• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qəsəbə sakinləri marşruta həsrət qalıblar - FOTOLAR

Qəsəbə sakinləri marşruta həsrət qalıblar - FOTOLAR

Sabunçu rayonu Sabunçu qəsəbəsinin sakinləri şaxtalı havada marşrut üzünə həsrət qalıblar.

Bu barədə Publika.az-a qəsəbə sakinləri məlumat veriblər.

Şikayətçilərin sözlərinə görə, qəsəbə sakinləri hər gün Dəmiryol vağzalından 155 nömrəli məktəbin yaxınlığına qədər olan 2-3 kilometr məsafəni piyada getməli olurlar.

“İndi qarlı və şaxtalı hava vəziyyəti bir az da çətinləşdirib. Yollarda marşrutun olmaması bir dərddirsə, palçıq və gölməçələrlə dolu bərbad yollar da bir başqa dərddir. Valideynlər məcburdurlar ki, bu soyuqda uşaqlarını darta-darta məktəbə aparsınlar. Uşaqla da bərbad yolu getmək mümkün olmadığından, bütün qazancları taksilərə gedir”.

Qəsəbə sakini Sara Rəhimovanın sözlərinə görə, soyuq havalarda belə böyük məsafəni piyada getmək səbəbindən səhhətində ciddi problemlər yaranıb: “Yaşlı adamam, həm də şəkər xəstəsiyəm. İşə gedib çatana qədər zülm çəkirəm. Burada işə gedən yaşlı insanlar var, poliklinikaya gedən xəstələr var. Hamı mənim kimi bu keçilməz yollardan istifadə etməli olur”

Qəsəbə sakini Xəyalə Hüseynovanın sözlərinə görə, yolun uzaqlığına görə uşağını bağçaya da qoya bilməyib: “ Oğlum "qlomerulonefrit" xəstəsidir bu səbəbdən ona soyuq olmaz. Uşağı məktəbə məcburiyyət qarşısında taksi ilə aparası olacağam və bu maddi çətinlik yaratdığı üçün mümkün olmayacaq. Sırf bu səbəbdən uşağı bağçaya da qoya bilmədim".

Elnarə Kərimovanın bildirdiyinə görə, həyat yoldaşının ayaqlarında problem olduğundan piyada yol gedə bilmir: “Səhhətimlə bağlı olaraq daim müalicələrdəyəm. İşə çatmaq üçün bu soyuqda 62 nömrəli marşrutun dayanacağına qədər ayaqla gedəsi oluram. Yoldaşımın ayaqlarında problem olduğu üçün ayaqla gedə bilmir. Aldığı məvacib də taksiyə gedir. Heç olmasa 5-10 dəqiqədən bir marşrut olsa və yollar düzəlsə, biz də ağ günə çıxardıq”.

Sakinlər deyir ki, qəsəbədə növbəli işdə işləyənlər, xüsusən də qadınlar axşam saat 7-də işdən çıxaraq yolu piyada qorxa-qorxa gəlirlər. Uşaqları poliklinikadan peyvəndə çağırsalar da, elə bu yollar səbəbindən vaxtlı-vaxtında peyvəndə apara bilmirlər. Hətta sakinlərin sözlərinə görə, valideynlər dəfələrlə uşaq arabalarıyla birlikdə palçığa yıxılıblar. Bəzən bu səbəbdən peyvəndlər də edilməmiş qalır.

Qeyd edək ki, əvvəllər bu əraziyə 62 T və 93 saylı marşrutlar 20-30 dəqiqədən bir olsa da işləyib. 3 il əvvəl yolların bərbad olması səbəbindən sürücülər qəsəbəyə gəlməkdən imtina ediblər. Sakinlərin sözlərinə görə, dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə və Nəqliyyat Nazirliyinə yazılı şəkildə müraciət etsələr də, müraciətlərinə cavab verən tapılmayıb.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR