“Özünü dilənçi yerində gördünmü heç?..”
Bizi izləyin

Qırmızı.az

“Özünü dilənçi yerində gördünmü heç?..”

...Dost, özünü dilənçi yerində gördünmü heç? - Əgər görmədinsə, bir gün bir-iki saatlıq bir guşəyə çəkil, seyr et və... özünü bir anlıq onların yerində hiss et, dostum. Dostum, bizim onlarla davranışlarımıza qiymət verməyə çalış – bir az da olsa...

Bir gün ünlü filosof Diogendən soruşurlar: “İnsanlar niyə dilənçilərə sədəqə verirlər, amma filosoflara vermirlər?” Diogen: “Çünki bir gün şikəst, kor, kar ola biləcəklərini düşünürlər, amma filosof ola biləcəkləri ağıllarından keçməz də, ondan” - deyə cavab verir... Demək, neçə yüzillər keçməsinə baxmayaraq, hələ də düşüncələrimizdə bu yöndə o qədər də ciddi dəyişiklik yoxdur. Hələ də insanların əksəriyyəti sevgi, mərhəmət, şəfqət hissi ilə deyil ən yaxşı halda içlərindəki qorxu hissi ilə yardım edərlər onlara...

Əksər hallarda insanların onlarla davranış şəkli o qədər də ağrıdıcı, kobud, acımasızdır ki... Bəzi insanlar “Nəyim var ki, sənə də nə verim?” düşüncəsi ilə (bəzən dodaqaltı, bəzən də açıq şəkildə deyinərək) uzaqlaşarlar. Yaxşı, bəs, gerçəkdən də ona verə biləcək heç bir şeyiniz yox idimi? Sadə bir təbəssümünüz, onu ittiham edən deyil, anlayan bir baxışınız, “necəsən, qardaşım (atam)”, “necəsən, bacım (anam)” deyəcək gücünüz, sözlərinizdəmi yoxuydu?.. Bir gün böyük rus yazıçısı Turgenev soyuq axşamüstülərin birində evinə gedərkən yolda bir dilənçiyə rast gəlir.

Dilənçi ona yaxınlaşıb pul istəyir. Turgenev bütün ciblərini axtarsa da, dilənçiyə verməyə bir quruşunun belə olmadığını görür. Təbii, çox üzülür və tez dilənçinin ona uzatdığı soyuqdan üşümüş əlləri əllərinə alaraq isitməyə başlayar və utanaraq “ Üzr istəyirəm, qardaşım, amma sənə verəcək bir şeyim yoxdur” deyir. Dilənçi “verdiniz, əfəndim – deyir. - “mənə qardaşım dediniz, əllərimi isitdiniz”... Gözəl hikmətdi... Bir qrup insan da var ki, dilənçilərin üzlərinə belə baxmadan bir neçə qəpik tullayıb keçir. O bir neçə qəpiyi də necə verir, sadəcə müşahidə etmək lazımdır... – Sifətindən görünər ki, içindəki hansısa qorxunun təsirindən verir, sevgi, şəfqət və mərhəmətdən deyil... Bir qrupu isə verib dilənçidən bir addım ayrılmamış, bunların əlindən də cana yığıldıq” kimi könülsındırıcı sözlərlə üzaqlaşar... Başqa bir qrup heç önəm belə verməz onların varlığına. Ən yaxşımız isə ən yaxşı halda dilənçinin qarşısına bir neçə qəpik atmaqla və ya tələsik əlinə uzadıb oradan uzaqlaşmaqla bitmiş hesab edərik görəvimizi... Tanrı eşqinə, budurmu gerçəkdən bizim insanlıq görəvimiz?!. Onların qürurlarını, heysiyyatlarını, sınıq qəlblərini, kövrək könüllərini heç yadımıza belə salmarıq, düşünmərik... Nə də olsa, bir neçə qəpik və ya manat yardım edirik...

– Ancaq bu deyil bizim insanlıq görəvimiz, məncə... Əziz dost! Bir neçə saatını ayır və müşahidə et. – Gör, bizim neçəmiz ona yaxınlaşıb nə üçün diləndiyini, dərdinin, üzüntüsünün, probleminin nə olduğunu soruşuruq, ona necə yardım edə biləcəyimizlə maraqlanırıq və yardım etməyə çalışırıq... Gördüklərin səni üzəcək. Həm də düşündürəcək yəqin. Çünki bilirsənmi hər gün o dilənçinin yanından onu dilənməyə vadar edən problemləri, üzüntünü çözə biləcək nə qədər adam keçir... - Bəlkə onlarla... Amma, ancaq və lakin...Etmirik!.. Nədənsə bu barədə düşünmürük... Bəlkə bu barədə daha fərqli düşünək?.. Böyük filosof Sokrat deyərmiş: “Doğru düşünmək insanı doğru davranışa aparır...” Doğru davranışlara... Bu gün buna ehtiyacımız o qədər böyükdür ki...

Qənirə Paşayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm