• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Hepatitli xəstələrə dərmanlar pulsuz veriləcək

Hepatitli xəstələrə dərmanlar pulsuz veriləcək

Səhiyyə Nazirliyində hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya yaradılıb. Bu barədə Publika.az-a komissiyanın üzvü Həqiqət Qədirova məlumat verib.

H.Qədirova xəstələrin düzgün müayinəsi və müalicəsinin təşkili üçün artıq komissiya fəaliyyətə başladığını bildirib:

“Komissiya 1 nömrəli şəhər kliniki xəstəxanasında hepatit şöbəsində yerləşir. Vətəndaşlar həmin şöbədən hansı müayinələrə ehtiyac olması barədə məlumat ala bilərlər. Çünki bu elə bir xəstəlikdir ki, müalicədə dəyişiklik etməyə ehtiyac ola bilər. Xəstələr müayinədən keçib nəticələri ərizə ilə birlikdə həmin komissiyaya təqdim etməlidirlər. Ayda iki dəfə toplanan komissiya həmin müraciətlərə baxır. Onların müayinələrinin nəticələri təhlil edilir. Müalicə tətbiq edilməsinə ehtiyac olanlara rəy verilir. Həmin sənədlər Səhiyyə Nazirliyinə təqdim edilir”.

H.Qədirovanın sözlərinə görə, artıq dekabrın sonundan fəaliyyətə başlayan komissiyaya 200 nəfər müraciət edib, onların 100-ə qədəri müalicə ediləcək.

“Ötən il dekabr ayından müalicəyə ehtiyacı olanlar barədə məlumatlar nazirliyə təqdim edilib və dərmanlar hazırdır. Dərman təminatı ilə bağlı məsələ nazirliyin Tibbi yardımın təşkili şöbəsində həll edilir. Həmin dərmanlar xəstələrə pulsuz veriləcək. Proses bundan sonra da davam etdiriləcək. Müalicəyə ehtiyacı olanlara yardım göstəriləcək. Xəstələrə virus əleyhinə müalicədə istifadə edilən interferon və riberoverin preparatları nazirlik tərəfindən pulsuz veriləcək. Bu, bahalı müalicə hesab edilir. Xəstələr dərmanları yaşadıqları ərazi üzrə xəstəxanalardan götürə bilərlər”.

Qeyd edək ki, ölkəmizdə hepatitlərə yoluxma halları illər üzrə müqayisədə aşağı düşüb. Belə ki, 2010-cü ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olmuşdusa, bu göstərici 2013-cü ildə 524 olub. Bunlardan da 2010-cu ildə Hepatit A 656, B 383, Hepatit C 224 nəfərdə aşkarlanıb. 2013-cü ildə isə hər birində xeyli azalma müşahidə olunub. Belə ki, ümumi aşkarlanmış 524 haldan Hepatit A 150, B 223, Hepatit C isə 151 nəfərdə olub.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR