Baxımsızlıqdan zibilxanaya və xarabalığa çevrilən park - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Baxımsızlıqdan zibilxanaya və xarabalığa çevrilən park - FOTOLAR

Paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri özünü parkların, əyləncə-istirahət komplekslərinin yenidən qurulmasında, müasir tələblərə uyğunlaşdırılmasında, bəzilərinin təmir edilərək sakinlərin istifadəsinə verilməsində də xüsusi olaraq göstərir. İnsanların asudə vaxtlarının səmərəli təşkili, habelə azyaşlıların, uşaq və yeniyetmələrin, gənclərin və təqaüdçülərin istrahəti, əylənmələri üçün bu məkanlar xüsusi əhəmiyyətə malikdir. Suraxanı rayonunda da parklar, əyləncə-istirahət məkanları yenidən qurulur, abadlaşdırılaraq təmir edilir, habelə bir sıra yerlərdə bu qəbildən olan yeni-yeni komplekslər yaradılır. Bu baxımdan rayonun ayrı-ayrı qəsəbələrində həyata keçirilən işlər təqdirəlayiqdir.

Qeyd edək ki, Suraxanı rayonunun iri yaşayış məskənlərindən sayılan Hövsan qəsəbəsində də bir neçə il əvvəl abadlığa və təmirə ehtiyacı olan park müasir tələblərə uyğun qurulub. Elə bu səbəbdəndir ki, həm sakinlər, həm də paytaxtımızın qonaqları hər gün bura üz tuturlar. Amma təəssüf ki, müasir tələblərə uyğunlaşdırılan bu əyləncə-istirahət kompleksindən cəmi bir neçə yüz metr kənarda, qəsəbənin mərkəzi yerlərindən birində başqa bir park baxımsızlıq üzündən sıradan çıxmaqdadır. Cəmi iki il bundan əvvəl qəsəbə sakinlərinin – qocaların, qadınların, uşaqların, yeniyetmə və gənclərin sevimli istirahət yerinə çevrilmiş bu məkanda indi acınacaqlı durum hökm sürür.

Publika.az-ın əməkdaşı antisanitar vəziyyətin hökm sürdüyü parkda müşahidə apararaq bir sıra ürəkağrıdan mənzərələrin şahidi olub.

Mədəniyyət Sarayında mədəniyyətsiz vəziyyət

Cəbrayıl Xanməmmədov 67 ünvanında yerləşən, dağılaraq sıradan çıxan parkın baxımsızlığı elə onun girişindəcə açıq-aydın nəzərə çarpır. Vaxtilə ağ əhənglə ağardılmış, dəmir “reşotka”larla əhatə olunmuş divarlar indi uçub-tökülür. Nəzarətsizlik üzündən kimlərsə parkı dövrələyən divarların “reşotka”larını söküb oğurlayıblar.

Qeyd edək ki, Hövsan Mədəniyyət Sarayı da parkın ərazisində yerləşir. Habelə 30 saylı Suraxanı birinci Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi də burda fəaliyyət göstərir.

Mədəniyyət Sarayından söz düşmüşkən, elə bu bina da olduqca pis, acınacaqlı vəziyyətdədir. Belə ki, Hövsan Mədəniyyət Sarayının qapıları və pəncərə şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. Divarlar rütubətdən nəm çəkdiyindən üzlüklər qopub, tökülüb. Bəzi yerlərdə hətta divarın kərpicləri də çürüyüb. Bu gedişlə bina yaxın vaxtlarda qəzalı vəziyyətə düşə bilər.

Bir zamanlar parka xaricdən gətirilərək əkilmiş ağaclar həm baxımsızlıq, həm də nəzarətsizlik üzündən quruyub sıradan çıxmaqdadır. Ağacların bir qisminin yarpaqları və budaqları nəzarətsizlik üzündən kimlərsə tərəfindən qırılaraq məhv edilir. Parkın ərazisinə atılan sellofan paketlər küləyin təsiri ilə ağacların budaqlarına ilişərək burda acınacaqlı mənzərə yaradıb. İlin isti fəslində vaxtlı-vaxtında suvarılmaması səbəbindən parkın yaşıllıq örtüyü də tədricən sıradan çıxıb, asfalt üzlük çat verməkdədir. Bir zamanlar yaşıllığı ilə göz oxşayan otlar elə yaydaca quruduğundan yer örtüyü çılpaq qalıb. Parkın ərazisindəki kiçik oyun meydançasını dövrələyən dəmir hasarlar da sıradan çıxdığından və mini stadion acınacaqlı duruma düşdüyündən indi heç bir uşaq, məktəbli, yeniyetmə burda oyun oynamır.

Parkda ən acınacaqlı durum attraksionlarla bağlıdır. Buradakı karusellər, yellənçəklər baxımsızlıq və nəzarətsizlik üzündən kimlərsə tərəfindən sındırılaraq istifadəyə yararsız hala salınıb. Naməlum şəxslər bəzi yelləncəkləri aşıraraq ərazini daha da səliqəsiz duruma salıblar. Bir zamanlar əyləncə üçün uzun növbələrin yarandığı uşaq avtomobilləri isə artıq tam yararsız vəziyyətdədir. Hətta uşaq avtomobillərinə nəzarətçi köşkünün qapı və pəncərələri də sındırılıb. Çiliklənmiş şüşə qırıntıları yerə səpələnib, köşkün içinə, eləcə də avtomobil meydançasının daxilinə xeyli zibil atılıb.

Baxımsızlıq və nəzarətsizlik üzündən dağılıb sıradan çıxan parkın oturacaqları da bərbad haldadır. Görünür, dəcəl uşaqlar və ya naməlum şəxslər bu kompleksin “unudulmasının” fərqinə varmaqla skamyaların oturacaqlarını tamamilə sındıraraq yararsız hala salıblar. Parkın ərazisindəki anti-sanitar vəziyyət gündən-günə daha da pisləşir. Belə ki, ətraf ərazidə yaşayan bəzi sakinlər məişət tullantılarını bu istirahət kompleksinin ərazisinə ataraq zibil yığınlarının sayını artırırlar. Artıq parkın bir sıra yerləri zibilxananı xatırladır. Biz hələ ora-bura atılmış plastik qabları demirik.

Baxımsız fəvvarə, nasaz işıq dirəkləri...

Bir zamanlar çoxsaylı sakinlərin istirahət məkanına çevrilmiş parkın dağıdılmış yerləri indi itlərin, pişiklərin məskəninə çevrilib, heyvanlar buralarda yem axtarırlar.

Parkın mərkəzindəki fəvvarənin nasaz vəziyyətdə olması bir yana, artıq onun da içərisi natəmiz vəziyyətdədir. Əvvəllər işıq dirəklərinin dəyişdirildiyi istirahət kompleksinin işıqlandırılması sistemi olduqca bərbad durumdadır. Belə ki, lampaların bir qismi sıradan çıxıb. İsitfadəyə yararlı olan işıq dirəklərinin lampaları isə sutkanın 24 saatı işlək vəziyyətdə olur. Belə ki, biz burda müşahidə aparan vaxt saatın əqrəbləri 14-ü göstərsə də, işıq dirəklərinin lampaları söndürülməmişdi.

Bütün bunlara baxmayaraq, getdikcə böyük zibilxananı xatırladan və xarabalığa çevrilməkdə olan parkın daimi “sakinləri” – ətrafdakı ərazidə yaşayan və asudə vaxtlarını burada keçirən təqaüdçülər, qocalar bu məkanı birdəfəlik atıb getmək istəmir, aidiyyəti qurumlardan parka əvvəlki kimi nəzarət etməyi və kompleksi abadlaşdırmağı xahiş edirlər.

62 yaşlı ağsaqqal Rasim kişi əməkdaşımızla söhbətində Hövsan qəsəbəsinin və Suraxanı rayon rəhbərliyindən baxımsız durumla üzləşən parkı himayəyə götürmələrini, onu təmir etdirərək əvvəlki görkəmini özünə qaytarmasını rica etdi. Bildirdi ki, nə qədər gec deyil, park abadlaşdırılmalı, təmir edilməlidir. Əks təqdirdə, sonra gec olacaq.

Söhbətləşdiyimiz yaşlı adamlar bildirdilər ki, onlar hər gün parkın nisbətən təmiz olan ərazisinə toplaşaraq burada bir araya gəlirlər. İsitrahət məkanının dağıdılmamış hissəsinin dəcəl uşaqlar, tüfeyli gənclər tərəfindən sıradan çıxmasının qarşısını alan da elə təqaüdçülər olublar. Məhz onların burada gəzişmələri, nəzarət etmələri səbəindən parkın bir hissəsindəki oturacaqlar toxunulmamış qalıb. Lakin günün gecə saatları da var axı. Burada nə baş verirsə, günün axşam saatlarında baş verir. Sakinlərin sözlərinə görə, gecələr parkın ərazisinə bəzi tüfeylilər və avaralar toplaşır. Belə nəzarətsiz yer onlar üçün əlverişli məkandır.

Mövzu ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, səylərimiz nəticəsiz qaldı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm