Qırmızı.az
Zahid Qaralovun vəfatı ilə bağlı nekroloq imzalandı
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir.
Tanınmış ictimai xadim və pedaqoq, Yeni Azərbaycan Partiyası Səbail
rayon təşkilatının sədri, əməkdar müəllim, pedaqoji elmlər doktoru,
professor Zahid İbrahim oğlu Qaralov 2015-ci il yanvarın 7-də
ömrünün 81-ci ilində vəfat etmişdir.
Zahid Qaralov 1934-cü il iyul ayının 10-da Gürcüstanın Dmanisi
rayonundakı Ormeşən kəndində anadan olmuşdur. Orta məktəbi
bitirdikdən sonra o, 1952–1956-cı illərdə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsində ali təhsil
almışdır.
Əmək fəaliyyətinə 1956-cı ildə Gürcüstanın Dmanisi rayonundakı
Ormeşən kəndində orta məktəb direktoru kimi başlayan Zahid Qaralov
1959–1961-ci illərdə Dmanisi rayon komsomol komitəsinin birinci
katibi olmuşdur. O, 1961–1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun əyani aspiranturasında oxumuşdur. Zahid Qaralov
1964–1976-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər
İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri və elmi
işlər üzrə direktor müavini, 1976–1984-cü illərdə isə həmin
institutun direktoru vəzifələrində çalışmışdır. O, 1984–1987-ci
illərdə Azərbaycan Respublikası maarif nazirinin müavini
işləmişdir. Zahid Qaralov 1987-ci ildən 1995-ci ilədək yenidən
Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru
vəzifəsini tutmuşdur.
Respublikanın ictimai-siyasi həyatının fəal iştirakçısı olaraq
Zahid Qaralov 1995–2005-ci illərdə iki çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Tutduğu
vəzifələrdən asılı olmayaraq, o üzərinə düşən bütün işləri
layiqincə yerinə yetirmiş, çalışdığı sahələrdə yüksək təşkilatçılıq
bacarığı ilə seçilərək göstərilən etimadı daim doğrultmuşdur.
Zahid Qaralov 1967-ci ildə namizədlik, 1994-cü ildə doktorluq
dissertasiyalarını müdafiə etmiş və həmin ildə professor elmi adını
almışdır.
Azərbaycanda pedaqogikanın inkişafında Zahid Qaralovun xidmətləri
təqdirə layiqdir. O, təhsil quruculuğu və məktəblilərin
təlim-tərbiyəsi problemlərinə dair sanballı tədqiqatların müəllifi
kimi tanınırdı. Alimin 200-dən çox elmi məqaləsi və 60-dan artıq
monoqrafiyası, dərslik və dərs vəsaiti nəşr olunmuşdur.
Respublikada pedaqogika sahəsində elmi kadrların hazırlanmasında
Zahid Qaralovun böyük əməyi vardır. Onun rəhbərliyi altında onlarla
tədqiqatçı dissertasiya müdafiə etmişdir. Alimin ölkəmizdə və onun
hüdudlarından kənarda pedaqogikanın aktual problemlərinə həsr
olunmuş müxtəlif elmi simpozium və konfranslardakı çıxışları
mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.
Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralov 1990-cı
illərin əvvəllərində ölkədə baş verən mürəkkəb siyasi proseslərə
münasibətdə milli mənafelərə sadiq qalaraq yüksək obyektivlik
nümayiş etdirmişdir.
Zahid Qaralovun elmi və ictimai fəaliyyəti layiqincə
qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən
müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət”
və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi və xeyirxah insan
Zahid İbrahim oğlu Qaralovun xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Elçin Əfəndiyev
Əli Həsənov
Əli Əhmədov
Akif Əlizadə
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Mikayıl Cabbarov
Yəhya Kərimov
Əjdər Ağayev
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı