Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Bizi izləyin

Qırmızı.az

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. “Milli Məclisin ağlamalı gülməcələri” adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir.

GÜC NÜMAYİŞİ

Böyük Britaniya səfərindən qayıdanda gəncəli deputat Şamil Yusifovla belə qərara gəldik ki, Amsterdamdakı qısa dayanacaq vaxtı aeroportun dükanına dəyək. Şamil bəy də, sağ olsun, çamadanlarını yükdaşımaya verməmişdi ki, bəs kasıbın malı göz qabağında gərək. Vaxt az olduğuna görə təyyarədən düşən kimi Şamil bəyin çamadanlarını yük arabasına qalaqlayıb cumduq dükana tərəf. Qabağımıza bir topa adam çıxdı. Arabanı sürən Şamil bəy qorxdu ki, bunları əzə və ingiliscəsi “bir az” zəif olduğuna görə, “kənara çəkilin” yerinə “Bİ-Bİİ-İP” deyə möhkəm bir siqnal verdi. Qabaqdakı oğlan diksindi və kənara tullanıb birtəhər canını qurtardı. Bir az getdikdən sonra yenə də “probkaya” düşdük və bu dəfə bayaqkı oğlan arxadan yaxınlaşıb, “Bİ-BAA-Bİ-BAA” deyə sirena verdi. Həmkarımın yoldan çəkildiyini görüb dedim:

- Şamil, nəbadə yoldan çıxasan.

- Bıy, dili bilmirəm-bilmirəm, yəni qulturam da çatmıyajax kın, tələsənə yol verim?

- Məsələ mədəniyyətdə deyil e, prinsipdədi. Deputat yazığın ayrı şeyə gücü çatmasa da, heç olmasa, QAİ-dən qorxmamağa nə söz?

- Vallah, düz deyirsən, QAYİ döyüsə, adam kimi siqnal versin dana...

DİL BİLSƏYDİK, VURARDIQ

Milli Məclisin Misirə rəsmi səfərə gedən nümayəndə heyəti təyyarəyə minər-minməz qəşəng-qəşəng qızlar başlayırlar sərnişinlərə sərinləşdirici içkilər paylamağa.

Mikayıl Mirzə yanında oturan Məzdək Hüseynova müraciətlə:

- Sudan bir şey çıxmaz. İngiliscə arağa nə deyirlər?

- Allah bilir.

Mikayıl Mirzə dərin fikirlərə qərq olub yarım saat susduqdan sonra gur səsilə başlayır:

- Ədnəm nadnuncəm nuzüf kilqişa ıdadetsi rav...

- Bu nə deməkdir, a Mikayıl, farscadır?

- A kişi, yox e, qarğa dilindədir, yəni sözlər tərsinə deyilir, yəni mən əslində dedim ki, məndə Məcnundan füzun aşiqlik istedadı var.

- Həə, bunu belə de da bə.

- Deyirəm, yəni mənim günümə bax da, cild-cild şeirlər əzbərləmişəm, yeri gələndə onları qarğa dilində də deyə bilirəm, amma iki ingilis kəlməsi öyrənməmişəm ki, indi bir şüşə araq istəyim, adama iyirmi qram vuraq.

AĞZIYIRTIQ MÜXALİFƏT

Məmməd Məmmədov Milli Məclisin iclasında pensiyalarla bağlı qanun layihəsi təqdim edirdi. Sual-cavab hissəsində Etibar Məmmədov soruşdu:

- Məmməd müəllim, konkret deyin görək, pensiyalar niyə aylarla verilimir?

- Kankreti budu ki, büdcə boşdu dana, ona görə.

- Bəs srağagün maliyyə naziri televiziya ilə deyirdi ki, büdcə doludur?

- Ə deyirdi deyirdi dana,- və üzünü YAP-çı deputatlara çevirdi,- bu müxalifətin yanında söz deyiləsi döyül ha. Elə bilginən, ağızdarı yırtıxdı, o saat açıb-ağardıllar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm