Onlara daha çox zaman ayırın…
Bizi izləyin

Qırmızı.az

Onlara daha çox zaman ayırın…

Ötən gün gerçək bir həyat hekayəsi oxudum… Hekayə kiçik olsa da, ağrıdıcı, düşündürücü idi!..

Bəli, bu hekayə çağdaş dünyada artıq bir çox ailələrin acı gerçəkliyi halına gəlib, tanışlıqdan sonra siz də bu fikrə şərik çıxacaqsız – inanıram… Bu hekayə ailələrə, ata-analara həm də bir çağırış olsun gərək!.. Gəlin birlikdə diqqət edək bu hekayəyə: “Adam yorğun-arğın evə döndüyündə 5 yaşındakı oğlu qapının önündə gözləyirdi. Uşaq atasına “Ata, bir saatda nə qədər pul qazanırsan?” deyə soruşur. Zatən, yorğun gələn adam “Bu, səni maraqlandırmaz”, – deyə cavab verir. Bunun ardınca uşaq “Ata, xahiş edirəm, deyəsən, bilmək istəyirəm axı” – deyə israr edir. Adam “Bilmək istəyirsənsə, 20 dollar qazanıram” – deyə cavab verir israrçı oğluna. Uşaq “Mənə 10 dollar borc verərsənmi?” – deyə soruşur. Adam çox hirslənərək “Mənim sənin axmaq oyuncaqlarına və ya bənzər şeylərinə ayıracaq pulum yoxdu. Dərhal otağına get və qapını bağla!” – deyir. Uşaq səssizcə otağına çıxıb qapısını bağlayır. Aradan bir az keçdikdən sonra həmin adam bir az sakitləşir və uşağa pulun nə üçün lazım olduğunu belə soruşmadığını düşünür və öz-özünə sual edir: bəlkə, həqiqətən də önəmli bir şeyə lazımdı?.. Uşağın otağına qalxır.

Yatağında uzanan kədərli və düşüncəli övladına “Al görüm, istədiyin 10 dollar! Sənə az öncə sərt davrandığım üçün çox üzgünəm, amma uzun və yorucu bir gün keçirdim” – deyir. Uşaq sevinclə qışqırır: “Təşəkkür edirəm, ata.” Və yastığının altından digər pulları çıxarıb atasının üzünə baxır və yavaşca sayır. Bunu görən ata hirslənərək “Pulun olduğu halda niyə məndən pul istəyirsən?” – deyə əsəbiləşir. Uşaq pulları atasına uzadaraq “Amma kifayət qədər yox idi. Artıq 20 dollar var! Bir saat mənə ayıra bilərsən?..” – deyir.

Nə qədər ağrıdıcı və düşündürücüdür deyilmi? Əziz valideynlər, uşaqlarınıza daha çox zaman ayırın! Onların gözəl paltarlardan, yeməklərdən, mobil telefondan, bilgisayardan daha çox sizin ilginizə, diqqət-qayğınıza, onlara daha çox zaman ayırmanıza (onlarla bərabər daha çox vaxt keçirməyinizə), onlarla daha çox söhbət etmənizə ehtiyacı var. Təəssüf ki, bu ağrılı və düşündürücü hekayə bu gün bir çox ailələrdə uşaqların acı gerçəkliyidir. Əziz valideynlər, uşaqlarınıza daha çox zaman ayırın!.. Onların hər şeydən daha çox sizə, sizin ilginizə ehtiyacları var! Sabah bəlkə də gec ola bilər…

Qənirə Paşayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm