• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ana və uşaq ölümləri, çoxalan abortlar, rüşvət alan həkimlər....İlin səhiyyə yekunu

Ana və uşaq ölümləri, çoxalan abortlar, rüşvət alan həkimlər....İlin səhiyyə yekunu

2014-cü ildə bəlkə də, elə bir ay olmadı ki, ana və ya uşaq ölümü olmasın. Əlbəttə, ancaq ana və uşaq ölümü deyil. Azərbaycan səhiyyəsi bu il həkim rüşvətləri, xəstəxanaların bağlanması, həkim istefaları ilə yadda qaldı.

Publika.az ilin səhiyyə yekununda bu il yaşanan əsas problemləri və uğurları işıqlandıracağıq.

Ilk cümlədən də qeyd etdiyimiz kimi bu il səhiyyə ilə bağlı xəbərlər əsasən ana və uşaq ölümləri haqda oldu. Bu ölümlərdə ailə bir, Səhiyyə Nazirliyi başqa söz dedi. Ailələr həkimləri ittiham etdi, həkimlər isə əksini dedi.

Hər bir hadisədən sonra Səhiyyə Nazirliyi açıqlamada ölümlərin Doğuşayardım Komissiyaları tərəfindən araşdırılacağına söz verdi.

Neçə ana öldü?

Səhiyyə nazirinin müavini Elsevər Ağayev mətbuata açıqlamasında bildirib ki, yayılan məlumatların əksinə olaraq Azərbaycanda ana ölümlərinin sayında ildən-ilə azalma müşahidə edilir: &2012-ci ildə ölkədə 34 ana ölümü qeydə alınıb. Ötən il bu rəqəm 25 olmuşdu. Bu ilin 9 ayı ərzində isə 18 ana doğuş zamanı ölüb. Bütün ana ölümləri nazirliyin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılır. Günahı olan şəxslər cəzalandırılır. Ana ölümü olmayan ölkələr yoxdur. Lakin biz bu rəqəmin aşağı olmasına çalışmalıyıq&.

E.Ağayev bununla bağlı əhaliyə həkimə vaxtında müraciət etmələrini, insanların, xüsusən də gənc anaların öz sağlamlığına diqqətlə yanaşmalarını tövsiyə etdi.

Nazir müavini ölümlərin az olduğunu deməklə kifayətlənməyib, Azərbaycan təbii artıma görə Avropa ölkələri arasında birinci yeri tutduğunu bildirdi: “Azərbaycanda artım əmsalı 12, 8-dir. Bu da doğuşların sayının ildən-ilə artdığını göstərir”.

E.Ağayevin açıqlamasından sonra ölkədə 6 ana və uşaq ölümü hadisəsi qeydə alındı. Əlbəttə, bu rəqəmi mətbuata yayılmış xəbərlər əsasında hesablamışıq.

Səhiyyə Nazirliyinin bu ilin 6 ayına olan məlumatına əsasən, ana və uşaq ölümünə görə məsuliyyət daşıyan həkimlərin aqibəti isə belə oldu:

“Bu il doğuş zamanı ana ölümündə səhvi olan 42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub”.

Hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir

Azərbaycanda hamiləliklərin 46 faizi diri doğuşla başa çatıb, 44 faizi isə abortla dayandırılıb.

Bu məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən aparılan tədqiqatda əks olunub. Həmin tədqiqatda qeyd edilir ki, süni abortla dayandırılan hamiləliklərin sayı qadının yaşı və hamiləliklərin sıra nömrəsi artdıqca daha da yüksəlir. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir.

Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. İlk hamiləliklərin yalnız 2 faizi abortla nəticələnir, lakin beşinci və daha sonrakı hamiləliklərdə bu göstərici 83%-ə qalxır. Ailədə olan uşaqların sayı artdıqca abortu həyata keçirən qadınların faizi də çoxalır.

Quba-Xaçmaz və Lənkəran regionlarında bu təcrübə (müvafiq olaraq 44 və 47 faiz) ən aşağı səviyyədədir, lakin Gəncə-Qazax regionunda (62 faiz) ən yüksək səviyyədədir.

Rüşvət alan həkimlər

2014-cü il səhiyyədə yalnız ana ölümləri ilə yadda qalmadı. Əvvəlcə, Sabirabad Rayon Perinetal Mərkəzində çəkilən video sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrildi. Videoda Mərkəzin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət tələb etməsi aydın görünürdü. Lakin xəstəxana rəhbərliyi bu videonun montaj olduğunu bəyan etməklə, Səhiyyə Nazirliyi məsələnin araşdırılacağına söz verməklə kifayətləndi.

İkinci video qalmaqalı 1 saylı Kliniki Tibbi Mərkəzində (Semaşko) baş verdi. Rentgen müayinəsi zamanı rüşvət alan həkimin görüntüləri mətbuatda müzakirə mövzusuna çevrildi. Nazirlik yenə də məsələnin araşdırılacağına söz verdi.

70-ə qədər tibb işçisi cəzalandırılıb və işdən azad edilib

Nazirinin müavini Elsevər Ağayev isə açıqlamasında pasiyentlərin müayinə və müalicəsi zamanı tibb işçiləri tərəfindən neqativ hallara yol verildiyinin istisna olunmadığını bildirdi.

“Tibb işçilərinin pasiyentlərdən pul tələb etmələri halları da baş verir və nazirlik belə hallara qarşı sərt tədbirlər görür. Hər yerdə olduğu kimi, Azərbaycanda da həkimə bəxşiş vermək istəyirlər. Çox hallarda tibb işçiləri, həkimlərin özləri də bunu istəyirlər, bəzən isə hətta xəstələrdən qanunsuz olaraq pul tələb edirlər. Ötən il yol verilən belə ciddi nöqsanlara görə 70-ə qədər tibb işçisi cəzalandırılıb və işdən azad edilib”.

Klinikalar bağlandı

Bu il həm də bir neçə özəl tibb məntəqəsi üçün uğursuz il hesab edilə bilər.

“Atlas Medical Center”də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlandığından fəaliyyəti dayandırıldı.

“Atlas Medical Center”in lisenziyasında nəzərdə tutulmayan - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə nazirliyə siqnal daxil olub. Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmayan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir.

Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.

&Dobromed& klinikasının da lisenziyası əlindən alınıb. Klinikadan verilən açıqlamada fəaliyyətin müvəqqəti bir neçə günlüyə dayandırıldığı bildirildi. Buna səbəb xəstəxananın ginekologiya şöbəsində müəyyən çatışmazlıqlar olub.

İlin ən qalmaqallı səhiyyə hadisəsi Respublika Yanıq Mərkəzi ilə bağlı oldu. Əvvəlcə, mərkəzin həkimləri adından mətbuata göndərilən məktubda şöbə müdiri Vüqar Ələkbərovun tibbi personal və xəstələrdən pul aldığını iddia edilirdi.

Bu iddialara cavab verən V.Ələkbərov isə yazılanların yanlış olduğunu, işində çatışmazlıq aşkarlanan həkimlərin işdən azad edildiyini və onların da məqsədli şəkildə bu cür məlumatlar yaydığını dedi. Qarşılıqlı ittihamlar bir müddət davam etdi. Nəticədə, V.Ələkbərov vəzifəsindən istefa etdi. O, istefa səbəbini Yanıq Mərkəzinin imkanlarının məhdud olması, lazımı dərmanlarla təmin edilməməsi ilə əlaqələndirdi. Səhiyyə Nazirliyi isə bu iddiaları rədd etdi.

Sümük iliyi transplantasiyası

Əlbəttə, il yalnız problemlərlə yadda qalmadı. Yeni xəstəxanalar tikildi, bir neçəsi təmirdən sonra istifadəyə verildi. Hepatit B və C-nin pulsuz müayinəsi həyata keçirildi. İİV-lə bağlı paytaxtda və bölgələrdə müayinələr aparıldı.

Bu il Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları tərəfindən 15 məntəqədə könüllü qanvermə aksiyası keçirildi. 4043 nəfərdən 1060 litr qan toplandı.

“Uşaqların icbari dispanzerizasiyasiyadan keçirilməsinə dair Dövlət Proqramı” əsasında bu il ərzində ölkədə 2 milyondan çox uşaq icbari dispanzerizasiyadan keçirildi.

Azərbaycanda yaradılan Ürək Cərrahiyyə Mərkəzində son 1,5 il ərzində 1200-ə qədər ürək əməliyyatı keçirildi.

Azərbaycanda ilk dəfə sümük iliyinin transplantasiyası həyata keçirildi. Əməliyyat bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin 3 xəstəyə köçürülməsi ilə icra edildi. Gələcəkdə bu cür əməliyyatlar keçirilməsi planlaşdırılır.

Apteklər bağlandı

Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 90 aptekdə yoxlamalar keçirdi. Yoxlamaların 75-i planlı, 15-i isə plandankənar olub. Yoxlamalar nəticəsində ölkə üzrə 13 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlandı və onların fəaliyyəti dayandırıldı. Bu gün ölkədə ümumilikdə 1857 aptek fəaliyyət göstərir. Onların yarısı özəl, yarısı dövlət müəssisələridir

Ebola təhlükəsi

Bu il yalnız Azərbaycanın deyil, dünya səhiyyəsinin əsas probleminə çevrilən Ebola xəstəliyi yayıldı. Dünyada 7 mindən çox insanın ölümünə səbəb olan xəstəliyə yoluxanların sayı 20 mindən çoxdur.

Xəstəliyin Azərbaycanda da yayılma təhlükəsi ilə bağlı xəbərlər yayıldı. Səhiyyə Nazirliyi Azərbaycanda Ebola virusuna qarşı bütün hazırlıq işlərinin görüldüyünü açıqladı. Səhiyyə Naziri xəstəliyin ölkəmizdə yayılma təhlükəsini nəzərə alaraq əmr imzaladı. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda palatalar yaradıldı. Təcili yardım həkimləri xəstəliklə bağlı təlimatlandırıldı.

Növbəti il üçün də vədlər var

Nikahdan əvvəl tibbi müayinən icbariləşməsi və ölkədə icbari tibbi sığortanın tətbiq edilməsi bu ilin ən çox müzakirə olunan məsələlər idi. Bu təkliflərdən biri növbəti ildən xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almağa xidmət edirsə, ikincisi xəstələrin müalicə xərclərinə dəstək məqsədi daşıyır.

Bu gün dövlət tibbi müəssisələri büdcədən maliyyələşir və bunun müqabilində pasientlərə bütün zəruri tibb xidmətləri göstərilməlidir.

Səhiyyə xərcləri artdı

Növbəti ildə problemlərin aradan qaldırılması üçün dövlət büdcəsindən səhiyyəyə 777,6 milyon manat ayrılacaq. Bu məbləğ ötən illə müqayisədə 7,2 faiz çoxdur. Ümumi xərclərin 3,7 faizini təşkil edir. Bunun - 110,09 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanmasına sərf ediləcək. 359 milyon manat isə xəstəxanalara ayrılacaq. Bu istiqamətdə xərclərdə 8,1 milyon manat və ya 2,2 faiz azalma var. Hesablama Palatasının rəyindən məlum olur ki, gələn il &Xəstəxanalar&ın köməkçi bölməsinin səhiyyə xərclərindəki payı ötən illə müqayisədə 51,5 faizdən 46 faizə qədər düşəcək.2014-cü ildə isə səhiyyə sahəsinə 725 milyon manat vəsait ayrılmışdı.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR