“Bağırov babama üç nəfəri öldürməyə icazə vermişdi...” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Bağırov babama üç nəfəri öldürməyə icazə vermişdi...” – FOTOLAR

İnsanın taleyi dəyişmək kimi bir gücü yoxdur. Tale insanı dəyişir, onun yolunu, istiqamətini müəyyənləşdirir. Elə müsahibim Cəmilə Cəbrayılova kimi. O, nə vaxtsa yolunun qocalar evinə düşəcəyini heç ağlına da gətirməmişdi. Müharibəni isə yalnız məktəb illərində oxuduğu romanlarda və baxdığı filmlərdə görmüşdü. Amma heç bir roman, heç bir bədii əsər və film onun gördüyü müharibəni olduğu kimi təsvir edə bilməzdi. Heç bir rəssam fırçası onun yaşadığı həyatın ağrı-acısını ifadə edə bilməzdi. Əgər yaşadığı faciələri rənglərlə fərqləndirmək mümkün olsaydı, yəqin ki, faciəvi bir göy qurşağı alınardı.

Sözlə ifadə etdiklərindən başqa demədikləri də var idi. Onları gözlərindən oxudum. Amma həyatın ardıcıl vurduğu zərbələrin qarşısında 76 yaşlı Cəmilə xala öz nikbinliyini də itirməmişdi. Müsahibim Bilgəh Qocalar evinin ən yaşlı sakinlərindən olan əmək veteranı Cəmilə Cəbrayılovadır.

- Nə vaxtdan buradasınız?

- 21 ildir ki buradayam. Əslim Qarabağdandır. Füzuli rayonundan qaçqın düşmüşük. Ermənilər bizi evimizdən qovdular. Qaçaqaç düşdü, gəldik Bakıya, yataqxanaya yerləşdik.

- Pansionata necə gəlib çıxdınız?

- Qızım, çox ağır illər idi. Əvvəlcə yataqxanada qalırdıq. Qızımla gəlib çıxmışdıq Bakıya. Qızım ingilis dili müəlliməsi idi. İkimiz də 284 nömrəli məktəbdə dərs deməyə başladıq. Sonra taleyim elə gətirdi ki, bura gələsi oldum. Yataqxanada çox əziyyət çəkdik, bir otaqda 6-7 adam, havasızlıq... Bütün əsəblərim pozulmuşdu. Buranın havası mənə düşdüyünə görə qalası oldum. Mənə bir otaq verdilər, o vaxtdan da buradayam.

- Bəs qızınız necə oldu?

- Qızım qaldı orada, ailə qurdu. O, çox qeyrətli qız idi. Ona məktəbdə uşaqlar bir dəstə gül də gətirəndə deyirdi ki, aparın ananıza, geri qaytarıb sizə çörək alsın, kim “5” alıb yaxşı oxuyursa, mənə oxşayırsa, o elə mənim hədiyyəmdir... Sonra zəlzələ oldu, ondan qorxu keçirən qızım xəstəliyə düşdü və dünyasını dəyişdi. Özündən sonra 2 uşağı qaldı...

- Qızınız sağ olanda sizinlə əlaqə saxlayırdı?

- Hə, əlbəttə. Əvvəlcə razı olmurdu burada qalmağıma. Amma dedim ki, buranın havası yaxşıdır, mənə yaxşı baxırlar, o da razılaşdı. Amma tez-tez qızım da, uşaqları da yanıma gəlirdilər. Özüm də gedirdim.

- Məktəbdə hansı fənni tədris edirdiniz?

- Mən Füzuli rayonunda 4 illik pedaqoji məktəbi bitirmişəm. O zaman rayonumuz Karyagin adlanırdı. Daha sonra Ağdamda, 1 il Naxçıvanda, sonra Şəkidə oxuyandan sonra diplomumu almışam. İxtisasım fizika-riyaziyyat müəllimi idi. Amma ailə qurandan sonra yoldaşım dedi ki, ibtidai sinif müəlliminin maaşı daha çoxdur, mən də ibtidai sinifdə dərs deməyə başladım.

- Yoldaşınız nə vaxt rəhmətə gedib?

- Yoldaşım müharibə vaxtı rəhmətə getdi. Çox ağır günlər idi, heç yadıma salmaq istəmirəm... Ailəmiz rayonda tanınmış ailə idi. Kimdən soruşsan, Cəmilə kimdi, deyəcək ki, Uzun tapançalı Cəbrayılın nəvəsi. Babamı rayonda hamı tanıyırdı. Müharibə vaxtı babam sovet hökumətinə çoxlu qızıl bağışlamışdı. Mircəfər Bağırov da babama uzun tapança, bir hektar torpaq vermişdi və 3 adam öldürməyə icazə vermişdi.

- Bəs sonra babanız 3 nəfəri öldürdü?

- (gülür)Yox, nə danışırsınız? Babamın heç milçəyi öldürməyə əli gəlməzdi. Hətta babama zarafatla deyirdilər ki, sən kimi istəyirsən öldür, biz durmuşuq arxanda. Deyirdi ki, xeyr, heç kimi öldürmək olmaz, yaşamaq hamının haqqıdır və bu haqqı ona Allah verib.

- Bəs burada necə yaşayırsınız, şəraitdən razısınız?

- Burada hər cür şərait yaradılıb. Yeri də yaxşıdı, şəraiti də. Bizim ayrıca otağımız var. Bizə hətta gəzməyə aparıb-gətirmək üçün ayrıca marşrut da ayrılıb. Gəzməyə də gedirik, restorana da gedirik. Bu yaxınlarda məscidə getmişdik, hamımızı çox yaxşı qarşıladılar. Heç nəyə ehtiyacımız yoxdur. Bekarçılıq olanda şeir də yazıram. Şükür Allaha, Allahdan çox razıyam.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm