• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bakınız soyuq, insanlarınız istiqanlıdır” – Hindli musiqiçinin xatirələri FOTO/VİDEO

“Bakınız soyuq, insanlarınız istiqanlıdır” – Hindli musiqiçinin  xatirələri FOTO/VİDEO

Paytaxtımızda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan Hindistan sərgisi Bakı sakinlərinin böyük marağına səbəb oldu.

Elə buna görə idi ki, başa çatması əvvəlcə dekabrın 21-ə planlaşdırılan sərginin müddəti ayın sonlarına qədər artırıldı. Yeri gəlmişkən, bu, 2014-cü ilə Bakıda təşkil olunmuş sayca ikinci sərgi idi. Sentyabrda keçirilmiş birinci sərgiyə Hindistandan olan iş adamları böyük maraq göstərirdilər. Növbəti sərgiyə isə Dehli və digər şəhərlərdən təkcə bu ölkənin iş adamları yox, musiqiçiləri də qatılmışdılar.

Həmin musiqiçilərdən biri həm Hindistanın milli musiqi alətində ifa etməsi, həm milli rəqsi gözəl oynaması, həm də oxumağı ilə diqqətimizi cəlb etdi. Sərginin keçirildiyi ticarət mərkəzinin qarşısında, küçədə hind musiqi alətində ifa edən sənətçi burdan keçən paytaxt sakinlərinin marağına səbəb olmuşdu.

Adı Qalib olan bu hindli Publika.az-ın əməkdaşıyla qısa söhbətində Bakıya heyran qaldığını dedi. Bildirdi ki, o, bura Hindistanın tanınmış korporasiyalarından birinin, nüfuzlu şirkətin təşəbbüsü ilə keçirilən sərgidə iştirak etmək üçün gəlib. Həm mədəni, həm də ticari xarakterli bu sərgiyə ölkəsindən bir neçə sahə üzrə iş adamları, ticrətçilər, musiqiçilər qatılıb: “Musiqiçiyəm, artıq bir neçə ildir həm müğənniliklə, həm də ifa ilə məşğulam. Biz Bakıda olduğumuz müddətdə bu şəhərin insanlarının istiqanlılığına heyran olduq. Paytaxtınız soyuqdur, amma insanlarınız istiqanlı, mehribandır”.

Sərginin müddətinin artırılmasından məmnun qaldığını deyən musiqiçi şəhər sakinlərinin ona xüsusi maraqla yanaşdıqlarını dilə gətirdi: “Görünür, sizdə musiqiçilər ictimai yerlərdə mahnı ifa etmirlər. Çünki mənə xüsusi maraqla yanaşırlar. Onlar dayanıb ifa etdiyim musiqiyə qulaq asır, rəqs edəndə və oxuyanda isə bunu telefona çəkirlər. Bəziləri hətta yaxınlaşıb mənimlə şəkillər də çəkdirirlər”.

Qalib Bakının Hindistanın paytaxtı kimi, insanların hərəkəti baxımından qaynar şəhər olduğunu da vurğuladı: “Mən Dehlidə yaşayıram və işləyirəm. Şəhərimiz sizin Bakı kimi, insanları ilə gur olması baxımından seçilir. Bakı həm gözəl şəhərdir, həm də adama doğma gəlir. Çox gözəl şəhəriniz var. Bakının insanları, küçələri, hər şeyi gözəldir”.

Sərgi vasitəsilə paytaxtımızın sakinlərinin Hindistan məhsulları və mədəniyyəti ilə tanış olduqlarını deyən musiqiçi azərbaycanlıların marağını cəlb etməkdən məmnun qaldığını dedi. Bildirdi ki, o, saatlarla fasiləsiz ifa etməklə yanaşı, rəqs etməyi və oxumağı da bacarır. Özü də canlı şəkildə, fonoqramsız. Qeyd edək ki, musiqiçinin ifasını izlədikdə onun söylədiklərinin həqiqətə uyğun olduğu üzə çıxdı. Səhnəyə hindli xanımla çıxan Qalibin ifalarını izləyən paytaxt sakinləri onun mahnılarını telefonla çəkir, musiqi fasiləsi zamanı isə yaxınlaşıb xatirə fotoları çəkdirirdilər. Qalib fürsətdən istifadə edərək onlara Hindistandan gətirilmiş oyuncaq filləri almağı təklif edirdi. Həmin oyuncaqların qiyməti də münasib idi.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR