• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"ASAN"da evlərə "kupça"nın qiyməti açıqlandı

"ASAN"da evlərə "kupça"nın qiyməti açıqlandı

"Mənzillərə kupça verilməsi prosesinə artıq başlanılıb".

Movqe.az xəbər verir ki, bunu "ASAN" Xidmətin çağrı mərkəzindən də təsdiqləyiblər. Çağrı Mərkəzindən bildiriblər ki, mənzillərin sənədləşdirilməsi üçün rüsum 30 manatdır. Bundan əlavə vətəndaşlar 50 kv metr sahə üçün 12 manat əlavə hər kv metrə görə 20 qəpik xidmət haqqı ödəməlidirlər. Çağrı Mərkəzindən onu da bildiriblər ki, vətəndaşlar ilkin əllərində olan sənədlərlə xidmətə müraciət etməlidirlər. Burada onların sənədlərinə baxış keçiriləcək, əlavə sənəd tələb olunarsa, vətəndaşa məlumat veriləcək. Amma bu yalnız bina evlərinə "kupça" almaq istəyənlər üçündür".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov da jurnalistlərə açıqlamasında artıq xidmət vasitəsilə "kupça"ların verilməsinə başlanıldığını təsdiqləyib. O, bildirib ki, ölkə başçısının verdiyi sərəncam imzalandığı gündəm qüvvəyə minib və icrasına başlanılıb:

"Bildiyiniz kimi ASAN Xidmət Mərkəzlərində dünənə qədər 9 dövlət orqanı tərəfindən 25 xidmət göstərilirdi. Ölkə başçısının fərmanı ilə bu xidmətlərin çərçivəsi genişləndirilib. Bu xidmətlər siyahısına həmçinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən vətəndaşlara təqdim edilən xidmətlərin çərçivəsi genişləndirilidi. Əvvəllər mənzillərə yalnız təkrar çıxarış verilirdi. Artıq ilkin çıxarış da veriləcək. Buna əlavə olaraq fərdi yaşayış evlərinə təkrar çıxarışın verilməsi həyata keçiriləcək. O cümlədən hərbi qeydiyyata düşmə və hərbi qeydiyyatdan çıxma prosedurları da səfərbərlik və hərbi çağırış dövlət xidməti tərəfindən ASAN Xİdmət Mərkəzlərində həyata keçiriləcək. Ölkə başçısının verdiyi sərəncam imzalandığı gündən qüvvəyə minib və icrasına başlanılıb".


İnam Kərimov həmçinin bildirib ki, inzibati cərimələrin ödənilməsi artıq ASAN ödəniş xİdmət ilə həyata keçiriləcək:

"Digər bir yenilik isə elektron xidmətlərlə bağlıdır. Xüsusi ilə inzibati cərimələrin ödənilməsi artıq ASAN ödəniş xİdmət ilə həyata keçiriləcək. Bunun əsas məqsədi inzibati cərimələr barədə vətəndaşların məlumatlandırılmasıdır. O cümlədən inzibati cərimələrin elektron vasitələrlə və mobil vasitə ilə ödənilməsi həyata keçirələcək. Həmçinin ictimai yerlərdə, yanacaq doldurma mərkəzlərində xüsusi terminallar quraşdırılacaq. Vətəndaşlar inzibati cərimələri xüsusi terminallar vasitəsi ilə ödəyə biləcəklər".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR