeni münaqişə ocaqlarının yaranmasının əsas səbəbidir.
Hazırkı proseslər göstərir ki, mövcud savaşlar və siyasi gərginliklər məhz planetin 200-ə yaxın dövlətinin məlum üç-dörd ölkənin və beş-altı meqaholdinqin iqtisadi-siyasi maraqları əsasında idarə olunması niyyətinin uğurla bitməsinə hesablanıb. Bu gün qloballaşan terror təhdidi də bu prosesin bir hissəsidir. Bu terror şəbəkələrinin hansı dövlətlərin, qüvvələrin təhriki ilə yaradılmasını və maddi yardımları, silahları ilə təmin edilməsini bilmək üçün elementar siyasi müşahidə qabiliyyətinə malik olmaq kifayətdir.


Azərbaycanı da "rəngli inqilablar" silsiləsinə calaq etmək planı artıq uzun müddətdir ki, məlum fövqəlgüclərin aktuallığını itirməyən məqsədidir. Amma dalana dirəniblər: inqilab baş tutmur ki, tutmur və hər ötən gün onun baş tutacağına olan ümidləri daha da öldürür. Bunun konkret səbəbləri var. Əvvəla, Azərbaycanda inqilab 1993-cü ildə baş verib. Və bu inqilab nə narıncı, nə məxməri idi, nə bahar idi, nə də külək. Sırf xalq inqilabı! Bu inqilab heç də postsovet və ərəb ölkələrində olduğu kimi fövqəldövlətlərin iqtisadi ekspansiya niyyətləri və siyasi avantüraları əsasında baş tutmayıb, tam əksinə, məhz bu güclərin Azərbaycanı vassala çevirmək planına qarşı olub. Bu inqilabı xalq hazırlayıb, xalq həyata keçirib, bəhrəsini də xalq görüb, görür və daim də görəcək.
Digər tərəfdən, bu gün ölkəmizdə inqilabın baş verməsi üçün nə sosial, nə siyasi, nə də başqa bir zəmin var. Xalqın güzəranı yüksəlir, dünya ölkələri maliyyə böhranı məngənəsində olduğu vaxt Azərbaycanın inkişaf göstəriciləri daha da artır. Bu gün iqtidara alternativ olacaq heç bir siyasi qüvvə yoxdur, xalqın mütləq əksəriyyətinin mövcud hakimiyyətə birmənalı inamı və etimadı var. Cəmiyyətdə demokratikləşmə və hüquqi dövlət quruculuğu uğurla gedir, ictimai ab-hava sabitdir, kəskin narazılıqlar, ziddiyyətlər yoxdur (baş verən siyasi qarşıdurmalar, konfrantasiyalar yalnız elə müxalifətdaxili proseslərdir). Xalqın ictimai şüur səviyyəsi, vətəndaşlıq duyğusu çox yüksəlib, o, dövlətinə və müstəqilliyinə tam sahib çıxmağı, onu qorumağı uğurla bacarır.
Həmçinin, artıq qlobal məkanın nüfuzlu aktorlarından biri olan Azərbaycan bölgənin iqtisadi və siyasi istinad nöqtəsi kimi formalaşdığına, qitələri biri-birinə bağlayan mühüm layihələrin əsas "vintlərindən" olduğuna görə, bir sözlə, tədricən yeni güc mərkəzinə çevrildiyindən burada hansısa "inqilab" etmək mümkün deyil.
Vətəndaşlarımız Azərbaycan dövlətinin və daha konkret deçək, Prezident İlham Əliyevin şəxsində müstəqilliyin necə məharətlə qorunub daha da güclənməsi prosesinin incəliklərini anlayır, dövləti idarə etmək məharətinin ən mükəmməl nümunəsinin Azərbaycanın liderinin timsalında formalaşmasını qürurla müşahidə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm