• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mikayıl Cabbarova adaşından müraciət

Mikayıl Cabbarova adaşından müraciət

Təhsil naziri Mikayıl Cabbarov “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə” əmr imzalayıb.


Publika.az Təhsil Nazirliyinin saytına istinadən məlumat verir ki, əmrə əsasən, 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə əlaqədar nazirliyin tədbirlər planı təsdiq olunub. Tədbirlər planına müvafiq olaraq, 6-20 yanvar tarixlərində ali, ilk peşə və orta ixtisas təhsili, ümumtəhsil, internat məktəbləri və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.


Əməkdar jurnalist Mikayıl Nərimanoğlu adaşı olan nazir Mikayıl Cabbarova müraciət edərək, öz təkliflərini göndərib:


Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarova açıq məktub

Hörmətli nazir,

Hər bir xalqın inkişafında milli dəyərlərə hörmətinin, tarixini bilməsinin və onun daim əziz tutulmasının müstəsna əhəmiyyəti var. Bu mənada "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün qeyd edilməsi barədə" əmrinizi yüksək qiymətləndirirəm. Baxmayaraq ki, əvvəlki illərdə də bu tipli tədbirlər keçirilib, amma vətənimizin azadlığı və müstəqilliyi uğrunda şəhid olan insanların məzarlarının ziyarəti üçün ekskursiyaların təşkil olunması vacib amillərdən biridir. Bir valideyn olaraq övladlarımı mütəmadi olaraq Şəhidlər Xiyabanına aparmışam. Ziyarətdən sonra onların əyani informasiya vasitələrindən kənarda qaldıqlarının şahidi olmuşam və ən müasir tariximizi belə uşaqlara yetərli səviyyədə çatdıra bilmədiyimizə görə təəssüflənmişəm.

Faciələrimizin gənc nəslə yetərli səviyyədə çatdırılması üçün təklif edirəm ki, həmin vaxt tarix dərslərini tarix müəllimləri ilə yanaşı milli qəhrəmanlar, şəhid olan milli qəhrəmanlarımızın övladları, müharibə əlilləri, şəhid valideynləri və hadisələrin canlı iştirakçıları tədris edə. Tam əminliklə bildirirəm ki, onların əyani təəssüratları və dövlət tərəfindən onların igidliyinə verilən qiymət gənc nəslin yaddaşında əbədi olaraq qalacaq. Müstəqilliyimiz və dövlətçiliyimiz uğrunda şəhid olan soydaşlarımızın övladlarının valideynlərinin qəhrəmanlığından qürur duymasını dillərindən eşitmək eyniyaşıdlı məktəblilər üçün də bir örnək olar. Belə olan təqdirdə uşaqlar qəhrəmanlarını canlı görər, onların yadigarlarının səmimi söhbətlərini dinləyər. Bir jurnalist olaraq, övladı şəhid olan valideynlərin bundan necə qürur duyduğunun dəfələrlə şahidi olmuşam. Yaxşı olar ki, məktəblilərə elə imkan yaradılsın ki, onlar müasir tariximizi əyani şahidlərin dillərindən də eşitsin, dövlətin onlara qayğısını əyani görsün.

Bundan əlavə, cəmiyyətin inkişaf tempinə uyğun olaraq məktəblilərin yaşını nəzərə almaqla xüsusi video çarxların da hazırlanmasını məqsədəuyğun hesab edərdim. Ümid edirəm ki, bu və digər yeniliklər etməklə gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsinə, torpağına bağlı olmasına, onun hər qarışı uğrunda mübarizə aparmasına və ölkəmizin daha da qüdrətli dövlətə çevrilməsinə nail ola bilərik. Bu yolda sizə uğurlar arzulayırıq.


Hörmətlə, Mikayıl Nərimanoğlu, Əməkdar jurnalist

Xəbər lenti

DAHA ÇOX XƏBƏR