• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Üzünüzü Xəzərə çevirin - Suyun azalması ilə gələn təhlükələr - SOS

Üzünüzü Xəzərə çevirin - Suyun azalması ilə gələn təhlükələr - SOS

Xəzərin suyu ildən-ilə azalır. Alimlər həyəcan təbili çalır. Son dörd il ərzində Xəzər dənizinin səviyyəsi 28 metr düşüb. Bu, 1970-ci ildəki səviyyəyə yaxındır. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun alimlərinin apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər.

Alimlərin hesablamalarına görə, sonuncu dəfə suyun bu qədər azalması ötən əsrin 70-ci illərində müşahidə edilib.

O zaman Xəzərin səviyyəsi 28 m, 1978-ci ildə isə 1 metrə kimi də düşərək 29 metr olub. Sonradan səviyyə qalxmağa doğru gedib. Lakin son 4 ildə səviyyədə yenidən azalma müşahidə edilir.

Lakin adi azalma kimi görünən bu proses ciddi ekoloji problemlərə səbəb ola bilər. Qonşu İranda Urmiya gölünün quruması və onun yarada biləcəyi ekoloji problemlər ölkə mətbuatının əsas mövzusuna çevrilmişdi. Düzdür, hələ ki, Xəzər üçün belə təhlükəli durum gündəmdə deyil. Lakin prosesin bu cür davam etməsi təhlükənin qaçılmaz olduğunu göstərir.

Bəs Xəzərin suyunun azalması hansı problemlərə səbəb ola bilər?

Publika.az-ın “Qırmızı xətt” layihəsində alimlərin həyəcan təbili çaldığı azalmanın nəticələrini araşdıracağıq.

İqtisadiyyat zərər görəcək?

Coğrafiya institutunun Xəzər problemləri şöbəsinin aparıcı elmi işçisi Vaqif Allahverdiyev Xəzərin səviyyə tərəddüdünün həm Günəşdəki aktivlik, həm də yağıntıların azalması ilə əlaqədar olduğunu deyir. Volqa çayının suyu 300 kub-kilometrdən 200 kub-kilometrə düşüb. Bir müddət əvvəl çayda gəmilərin hərəkəti çətinləşmişdi. V.Allahverdiyevin sözlərinə görə, dənizin suyunun azalması neftin daşınmasından başlayaraq, balıqçılığa qədər müxtəlif sahələrə iqtisadi baxımdan təsir edəcək:

“Suyun artıb-azalması daha çox gəmiçiliyə təsir edəcək. Çünki hidrotexniki qurğular tikiləndə suyun səviyyəsi -28 metrdə hesablanır. Suyun səviyyəsi qalxanda estakada su altında qalır, əksinə, azalanda hidrotexniki qurğular sahilə yan ala bilmir.

Suyun çəkilməsi sahil boyunca quru ərazilərin artmasına səbəb olur. Külək də həmin duzları ətrafa yayır. Azalma dəniz heyvanlarının qidalanmasına mənfi təsir edir, nəticədə, iqtisadiyyat zərər görür. Məlumdur ki, heyvanlar kürünü şirin, təmiz sularda tökür. Səviyyə azalanda çayın dənizə töküldüyü hissədə su iki istiqamətə ayrılır, balıqların kürütökmə problemi yaranır, bu da nəsil artımına mane olur. Su azaldıqca çirklənmə də artır, dənizin özünü təmizləmə prosesi ləng gedir”.

Onun sözlərinə görə, Xəzərin suyunun azalması sahil boyu tikililərin artmasına səbəb olur.

“İndi Xəzərin sahil zolağında Sumqayıtdan başlayaraq, xüsusi evlər, istirahət mərkəzləri tikilib. Suyun səviyyəsini H.Z.Tağıyev qəsəbəsi, ya da Ələt istiqamətində öyrənə bilirik. Lakin suyun sonradan artması həmin tikililərə problem yaradacaq”.

Xəzərin suyunun qurumasının qarşısını almaq üçün tədbirlərin görülməsinə gəldikdə, V.Allahverdiyev bunun effektli olmadığını deyir.

“Sovet dövründə Xəzəri qorumaq üçün Qaraboğaz-Qol körfəzinə axan suyun qarşısını almaq üçün bənd tikdilər. Lakin sonra suyun səviyyəsi qalxdı, həmin bəndləri dağıtdı. SSRİ həmin bəndlər üçün 2 milyard dollardan çox pul ayırmışdı. Xəzərdə 30, 70, 110 illik səviyyə tərəddüdü var. Bu proses zaman-zaman müşahidə edilən, qarşısı alınmaz prosesdir”.

Dənizdə balıqlar azalacaq

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ilk növbədə Xəzər dənizinin suyunun artıb-azalmasının bu vaxta qədər dəqiq müəyyən edilmədiyini deyir. Onun sözlərinə görə, bu prosesi yalnız yağıntılarla əlaqələndirmək düzgün deyil.

“Xəzərin dibində neft hasilatı ilə məşğul olan şirkətlər neft çıxardıqca, həmin ərazilərdə boşluq yaranır. Xəzərə daxil olan yeraltı, lay sularının istiqamətinin dəyişməsi nəzərə alınmalıdır. Xəzərin səviyyəsi 25 mm artır, 325 mm buxarlanır. Bu, suyun azalmasının iqlimdən də asılı olduğunu göstərir.

Dövlət Xəzərdəki çəkilmələrin səbəbinin, geoloji, tektonik vəziyyətin araşdırılması ilə bağlı vəsait ayırmalıdır. Elmi cəhətdən araşdırma aparılmaması ciddi problemlərə səbəb ola bilər. Fikrimcə, Xəzərin suyunun artıb-azalması Sakit okeanla birbaşa əlaqəlidir. Təkcə Xəzər deyil, Atlantik okeanda, digər sularda baş verən dəyişikliklərə məhz həmin okean təsir edir”.

T.Zeynalov azalmanın ekoloji duruma təsirindən də danışıb:

“Suyun azalması həmin ərazilərin boş qalması deməkdir. Həmin sahələrdə obyektlər, zavodlar tikiləcək, 15-20 ildən sonra suyun səviyyəsinin yenidən qalxması onların suyun altında qalmasına səbəb olacaq. Bir sözlə, bu, düşünülməmiş addım olacaq. Bundan əvvəlki çəkilmədə də belə olmuşdu. Neftçala balıq zavodu suyun altında qalmışdı. Plansız tikililər iqtisadi problemə səbəb olacaq. Ən ciddi zərər Xəzərin flora, faunasına dəyəcək. Suyun səviyyəsinin aşağı düşməsi, Xəzərin ortasında və şimal hissəsindədəki balıqların İran istiqamətinə axın etməsinə səbəb olacaq. Çünki İranda Xəzərin dərinliyi 1200 metrdir. Bu azalmadan İrandan başqa, Xəzəryanı ölkələrin hamısı zərər görəcək”.

Suyun 1 metr azalması 30-35% itki deməkdir

Sosial Ekoloji Treninq Mərkəzinin sədri Fikrət Cəfərovun Xəzərin suyun azalması fikirləri ilə tam razılaşmır. O, fikrini ötən il güclü yağıntıların çox olması və bu il üçün də güclü qar proqnozu ilə əlaqələndirir:

“Qışda Xəzərin səviyyəsinin enməsi alışılan durumdur. Çünki Xəzərin şimalında buzlaşma olması suyun səviyyəsinə təsir edir. Lakin azalmanın bu qədər çox olduğunu düşünmürəm.Volqanın suyunun azalması onun kanalizasiya çayına çevrilməsidir. Lakin Xəzərin belə bir problemi olduğunu düşünmürəm”.

F.Cəfərov suyun azalması ilə razılaşmasa da, onun doğura biləcəyi fəsadlardan danışıb. Onun sözlərinə görə, suyun azalması həm Xəzərdə yaşayan canlılar, həm də onun sahilindəkilər üçün əlverişsiz vəziyyət yaradacaq:

“Cənub Xəzər dərin dəniz sayılır, burada 1 metr azalma böyük təsir göstərməyəcək. Şimali Xəzərdə azalmanın təsiri hiss olunacaq. Çünki həmin zonada dərinlik ümumi 12 metr, bəzi ərazilərdə 1-1.5 metr olur. Nəticədə, həmin ərazilər qumluğa çevriləcək. Səviyyənin 1 metr aşağı düşməsi belə, onun sahilindəki Qızılağac dövlət qoruğuna təsir edəcək. Qızılağac qoruğunun Böyük hövzəsi birbaşa dənizlə əlaqəlidir. Sahil yerləri quşlarla zəngindir. Suyun bir metr azalması qoruğun sahəsinin təxminən 30-35 % azalmasına səbəb olacaq, dağlıq ərazilər də qurumağa başlayacaq. Bu da köçəri quşların həmin ərazidə qalmasına mənfi təsir edəcək. Bu proses qoruğun məhv olması deməkdir”.

Xəzərdəki layihələrə təhlükə altında

F.Cəfərovun sözlərinə görə, suyun azalmasını Xəzərdə tikilən dəniz limanının da işində hiss olunacaq:

“Səviyyə aşağı düşdükcə, həmin ərazidə gəmilərin saxlanması üçün əlavə xərclər lazım olacaq. İkinci böyük layihə "Xəzər adaları" layihəsidir ki, onlar da bugünkü səviyyəyə uyğun tikilir. Səviyyənin aşağı düşməsi onlara da təsir göstərəcək. Bu prosesdən kənd təsərrüfatı və turizm təsir göstərməyəcək. Çünki sahil boyu əkin sahələri yoxdur və çimərliklərin ərazisi, əksinə, genişlənmiş olacaq”.

F.Cəfərov problemin qarşısını almağın mümkün olmadığını deyir. Onun fikrincə, bəzən qabaqlayıcı tədbir görmək əks-effekt verə bilir. Necə ki, Pakistan sahillərində suyun qalxması ilə əlaqədar sahil boyu 60 metr dərinliyində dambalar tikilmişdi. Dambaların içərisində bataqlıq yaranmışdı. Bu da min hektarlarla ərazinin məhvinə səbəb oldu.

Məsafə azalıb

Xəzərin suyunun azalması müxtəlif dövrlərdə müşahidə edilib. Hər dəfə bu proses Xəzərətrafı ərazilərdə aparılan tikinti işləri ilə də yadda qalır. Sonradan su səviyyəsinin qalxması həmin tikintilərin su altında qalmasına səbəb olur. Nəticədə, onlara icazə verən qurumlar tikililərin qanunsuz olduğunu deyərək məsuliyyətdən boyun qaçırır.

Torpaq Məcəlləsinə edilən son dəyişikliklə sahil boyu tikintilərlə sahil zolağı arasındakı məsafə azaldılaraq 20-50 metr müəyyən olunub.

Məcəllənin tələbinə görə, tikinti aparılarkən, Xəzər dənizinin (gölünün) qalxması və enməsi ilə əlaqədar subasma zonalarının nəzərə alınmalıdır.

Məcəllədə qeyd olunur ki, Xəzərin su səviyyəsinin dəyişməsi səbəblərinin elmi əsası dəqiq müəyyən olunmadığından onun dəyişməsi həddi də dəqiq müəyyən edilməmişdir. Bu səbəbdən səviyyənin tərəddüdünün son 100 il ərzində maksimum həddini müəyyən edərək, həmin subasma horizontı zonasına böyük kapital qoyuluşu tələb edən yaşayış, ictimai, sənaye obyektlərinin tikilməsi qadağan edilməlidir. Əgər belə qurğuların tikilməsi vacibdirsə, yaxud dənizlə əlaqədardırsa, onların tikintisində müəyyən olunmuş subasma izometriya xəttinin maksimum subasma hündürlüyü nəzərə alınmalıdır”.

Tikinti normaları gözlənilmir

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən bildiriblər ki, sahil boyu tikintiyə icazə verilməsi zonalardan asılıdır. Komitənin şöbə müdiri Ramazan Əliyev bildirib ki, sürüşmə, suyun artıb-azalması da nəzərə alınmalıdır. Xəzər yanında, qorunma, mühafizə və sanitar zolağı müəyyən ediləndən sonra bələdiyyələr tərəfindən torpağın satılmasına icazə verilir.

“Əvvəl tikinti məsafəsi 80-150 metr idi, sonuncu dəyişiklikdən sonra 20-50 metr müəyyən edilib. Bu ərazilər dövlət fondu torpaqları sayılır. Həmin ərazilərdə tikinti işləri aparılanda Nazirlər Kabineti ilə razılaşdırılmalıdır. Hazırda həmin normaların gözlənilmədiyini müşahidə edirik. Bir çox hallarda məsələ araşdırılarkən, İcra Hakimiyyəti ilə razılaşmada göstəriləndən fərqli tikintilər aparıldığı müəyyən edilir. Bəzən nəinki 20 metr, az qala dənizin içində də tikinti aparılır. Lakin həmin işlərə biz müdaxilə edə bilmirik”.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR