Monotonlaşmış günlərimiz
Bizi izləyin

Qırmızı.az

Monotonlaşmış günlərimiz

Çıxıb getməliyəm. Haradasa bir kafe olmalıdır. Götürüb başımı çıxıb getməliyəm. Yəqin həmin kafe yaxınlardadır. Ora gedib bir az başımı qatmalı, bugünkü yorğunluğu üzərimdən kürüyüb atmalıyam. Zatən yaşadığım həyatın oyunları məni əməllicə əldən salıb.

İçəri girəndə xoş bir qoxu məni valeh edir. Kafe seyrəklikdi. Hətta ofisiantlar da məni görəndə laqeyd-laqeyd masalarının kənarından durub əsnəyə-əsnəyə kimin qabağa çıxacağı haqqında sanki bir-biriləri ilə sözləşirlər.

Keçib boş bir masanın arxasında əyləşdim. Amma indi anladım ki, burdan mütləq durub getmək lazımdır. Çünki qarşıda oturan zurnaçalan başını masaya söykəyib yatırdı.

Onu görəndə içimdə anlamını bilmədiyim bir kədər məni boğur, darıxıram. Bəli, çıxıb getmək lazımdır. Elə bu saat, vaxt itirmək olmaz.

- Nə lazımdır, qaqaş? – elə bu vaxt başımın üstündə yeniyetmə bir oğlan peyda olur. Yuxulu olduğu gözündən bəllidir.

- Çay gətir... – çarəsiz dilimi sürüyürəm. O dabanı üstə çönüb gedir.

Zurnaçalanı burda keçən ay görmüşdüm. Özü demişdi ki, bura hərdən bir gəlir. Onda da insaflı, pullu adam çıxarsa bu gün zurnaçalanın bəxti gətirib. “Əvvəllər toya-zada çağırırdılar, indi elə hamı məndən küsüb” – o, həmişə pulsuzluqdan söhbət düşəndə belə deyərdi.

Gecə düşəndə qoca zurna çalmışdı: oynaq bir musiqi kafeni doldurmuşdu. Amma onda mən hiss elədim ki, bu hava çox ağır havadı. Əslində onun çaldığı bu şən hava içindəki ilə tərs mütənasibdir. İnsanın üzündəki halı içindəki ilə bənzər olmaya da bilər.

Mən zurnada ifa olunan musiqiyə qulaq asa-asa fikirləşdim ki, əslində dünyanın hər yerində eyni hava çalınır. Yazılan taleyə hamımız boyun əymişik, ona görə də çalınan hər havaya qol qaldırıb oynayırıq.

İçimizdəki yıxıntıları, boşluqları bununla doldururuq. Özümü guya aldadırıq. Sanki hər şeyin yaxşı olacağını duyurmuşcasına çalınan havaya ən çox pis vəziyyətimizdə oynayırıq. Monotonlaşmış həyatımızda yaşam deyilən bu mənasız aurada özümüzə yol tapırıq və gedirik.

İnsanın özündən qaçma halları burda meydana çıxır. Zurnaçalanda tək yaşayan adamdı, arvadı onu pulsuzluqdan bir başına buraxıb gedib, uşaqlarından da indi heç xəbəri yoxdu.

O zurnasında ifa etdiyi şən melodiyanı həyatında çoxdan haradasa azdırıb. Artıq o səslər yoxa çıxıb. O isə özünü aldatmaq üçün hələ də iyirmi il bundan əvvəlki melidiyanın gəldiyini zənn edir və onu da ifa edir.

Bizim hamımızın eyni havaya qol qaldırmağımız da taleyimizin pərt vəziyyətdə olmadığını göstərmək üçündür.

Çayımı içib onu müşahidə eləyirəm. Görünür onun üstünə yıxılmış yorğunluq hələm-hələm ondan azad olan deyil.

Mən ona baxanda əslində kədərlənmirəm. Yox, acımıram da, yazığım da gəlmir. Əslində hamımız bu günə düşə bilərik.

İnsan yazıldığı tale ilə barışmalıdır. Başqa çarəsi də yoxdur. Jan Pol Sart demiş insan azadlığa məhkumdur.

Necə ki, hava çalınır və sən heç nə hiss etmədən qollarını qaldırıb ortaya girir, sağa-sola dönə-dönə oynayırsansa, eləcə də həyat da bunun kimi bir şey olsa gərək, eyni hərəkətlə də bu dünyanın başına fırlanmalısan, sanki uzaqdan zurnaçalan durub və onun ifa etdiyi melodiya haradansa sənin qulağına xəfif-xəfif gəlib çatır.

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm